Prezident Kubokunu “Polad” qazandı

post-img

Azərbaycan xalqının ən qədim, təxminən, 3 minillik tarixi olan çövkən atüstü oyunları populyarlığını getdikcə artırır. İl ərzində ölkədaxili yarışlarla yanaşı, dünya çempionatı­nın da Azərbaycanda yüksək səviyyədə təşkili bu idman növünə olan böyük maraqdan xəbər verir. 

İlin son yarışlarından olan çövkən milli atüstü oyunu üzrə Prezident Kuboku turniri dediklərimizin daha bir təs­diqidir. Azərbaycan Respub­likası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə ke­çirilən, baxımlı olduğu üçün böyük maraqla izlənilən yarış həm də, gərgin mübarizə ilə yadda qalıb. Budəfəki ənənəvi turnirdə yalnız milli cins atlar yarışıblar. 

Binə Atçılıq Mərkəzinin qa­palı manejində təşkil olunan turnirin son günündə üçüncü yer uğrunda “Sərhədçi-Dil­baz” komandası “Omar”la mübarizə aparıb. Görüşdə 2:1 hesabı ilə qələbə qaza­nan “Omar” bürünc medala sahib olub. Final görüşündə isə “Sərhədçi-Qarabağ”ı 4:1 hesabı ilə üstələyən “Polad” komandası Prezident Kuboku turnirinin qalibi adını qazanıb.

İlk üç yeri tutan koman­dalar müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, həmçinin fəxri diplom, turnirin qalibi olan “Polad” komandası isə kubok ilə təltif edilib.

Mükafatçılara medalları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Res­publikası Atçılıq Federasiya­sının prezidenti Elçin Quliyev təqdim ediblər.

Yarışda “Sərhədçi-Qa­rabağ”, “Polad”, “Köhlən”, “Şirvan”, “Sərhədçi-Dilbaz”, “Omar”, “Zəfər” və “Embawo­od” kollektivləri iştirak edib. Onu da qeyd edək ki, “Şir­van”, “Zəfər” və “Embawood” komandaları ilk dəfə ənənəvi turnirə ilk dəfə qatılıblar. 

Yarışdan sonra müsahi­bə verən ARAF-ın baş kati­bi Bəhruz Nəbiyev son illər ölkəmizdə atüstü oyunlara maraq və diqqətin artırıl­dığını bildirib. O qeyd edib ki, çövkənin coğrafiyasının daha da genişləndirilməsi və populyarlığının artırıl­ması üçün federasiya tərə­findən məqsədyönlü işlər aparılır: 

– Ənənəvi olaraq hər il ke­çirilən Prezident Kuboku turni­rinin bu il 10-cu – yubiley tur­niri təşkil edildi. Yarışın yekun mərhələsinin məhz Prezident İlham Əliyevin doğum günün­də keçirilməsi isə təsadüfi de­yil.

Bəhruz Nəbiyev bildirib ki, Azərbaycan ötən ay çövkən üzrə dünya çempionatına ev sahibliyi edib. Bundan son­ra belə yarışlar ölkəmizdə mütəmadi olaraq təşkil edilə­cək. Əsas məqsəd, çövkəni həm də dünyada tanıtmaqdır. 2024-cü ildə ölkəmizdə peşə­kar çövkən liqasına start ve­riləcək. Bu turnirdə 10-a yaxın komandanın mübarizə apara­cağı planlaşdırılır. Mövsüm ərzində bütün komandalar bir-birinə qarşı oyunlar keçirə­cək. Bununla da mütləq qalib müəyyənləşəcək. 

Qeyd edilib ki, gələn ilin dekabr ayında isə 11-ci Pre­zident Kuboku yarışı keçirilə­cək. Bu iki turnirin qalibləri isə 2025-ci ilin ilk aylarında təşkil ediləcək Superkubok turnirin­də mübarizə aparacaqlar. 

Baş katib onu da deyib ki, ölkəmiz “Paris-2024” Yay Olimpiya Oyunlarında atçılıq idmanında təmsil olunmaya­caq. Əsas hədəf isə 2028-ci ildə Los-Ancelesdə keçirilə­cək Yay Olimpiya Oyunlarıdır:

–Olimpiya Oyunlarında iki dəfə konkur yarışında təmsil olunmuşuq. Artıq dresaj – at­sürmə üzrə milli komandamız da formalaşıb. Yığma Azər­baycandan kənarda ilboyu tə­lim-məşq toplanışı keçir. Ümid edirik ki, 2 komandamız 2028-ci ildə keçiriləcək Olimpiadada iştirak hüququ qazanacaq. 

Qeyd edək ki, Prezident Kuboku yarışı 2014-cü ildən başlayaraq hər il keçirilir. Bu­ilki yarış 10-cu – yubiley turniri olub. Ötən 9 yarışda 6 dəfə “Sərhədçi”, hərəyə 1 dəfə “Omar”, “Buta golden” və “Po­lad” komandaları qalib olublar. 

Leyla QURBANOVA
XQ

İdman