Samuxun Seyidlər kəndində rayon icra hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri kənd sakinləri ilə birlikdə Yel çərşənbəsini qeyd ediblər.
Kəndin mərkəzi meydanı bayram atributları ilə bəzədilib. İştirakçılar meydanı gəzərək yerli uşaq musiqi məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin və məktəbdənkənar təhsil ocaqlarının hazırladıqları bayram ovqatlı əl işləri ilə tanış olublar. Meydanda bayram tonqalı alovlandırılıb.
Çıxış edənlər öz təbriklərini səsləndirib, xoş arzularını çatdırıblar. Əsrlər boyu böyük təntənə ilə qeyd etdiyimiz Novruz bayramının, çərşənbələrin xalqımıza sevinc, xoş əhval-ruhiyyə bəxş etdiyi bildirilib.
Tədbirdə Yel çərşənbəsinə aid bayatılar, novruz mövzusunda şeirlər və musiqi parçaları səsləndirilib. Mədəniyyət işçilərinin və məktəblilərin hazırladıqları konsert proqramı tədbir iştirakçılarında xoş ovqat oyadıb.
Tədbirdə, həmçinin Gəncə Qarnizonu İdeloji şöbəsi Mədəniyyət Mərkəzi ilə birlikdə hərbi xidmətdə olan əsgərlərin ruh yüksəkliyini daha da artırmaq məqsədi ilə kütləvi hərbi vətənpərvərlik tədbiri olan “Əsgərə məktub” layihəsi də baş tutub.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri Samux rayonu