Cabbarlı gülüşü...

post-img

“Təzə palton mübarək!”

Cəfər Cabbarlı geyimə o qədər də fikir verməzmiş. Nadir hallarda qalstuk bağlayıb kostyum geyərmiş. Bir dəfə həyat yoldaşı Sona xanım asılqandan ərinin köhnə paltosunun yerinə, xəlvəti aldığı təzə, o vaxt dəbdə olan və çox məşhur adamların geyindiyi qabardin paltonu asır. 

Cəfər də səhər tezdən ağlına heç nə gəlmədən asılqandan paltonu götürüb geyinir və işə gedir. Teatrda onu hərə bir tərəfdən təbrik edir:

– Cəfər qardaş, təzə palton mübarək!

– Sağ olun, sağ olun,– deyə Cəfər özü də heyrətlə əynindəki paltoya baxır və gülümsəyir.   

“Durun, məni yola salın!” 

C.Cabbarlı hər gün işə gedəndə evdəkilərə deyərmiş:

– Durun, məni yola salın!

Bir gün Sona xanım Cəfərin qardaşı qızı Mələyə və onun rəfiqəsi Firəngizə deyir:

– Gəlin, bu dəfə Cəfəri tar-qavalla yola salaq.

Ertəsi gün ədib evdən çıxanda yenə adəti üzrə “durun, məni yola salın” deyən kimi, Sona xanım dəf, Mələk qarmon, Firəngiz də tar götürüb qapı ağzına gəlir və “vağzalı” çalmağa başlayırlar.

Cəfər əvvəl duruxur, sonra özünü sındırmayaraq deyir:

– Hə... Bu lap qiyamət oldu ki. Bundan sonra məni elə bu cür yola salın! Ədib gülə-gülə evdən çıxıb işə yollanır.

“Qiyamət əsərdir”

“Sevil” pyesi üzərində C.Cabbarlı ən çox Altıağacda işləmişdir.  O, evdə tapşırıbmış ki, yazdıqlarını kimsə oxumasın. Lakin bu ciddi tapşırıq Sona xanımı da, qardaşı qızı Mələyi də daha çox həvəsləndirir. 

Onlar Cəfər evdə olmayan vaxt növbə ilə öncə biri, sonra digəri pusquda durub, yazılanları oxuyurmuşlar. Bir gün Cəfər hər ikisini “oğurluq” üstündə yaxalayır:

– Balam, mən sizə deməmişəm ki, mənim dəftərimi oxumayın. Bu dəfə sizi bağışlayıram. Ancaq deyin görüm, necədir? Əsər xoşunuza gəldimi? Yadınızda bir şey qaldımı? Yoxsa oxuyub qurtaran kimi yaddan çıxdı?

– Qiyamət əsərdir, ay Cəfər əmi, lap əntiqə yazmısan. Daha bundan olmaz!– deyə Mələk sevincək cavab verir.

Cəfər gülümsəyir:

– Daha durub deməyəcəksiniz ki, pisdir. Birinizin əmisiyəm, birinizin də ki...

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat