Oddan – hərarət, sudan – təravət, torpaqdan səxavət

post-img

Könüllərin bayramı Novruz Azərbaycan xalqının mənəviyyatını və onun uzaq keçmişdən bəri varlığını əks etdirən və bütün dünyaya tanıtdıran qədim el bayramıdır. Sovet dövründə Novruzun qeyd olunmasına qadağalar qoyulsa da, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.

Ulu öndər Azərbaycana rəhbərliyə gəldiyi ilk vaxtlardan sovet hakimiyyətinin qadağa və təzyiqlərinə baxmayaraq, xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi hörmətlə yanaşdı. Novruz bayramının qədim köklərə aid olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daim vurğulayan mummilli lider bu bayramın o vaxt – sovet rəhbərliyinin sərt rejimi dövründə bütün ölkə miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük sevgiylə keçirilməsinə nail oldu. Ulu öndərin sayəsində ölkəmiz müstəqilliyini bərpa edəndən sonra xalqımız öz adətlərinin, milli dəyərlərinin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başladı.

Novruzda təbiətin, həyatın oyanması başlanır. Onun gəlişi 4 həftə əvvəldən – hər həftənin 2-ci günləri – Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi kimi qeyd olunur. Xalqımız bayram süfrəsinə, həmişə olduğu kimi, ciddi diqqət yetirir. Süfrəyə adları “s” hərfilə başlayan yeddi növ nemət düzülür. Süfrədə su, sünbül, sucuq, sarıkök, süd, səməni, səbzə (göyərti pörtləməsi) və s. olur. Həmçinin Xızır Nəbiyə əbədi həyat–dirilik bulağının yerini göstərən balığın şərəfinə, varsa, təzə, yoxsa, quru balığın qoyulması da unudulmur. Bunlardan başqa, masanın üstünə aydınlıq rəmzi–güzgü və od, işıq rəmzi–şamlar, boyanmış yumurtalar qoyulur.

Bayramın ilk günü ailə üzvlərinin evdə olmasını şərt hesab edirlər. Xalq arasında belə deyim var ki, əgər bayram günü evdə olmasan, növbəti 7 ildə də evdə olmayacaq, bayramı başqa qapıda qarşılayacaqsan. İnanca görə, təzə ilin 1-ci günü bütün gecə işıqlar söndürülmür, qapılar bağlanmır. Novruzun ilk gününü – yaz, ikincini – yay, üçüncünü – payız, dördüncü gününü isə – qışa aid hesab edirlər. Həmin 4 gündə də o il fəsillərin necə keçəcəyini müəyyənlşdirirlər.

Bayram axşamı hamı tonqal başına yığılır. Odun üstündən dərd-bəladan, xəstəlikdən azad olunacaqlarına inanıb “Azar-bezarım odda yansın”– deyə tullanmağa növbələşirlər. Qapılara papaq atılır. Uşaqlar papağa qoyulan hər neməti böyük sevinclə aralarında bölür, bir-birilərinə tapmacalar deyirlər. Qızlar bəxtlərini sınamaq üçün müxtəllif fallara baxırlar. Həmin axşam niyyət tutub qapı pusurlar, eşitdikləri sözləri yozurlar. Ona görə də bayram axşamında evlərdə yalnız xoş sözlər danışırlar ki, qapı dinləməyə gələn olsa, peşman qayıtmasın. Nişanlı qızlara xonça aparırlar. Bəzi bölgələrdə xonçada digər hədiyyələrdən, Novruzun vazkeçilməzi–qoğal, paxlava, şəkərbura kimi şirniyyatlardan başqa, ağzına qızıl üzük keçirilmiş balıq da olur.

Bu il bayram tonqallarının işğaldan azad edilən ərazilərdə çatılması, özü də onu məhz ölkə rəhbəri, Ali Baş Komandanın alovlandırması hər birimizin ürəyini qürurla döyündürür. Bu tarixi məqamları bizə yaşadan Rəbbimizə şükürlər olsun. əhidlərimizin ruhuna dualar edir, qazilərimizə can sağlığı arzulayırıq.

Çox sevindirici haldır ki, bu milli və əziz el bayramımız  UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010cu il fevral ayının 23-də BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz günü elan etmişdir. Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilmişdir.

Novruz bayramı, həmçinin xalqımızın milli həmrəyliyinin rəmzi olduğuna görə, onun adət-ənənələri, yaratdığı mədəni sərvətlər də əbədi olaraq bizimlə yaşayacaq. Qoy, Ulu Tanrı bir də ölkəmizin başı üstündə qara yellər əsdirməsin. Ailələr sevinc içində yaşasın, uşaqların gözü gülsün, ruzimiz bol, canımız sağlam olsun!

Hamımızın Novruz bayramımız mübarək olsun!

Zərifə Bəşirqızı

XQ

 

Sosial həyat