Toponimlər – tarixin “açar”ı

post-img

Qədim yer adları torpağa vurulan milli möhürdür

Azərbaycan xalqının milli və mənəvi sərvəti, qədim tarixi keçmişimizin öyrənil­məsi baxımından çox qiymətli mənbə olan toponimlər üzrə başlıca araşdırma obyekti ölkəmizin coğrafi adlarıdır. Vətənimizin ərazi bütövlüyü buradakı coğrafi adlarla bilavasitə təsbit olunur.

1950-ci illərdə toponimik tədqiqatların genişlənməsi Azərbaycanın müxtəlif böl­gələrində sahənin inkişafına yol açmışdı. Nəticədə аyrı-аyrı ərazilərin toponimləri hаqqındа elmi fikirlər söylənildi, mövzuya uyğun müxtəlif mаteriаllаr dərc olundu və xeyli yeni elmi nəticələr əldə edildi. Tarixi faktların qərəzsiz, elmi baxımdan tam və sistemli öyrənilməsində bu gün də öz ak­tuallığını saxlayan bütün toponimik sistem (oronimlər, hidronimlər), əsasən də yaşa­yış məntəqə adları (oykonimlər) uzaq keç­mişimizin izlərini qoruyub saxlamaqdadır. 

Görkəmli alimlərin tədqiqat əsərləri və coğrafi adlar üzrə lüğətin çapı sovet dövründə bu sahədə atılan uğurlu ad­dımlardandır. Respublikamızın müxtəlif bölgələrinin toponimləri mütamadi olaraq görkəmli Azərbaycan alimləri A.A.Axun­dov, R.M.Yüzbaşov, B.Ə.Budaqov, Y.B.Yusifov, C.M.Mollazadə, Ə.Hüseynza­də, Q.Ə.Qeybullayev, A.M.Qurbanov, Q.Məşədiyev, T.M.Əhmədov və başqala­rının tədqiqatlarında, müxtəlif istiqamət­lərdən araşdırılıb. 1973-cü ildə AMEA-nın Coğrafiya İnstitutunda “Coğrafi adlar (to­ponimika)” şöbəsi yaradılıb. Hazırda insti­tutun toponimist əməkdaşları “Coğrafi fikir tarixi və toponimika” adını daşıyan şö­bədə fəaliyyət göstərirlər. İnstitutda Qərbi Azərbaycan toponimləri ilə bağlı da dərin və əhatəli araşdırmalar aparılır. Bu tət­diqaqtlar həmin torpaqların xalqımıza məx­sus olduğunu birmənalı olaraq təsdiqləyir.

İstənilən bir ərazinin toponimik sistemi orada tarixən məskun olmuş tayfa birliklə­rinin, sonradan özündə kiçik etnik qrupları da birləşdirən xalqların dil imkanları hesa­bına yaranıb. Ötən əsrin 70-ci illərindən etibarən Coğrafiya İnstitutunun toponimist elmi işçiləri Azərbaycan ərazisi inzibati ra­yonlarının (Şəki–Zaqatala, Şərqi Qobus­tan–Abşeron regionu, Mil–Qarabağ zo­nası, Kür–Araz ovalığı, Şirvan, Kəlbəcər, Zəngilan, Qarabağ, Gəncə–Qazax və s.) yaşayış məntəqələri üzrə mikrotoponimlə­rinin tədqiqi ilə məşğul olublar. 

Tarixi yurd yerlərimizi zəbt edən er­mənilər nəinki təkcə həmin ərazilərdəki doğma adlarımızı mənimsəməyə çalışıb­lar, ümumiyyətlə, bütövlükdə türk mənşəli toponimləri özününküləşdirərək, həmişə qərəzli mövqe tutublar. Onların əsas sas məqsədi xalqımızın min illər boyu sahibi olduğu coğrafiyada yaşaması faktlarını saxtalaşdırmaq olub. Torpaqlarımız işğal­dan azad edildikdən sonra həmin ərazilər­dəki coğrafi obyektlər yenidən öz doğma adlarına yiyələnirlər. Ərazilərdəki çoxlu sayda mikrotoponimlərin – adonimlərin, diromonimlərin, fitonimlərin və s. passiv fonda keçməsi, yaxud da yenilərinin ya­ranması çöl tədqiqat işlərinin aparılması­nın vacibliyini gündəmə gətirir. 

Hər bir təbii coğrafi ərazinin topo­nimiyasının tədqiq olunması müstəsna elmi-təcrübi, tarixi, siyasi əhəmiyyət daşıyır. Toponimiyanın inkişafı cəmiyyə­tin inkişafı ilə sıx bağlıdır. Azərbaycanın coğrafi obyekt adlarının tədqiqi mövzu­sunda aparılan regional toponimik təd-qiqat işləri davam edir. Qədim oğuz elinin adını yaşadan toponimlərimizi qorumaq müqəddəs borcumuzdur. 

Bütün bu sadalanan uğurlara bax­mayaraq, müəyyən problemlər də həllini gözləyir. Bu sahədə məsələlərin daha sistemli həlli müsbət nəticələr verə bilər. Təəssüf ki, bu gün də toponimika mövzu­sunda yazan təsadüfü adamlar çoxdur. İllik hesabat xatirinə, eləcə də “alim” kimi bəzi məqsədlərinə çatmağa çalışan toponimika elmindən xəbərsizlər yaranmış boşluqdan çəkinmədən istifadə edirlər. Görünən bu­dur ki, institutun “Coğrafi adlar (toponimi­ka)” şöbəsinin yenidən müstəqil şəkildə fəaliyyətinin təmin olunması sahənin pres­pektiv inkişafında müsbət rol oynayar. 

Daha bir fakta diqqət yetirək. Sözüge­dən şöbənin yaradılmasından yarım əsr keçir. Yuxarıda qeyd etdiyimiz kimi, bu müddət ərzində Azərbaycan toponimiya­sının öyrənilməsinə həsr olunan cəmi 2 konfrans keçirilib. Sonuncu konfransdan (1981-ci il) isə bizi 42 il vaxt ayırır. Deməli, bu mövzuda növbəti konfransların keçiril­məsi Azərbaycan toponimiyasının pres­pektiv inkişafında müsbət rol oynayardı. 

Çox yaxşı olardı ki, Qarabağın müxtəlif bölgələrinin coğrafi adlarınının tədqiqi is­tiqamətində görülən işlərin daha mükəm­məl aparılması üçün münbit şərait ya­radılsın. ETN-nin Coğrafiya İnstitutunun toponimist əməkdaşları da bu məqsədlə müntəzəm olaraq aidiyyatı ərazilərdə el­mi-tədqiqat işlərinin aparılması məqsədilə xidməti ezamiyyələrdə olmalı, müvafiq ekspedisiyalar təşkil edilməlidir. Şübhəsiz, məsələnin həlli həm də görüləcək işin key­fiyətinə müsbət təsirini göstərəcək. 

Əslində, Azərbaycanın müxtəlif əra­zilərində sistemli şəkildə toponimik araş­dırmaların aparılmasında alimlərimizin üzərinə çox böyük yük düşür. Bu tədqiqat­çıların hər bir adın mənşəyi, etimologiyası haqqında doğru, düzgün fikir söyləmələri üçün, kifayət qədər tarixi faktlara, mən­bələrə əsaslanmaq imkanı olmalıdır. Bu imkanların əldə olunması üçün isə hüquqi, elmi və mənəvi mexanizmin işə salınma­sından çox şey asılıdır. Şübhəsiz, sa­dalanan problemlərin həlli istiqamətində görüləcək hər bir iş Azərbaycan toponimi­yasının gələcək inkişafının təmin olunma­sına xidmət edəcək. 

Natiq BABAYEV,
Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru



Sosial həyat