Lerikdə şagirdlərlə kibercinayətkarlığa qarşı mübarizə mövzusunda maarifləndirici görüş keçirilib

post-img

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Çayrud kənd tam orta məktəbində narkomaniya, erkən nikah və kibercinayətkarlığa qarşı mübarizə mövzusunda maarifləndirici görüş təşkil edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Lerik Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Anar Şıxəliyev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.

Rəis müavini, həmçinin kibercinayətkarlıq hallarına qarşı vətəndaşlar tərəfindən görülməli olan ehtiyat və təhlükəsizlik tədbirləri ilə bağlı da tədbir iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.

Sonra erkən nikahların fəsadları, bu neqativ halın ailə quran şəxslərə, ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə ətraflı məlumat verilib.

Sonda müzakirə olunan mövzularla əlaqəli videoçarx izlənilib və şagirdlərin sualları cavablandırılıb.





Sosial həyat