Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Laçın rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu barədə Şərqi Zəngəzur İqtisadi rayonundakı 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmin anda şəhərin küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, kənd və qəsəbələrdə Azərbaycanın dövlət bayraqları endirilib.
Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbirində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri, Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti-İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin rəhbərliyi, Laçın şəhər 2 №-li tam orta məktəbin, eləcə də şəhid Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbinin kollektivi, yerli sakinlər, o cümlədən hərbiçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Anım tədbirində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev çıxış edərək bildirib ki, xalqımız tarixən bir çox soyqırımlara məruz qalıb, bunlardan biri də Xocalı soyqırımıdır: “32 il əvvəl ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər heç vaxt unudulmayacaq. Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, dünyanın tarixinə də ən faciəli səhifələrdən biri kimi daxil olub. Amma ermənilərin törətdiyi vəhşiliklər xalqımızın mübarizə əzmini qıra bilməyib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində şanlı Zəfər qazanmaqla Xocalı soyqırımı qurbanlarının qisasını alıb. İnanıram ki, bundan sonra Ali Baş Komandan və məğrur ordumuz sayəsində ölkəmiz, xalqımız bu cür faciəni bir daha yaşamayacaq”.
Tədbirin rəsmi hissəsindən sonra “Lacinema” kino mərkəzində “Yarımçıq xatirələr” adlı film nümayiş etdirilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıda dinc əhaliyə divan tutub. Hərbi təcavüz zamanı 613 nəfər dinc sakin qətlə yetirilib, 1275 nəfər girov götürülüb və 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.
P.ƏMİRCANOV
XQ