Novruzun bayram edilməsinin dərin kökləri vardır və 3500 ildən çoxdur ki, bu milli bayram bütün atributları ilə elliklə qeyd edilir. Novruza qədər təşkil olunan rituallar xalqımızın milli mənəvi dəyərlər sistemində önəmli yer tutmaqla dünyanın yaranışında iştirak edən dörd ünsürlə–Su, Od, Hava və Torpaq ilə əlaqələndirilir.
Bayrama qədər keçirilən çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın başlanğıcı, yaşamağın əsas mənbəyidir.
Su çərşənbəsinin özünəməxsus özəllikləri var. Bu çərşənbəyə qədər evdə olan əşyalar su ilə paklanıb təmizlənir. Həmin gün tonqal qalanmır, şam yandırılmır, gün dönəndən sonra qohum-qonşuya evdən nə isə verilmir. Su qabları təzə su ilə doldurulur, stolun üstünə qrafində su qoyulur.
Əvvəllər...
Su çərşənbəsi mərasimində dan yeri söküləndə camaat elliklə axar suyun üstünə gedər, əl-üzlərini soyuq su ilə yuyardılar. İnsanlar su üstündən atlanar, bir-birilərinin üstlərinə su atardılar. Əski adətlərə görə, Günəşin şəfəqdə göründüyü vaxtda onun şüalarının sığal çəkdiyi su daha təmiz, daha müqəddəs sayılardı. Bu suda yuyunan adam diləyinə çatardı. Belə deyirlər ki, Xızır peyğəmbərin dirilik çeşməsindən su içdiyi və Koroğlunun Qoşabulaqdan köpüklü su götürdüyü gün məhz Əzəl–Su Çərşənbəsi günü olmuşdur.
Bizim qərb zonasında bu dörd vacib çərşənbədən öncə daha iki çərşənbə qeyd edilirdi: xəbərçi və yalançı çərşənbələr. Uşaqlar fallıqdan oğurluq-doğurluq yumurtaları aparıb doyüşdürər, ya əliboş, ya da qab dolu sınmış yumurta ilə qayıdardılar. Çıl-çırpı yığar, lopa düzəldər, Od çərşənbəsinə hazırlıq görərdilər.
Bu gün...
Xalqımız bayramaqədərki çərşənbələri adəti üzrə bütün ailə üzvləri ilə birlikdə qeyd edir. Həmin gün qohumlar, dostlar, tanışlar bir-birinin çərşənbələrini təbrik edirlər. Onlar arzularını bildirir, alqış edir, xoş sözlər deyirlər: su qədər ömrün olsun, aydınlığa çıxasan, həyatın su kimi təmiz olsun və s. Axşam bütün ailə şirniyyatla bəzənmiş süfrə başına toplanır, bir yerdə deyə-gülə şam edir.
Xalqımızın baharla əlaqədar gözəl adət-ənənələri çoxdur. Amma şəhər mühitində, bina evlərində bunların çoxusunu həyata keçirmək mümkün olmur. Borcumuz bu ənənələri təfəkkürdə, yaddaşlarda yaşatmaq, gələcək nəsillərə ötürməkdir.
Su Çərşənbəniz mübarək olsun!
Zərifə BƏŞİRQIZI
XQ