Müşfiqin Xızıdakı ev muzeyinin də taleyi bəlalıdır
Bu günlərdə tanınmış alim, filologiya üzrə fəlsəfə doktoru, publisist Firudin Qurbansoy böyük şairimiz Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndində yerləşən ev muzeyinin ötən ilin yayında Tuğ çayının daşması nəticəsində bərbad vəziyyətə düşməsi ilə bağlı tənqidi qeydlərini redaksiyamıza göndərib. Orada yazılır:
“Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatında tutduğu yüksək mövqe haqqında danışmağa, düşünürəm ki, ehtiyac yoxdur. O, hər bir azərbaycanlının ürəyində yaşayan böyük söz ustadlarının sırasında yaşamaqdadır. Bu sevginin nəticəsidir ki, böyük şairimizin həyat və yaradıcılığı ilə bağlı elmi və bədii əsərlər ərsəyə gəlib, adını əbədiləşdirmək üçün büstləri qoyulub, Müşfiqabad qəsəbəsi, Mikayıl Müşfiq küçələri var. O cümlədən Xızı bölgəsinin boş qalmış Sayadlar (Səyyadlar) kəndindəki köhnə oba yerində müşfiqsevərlər 1988-ci ildə “Müşfiq ocağı” adında kiçik birotaqlı ev tikdilər. M.Müşfiqin 80 illiyi ərəfəsində bu, şairə son dərəcə kövrək bir məhəbbət nümunəsi idi.
2001-ci ildə Müşfiq ocağının ətrafında abadlıq işləri aparıldı, ictimai əsaslarla “Xatirə muzeyi” yaradıldı. Şairin doğum və anım günləri – 5 iyun və 6 yanvar tarixlərində ölkənin sayılıb -seçilən qələm sahibləri, alimlər buranı ziyarət etməyə başladılar. Həmin obyekt 2004-cü ildə o vaxtkı nazir Polad Bülbüloğlunun sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verildi. Muzeyin qarşısında elin köməyilə şairin tuncdan tökülmüş büstü qoyuldu. Repressiyaya uğramış böyük şairlərimiz Hüseyn Cavid və Əhməd Cavadın rəsmləri çəkilmiş lövhə bu məkanın siqlətini daha da artırdı.
Nakam şairin “Oxu tar!” şeirinə illüstrasıya olaraq, muzeylə üzbəüz dağın yamacında Azərbaycan tarına abidə qoyuldu. Muzeyin çevrəsində ağaclar və güllər əkildi, zəvvarların dincəlməsi üçün söhbətgah quruldu. Onu da xatırladaq ki, bu, Müşfiqin adı ilə bağlı yeganə muzeydir. Muzeyə gediş-gəlişi asanlaşdırmaq üçün qarşıdan axan Tuğ çayının üstündən kiçicik körpü salındı.
Muzey binasının yenidən qurulmağa böyük ehtiyacı olmasına baxmayaraq, rayon rəhbərliyi daşın üstünə daş belə qoymağa cəhd etmədi. Müşfiqsevərlər və muzey əməkdaşlarının səylərilə qarşıya çıxan çətinliklərin öhdəsindən gəlindi. Həqiqətən, çox işlər görüldü. Müşfiqşünas rəhmətlik Xalq şairimiz Gülhüseyn Hüseynoğlunun oğlu Toğrul Abdullayev büstün ətrafındakı plitə örtüyü şəxsi vəsaiti hesabına yenilədi.
Təəssüf ki, 2023-cü il avqustun 23-də muzeyin qarşısından keçən Tuğ çayı birdən-birə aşıb-daşaraq körpünün dayaqlarını qoynuna alaraq 10 metr aşağı aparıb atdı. Bir anın içində büstə qədər olan məsafədə bütün tikililər selin qurbanı oldu. Yeddinci aydır ki, bu gözlənilməz təbiət hadisəsi baş verib. Amma nə Xızı Rayon İcra Hakimiyyətinin, nə də Mədəniyyət Nazirliyinin rəhbərliyi bu istiqamətdə heç bir iş görməyib. Ən azı körpünü yerinə qoyub bərkitmə işləri icra oluna bilərdi, mən hələ muzeyin vəziyyətini yaxşılaşdırmaq üçün əlavə tədbirlərin görülməsinin vacibliyini demirəm. Hazırda hər iki qurum özünü görməməzliyə vurub.
