Qızılca ilə bağlı kritik durum hələ də davam edir. Ötən həftə Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi, 14 yaşlı Nuray İbrahimovanın qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirməsi xəbəri yayıldı. Qeyd edək ki, son vaxtlar ölkədə azyaşlı və yeniyetmələr arasında, hətta yaşlı insanlarda belə qızılca xəstəliyinin ağır keçməsi halları kəskin artıb və xeyli uşaq vəfat edib. Statistikaya görə, hər il uşaqların 95–96 faizi qızılcaya qarşı peyvənd edilir.
Son 3 ildə Azərbaycanda qızılcaya yoluxanların sayı minimuma enib. Dövlət Statistika Komitəsi 2019-cu ildə 337 xəstədə qızılca diaqnozu qeydə alındığını göstərmişdi. Rəsmi məlumata görə, 2021-ci ildə qızılca qeydə alınmayıb, 2020–2022-ci illərdə 3 nəfərə qızılca diaqnozu qoyulub. Statistika da göstərir ki, adətən, qızılca geniş yayılmır, lakin bəzən çox sayda yoluxma qeydə alınır. Bu, adıçəkilən xəstəliyin yoluxucu xarakteri ilə bağlıdır.
Hazırda “Qızılcanın patogenlik və letallığı (ölüm törətməsi) yüksək olan yeni ştammı yayılıb” fikrini valideynlər kimi bəzi həkimlər də söyləyir və sosial şəbəkələrdə yazırlar. Bütün ölüm halları ilə bağlı xəbərlərdə ortaq bir fikir səslənir ki, hadisə müalicənin düzgün aparılmaması, yaxud həkimə gec müraciət edilməsi nəticəsində xəstəliyin ağırlaşması səbəbindən baş verir.
Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Musa Qəniyevin qızılcanın belə sürətli yayılmasına, hətta ölüm hallarının baş verməsinə yeni ştammın səbəb olduğu fikrinə münasibətini öyrəndik. Professor yayılan fikirlərin əsası olmadığını bildirdi və dedi:
– Bu fikirlər elmi əsası olmayan, insanları gərginlik və qorxu altında saxlayan cəfəngiyyatdan başqa bir şey deyildir. Qızılca virusunun bütün ştammlarına xas olan xüsusiyyət genom quruluşun 15894 nukleotid ardıcıllığından ibarət olmasıdır. Virusun A, B, C, D, E, F, G, H adlandırılan 8 qrup ştammı və 15 genotipi (yarımştamm) vardır. Müxtəlif dövrlərdə H1 (72), D5 (16), D9 (34), B3 (28), G3 (5) genotiplər qısa müddətli olsa da dominantlıq etmişdir. Lakin əksər dövrlərdə, eləcə də hazırda dominant olanlar D4(421), D6(174) və D8(816) kimi 3 genotipə məxsus ştammlardır.
Genom analizi bu ştammların nukleid ardıcıllığında heç bir kəmiyyət və ya struktur dəyişikliyi olmadığını təsdiq edir. Yəni hər üç genotipdə 15894 nukleotid sıralanması və aminturşu ardıcıllığı olduğu kimi saxlanılır. Başqa sözlə, virusun bir zəncirli RNT-sinin əsas zülalları olan NP (nukleokapsid zülal), M (matriks zülal), H (hemaqlyutinin) və hemolizində praktik əhəmiyyət kəsb edən struktur dəyişikliyi yoxdur. Fərqli mutant ştammlarda yalnız virusun hüceyrəyə daxil olmasına xidmət edən F zülalında dəyişiklik (aminturşu əlavəsi, itkisi və ya çarpaz bağlanma) baş verir. Bu əmsal Ro indeksini müəyyənləşdirdiyindən, patoqenlik və letallıq əmsalı ilə heç bir bağlılığı yoxdur. 10-un 9-a nisbətində yoluxdurma əmsalı da olduğu kimi sabit saxlanılır.
– Hazırkı duruma, qızılca alovlanmalarına əsas səbəb “yeni ştamm” deyilsə, bəs nədir? Qızılca xəstəliyi hər dövrdə olub. Lakin heç zaman bu cür ağırlaşmalara təsadüf edilməyib.
– Yuxarıda söylədiklərimə əsaslanıb deyə bilərəm ki, “hazırki epidemik alovlanmaya səbəb qızılcanın yeni ştammdır” fikri, tamamilə yanlış və əsassızdır. Alovlanmaya səbəb hələ iki il əvvəl dəfələrlə söylədiyim və yazdığım kimi pandemiya dövründə uzunmüddətli sərt karantin rejiminin tətbiq edilməsi, məlum səbəbdən peyvəndləməyə neqativ münasibətin yaranması və uşaqlar arasında vaksinasiyaya, o cümlədən qızılcaya qarşı “peyvəndləmə təqviminə” düzgün əməl olunmamasıdır. Çünki qızılca əleyhinə peyvəndin ilkin dozasının 85 faizdən aşağı olduğu lokal ərazilərdə qızılca epidemiyasının baş verməsi qaçılmazdır. Halbuki 2022-ci ildə bu rəqəm 83 faiz, keçən il isə daha aşağı faiz nisbətində (71 faizdən az) olmuşdur. Odur ki, hazırda peyvənd təqviminə düzgün əməl edilməyən bütün ölkələrdə, o cümlədən Azərbaycanda da qızılcada müşahidə edilən kəskin artım tamamilə qanunauyğun və gözləniləndir. Buna görə panika və qorxuya düşməyə heç bir əsas yoxdur. Yeganə səbəb, təkrar edirəm: peyvənd təqviminə əməl edilməməsidir.
Amma hazırda gərginliyin sürəti azalıb. Fevral ayının 3-cü ongünlüyündən başlayaraq vəziyyət normallaşmağa doğru gedir. Ara-sıra yoluxmaların isə Novruz bayramına qədər davam edəcəyi gözlənilir.
– Professor, qızılcadan qorunmaq, yaxud yoluxduqdan sonra panikaya düşməmək, düzgün qulluq və müalicə seçmək üçün nə tövsiyə edirsiniz?
– Yaxşı sualdır. Qızılca həmişə olub və olacaq. Onun xüsusi müalicəsi yoxdur, qulluq və hərarətə nəzarət diqqətdə saxlanılmalıdır. Qızılca uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəlidir, özüsağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xaraktercə stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya şərti ilə müalicə edilən xəstəlikdir.
Xəstəliyin yüngül keçməsi peyvəndlənməyə və immunitetə bağlıdır. Çox vaxt düzgün müalicə tətbiq edilmədiyindən ağırlaşma baş verir. Qızılcaya yoluxanlara ikincili mikrob infeksiyasının yoluxması təsdiq olunmadığı hallarda antibiotiklər, venadaxili inyeksiyalar, yaxud, antiviral preparat, xüsusən hazırda çox populyar olan “sistem” vurulması, immun sistemin supressiyası səbəbindən mütləq əks göstərişdir. Yalnız temperatur kritik həddə yüksəldiyi zaman parasetamol və ya həkimin məsləhəti ilə digər hərarətsalıcı preparatlardan yüksək olmayan dozalarda istifadə edilməlidir.
Bir daha təkrar edirəm: günümüzdə istər qızılca, istərsə də hər hansı digər bir virus infeksiyası ilə bağlı xüsusi qorxuya səbəb olacaq hal və ya epidemioloji vəziyyət yoxdur. Uşaqda hərarət 2 gün davam edirsə, həkimə müraciət edilməli və nəzarət artırılmalıdır.
Z.HÜSEYNOVA
XQ