BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Abdulla Bathilinin istefasını qəbul edib. Məlumatı “Anadolu” verib.
BMT-nin mətbuat xidmətinin məlumatına görə, Quterreş Liviyada sülh və sabitliyin bərpası istiqamətində göstərdiyi səylərə görə Bathiliyə təşəkkür edib. O, BMT-nin bu ölkədə siyasi prosesləri dəstəkləməyə davam etmək əzmində olduğunu vurğulayıb.
Bir gün əvvəl Bathili BMT-nin mənzil-qərargahında jurnalistlərə bildirib ki, son aylarda Liviyada vəziyyət daha da pisləşib. Xüsusi nümayəndə bu tendensiyanın iki əsas səbəbini göstərib: Liviya tərəflərinin status-kvonu saxlamaq istəyi, həmçinin, regional və beynəlxalq dinamika: “Liviya indi müharibə zonasına çevrilib və suverenliyini itirmək yolundadır”.
Bathili BMT-nin indiki şəraitdə problemin həlli istiqamətində uğurlu işləyə bilməyəcəyini qeyd edərək, istefa ərizəsi ilə bağlı qərar qəbul etdiyini açıqlayıb.
P.ƏMİRCANOV
XQ