26 fevralda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Xocalı faciəsinin 32 –ci ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Dilçilik institutunun YAP-nın sədri, şöbə müdiri professor Sayalı Sadıqova bildirib ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb. Faciə baş verən gecə 1275 dinc sakin girov götürülüb. Bununla yanaşı ağıla gəlməyən vəhşiliklər zorakılıqlar törədilib. Bu faciəni törətməklə ermənilər xalqımızı qorxutmaq, onun mübarizə əzmini qirmaq, tarixi torpaqlarımızın bir hissəsini itirməsi ilə barışmağa məcbur etmək istəyirdilər.
Alim vurğulayıb ki, Xocalı soyqırımının xarici ölkələrdə tanıdılması işində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər xüsusi qeyd edilməlidir.
Tədbirdə Xocalı sakinləri- faciə zamanı 8 yaşı olan , bacısı, anası, atası gözü qarşısında qətlə yetirilən Xatirə Orucova, 8 gün ailəsilə birgə əsirlikdə olan , atası, qardaşı barədə bu günə qədər məlumatı olmayan Xocalı sakini Mürvət Məmmədov, 2023-cü il 19-20 sentyabrda antiterror tədbirləri zamanı şəhid olan Qasım Məmmədhəsənovun atası Bilal Məmmədhəsənov iştirak ediblər. Qonaqlar çıxışlarında faciə ilə bağlı həqiqətləri, xatirələrini bölüşüblər.
Tədbirdə çıxış edənlər şöbə müdirləri professorlar İlhami Cəfərsoy, İlham Tahirov, dosentlər Kifayət İmamquliyeva, Xədicə Heydərova, aparıcı elmi işçi Vəfa Abdullayeva-Nəbiyeva Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsi zamanı Zəfər qazandığını, torpaqlarımızın işğaldan azad olunduğunu və Xocalı qurbanlarının qisasının alındığını vurğulayıb.