Adətən, sısqa axan Tuğ çayı hər 20 – 25 ildən bir böyük təlatümlə sellənir. Xatırladaq ki, “Ədəbiyyat qəzeti”nin 2 fevral 2001-ci il tarixli sayında Xalq şairi Nəbi Xəzri həmin hadisə ilə bağlı “Müşfiq evi” adlı şeirini çap etdirib. Şeir belə bir qeydlə başlayır: “Payız vaxtı dağlar qoynunda Müşfiq evinə gedən körpünü sellərin uçurduğunu gördüm”.
Əziz Müşfiqimi
Bu doğma dağdan
Dünən qanlı-qanlı əllər ayırdı.
Bu gün bura gələn dostdan, qonaqdan
Çağlayan dalğalar, sellər ayırdı.
Qumral saçlarını
Daradı külək,
Xoşbəxtlik gəzərkən dərd çəkdi burda.
... Qəbrin yox, qəbrinə səcdəyə gələk
El sənə kiçicik ev tikdi burda.
İnamı məhəbbət,
Andı həqiqət,
Onun nə dəhşətli taleyi vardı.
Zəngin saraylara sığmayan şöhrət
Bu kiçik komaya necə sığardı?
O ilham dağında
Zirvəyə çatdı,
Vətən səcdə qıldı məğrur sözünə.
O, min-min ürəyə körpülər saldı,
Təbiət qəsd etdi son körpüsünə.
Ev də yetim qaldı
Sahibi kimi,
Durdu yerin-göyün
Qalibi kimi.
Burdadır məhəbbət,
Hörmət yolları,
Yenə görüşərik yaz səhərində.
Gələr dəstə-dəstə el oğulları,
Saxlayar körpünü çiyinlərində.
Şairin bu sözü vaxtında ünvanına çatdı, “dəstə-dəstə el oğulları” körpünü yenidən qurdular.
Amma bu gün Xızı rayonunun rəhbərliyi Müşfiqin bərbad günə düşən ev muzeyinin vəziyyətinə acımır və bu istiqamətdə heç bir iş görmək istəmir. Yeri gəlmişkən, son vaxtlara qədər Xızıda 3 muzey olub; 1959-cu ildə qurulan Cəfər Cabbarlının ev muzeyi, Müşfiqin xatirə muzeyi və 2008-ci ildən fəaliyyət göstərmiş Xızı Rayon Tarix-Diyarşünaslıq Muzeyi. İndi bu rayonda cəmi 2 muzey qalıb.
Səbəbi isə budur ki, 2012 – ci ildən Xızı RİH başçısı vəzifəsində işləyən Xəzər Aslanov öz “missiyasına” Xızı Rayon Tarix – Diyarşünaslıq Muzeyini sökdürməklə başlayıb. Bəli, o, hakimi–mütləq kimi hökmünü göstərmək üçün tez-tez hikkə ilə dediyi “mən bu binanı sökdürəcəyəm” – cümləsini gerçəkləşdirib. Cəmi 4 il əvvəl tikilmiş və hökumət komissiyası tərəfindən qəbul edilən muzeyin, guya yararsız olduğunu bəhanə göstərilərək 2012-ci ildə muzey binası sökdürülüb, 1001 əziyyətlə toplanmış tarixi əhəmiyyətli əşyalar muzeydən pərən-pərən düşüb.
Xızı ziyalıları hələ də başa düşə bilmirlər ki, cənab Xəzər Aslanov Xızı Tarix – Diyarşünaslıq Muzeyindən nə yamanlıq görmüşdür? Fərz edək ki, həqiqətən də, 2012-ci ildə muzey yararsız halda olub, sökülməsindən 12 il sonra belə, yəni Xızıda bu məqsədlə yeni bir bina tikmək olmazdımı? Mədəniyyətimizə, mədəni ocaqlarımıza belə münasibət göstərən icra başçısından Müşfiq muzeyinin abadlığını gözləmək nə dərəcədə doğru olardı?”
PS. Ümid edirik ki, müvafiq qurumlar dəyərli ziyalımız Firudin Qurbansoyun redaksiyaya ünvanladığı müraciətində səsləndirdiyi və hər birimizdə haqlı olaraq ciddi narahatlıq doğuran bu iradlarını mütləq nəzərə alacaq, xalqımızın sevimli, nakam şairinin ruhu dolaşan bu mədəniyyət ocağında tezliklə bərpa-təmir işlərinin aparılmasına göstəriş verəcəklər. Biz isə “Xalq qəzeti” olaraq öz növbəmizdə bu məsələni diqqətdə saxlayacağıq.
Yazını təqdim etdi:
Kəmalə ABDİNOVA
XQ