Arazqırağının Zəfər təməlli şəhəri – Füzuli

post-img

I yazı

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən qəsb edilən  Füzuli şəhərini, rayonun kəndlərini düşmən işğal müddətində tamamilə dağıdıb. Erməni yağmaçılar dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədiblər. Şanlı Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad olunub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla həmin tarix Füzuli Şəhəri Günü kimi təsis edilib.

Vətən müharibəsindən dərhal sonra erməni faşizminin xarabalığa çevirdiyi  Qarabağ və Şərqi Zəngəzurun bütün yaşayış sahələrində, eləcə də Füzulidə abadlıq, bərpa-quruculuq layihələri həyata keçirmək diqqət mərkəzində saxlanıldı. Prezident İlham Əliyev işğal dövründə bu ərazilərdə yaranmış vəziyyətlə yerində tanış olmaq üçün bölgəyə davamlı səfərlər etdi. 2020-ci ilin noyabrın 16-da dövlətimizin başçısı Birinci vitse-prezident Mehriban Əliyeva ilə Füzuliyə gəldi. Ölkə rəhbəri bu səfəri zamanı  rayondan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı verdiyi göstərişin–Füzuli–Şuşa avtomobil magistralının–Zəfər yolunun çəkilişinə başlandı. 

2021-ci il oktyabrın 26-da Prezident İlham Əliyev və qardaş Türkiyə Cümhuriyyətinin rəhbəri Rəcəb Tayyib Ərdoğanın  iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Ən müasir tələblərə cavab verən, eyni zamanda, yüksək keyfiyyəti ilə diqqətçəkən və qısa müddətdə qurulan belə bir beynəlxalq hava limanı beynəlxalq aləmdə Azərbaycan dövlətinin güc-qüdrət simvoluna çevrildi. Bundan başqa, həmin il iyunun 14-də dövlətimizin başçısının iştirakı ilə yeni “Füzuli” yarımstansiyasının açılış mərasimi keçirildi, oktyabrın 17-də isə rayonun Dövlətyarlı kəndində  “Ağıllı kənd”in təməli qoyuldu.

Belə genişmiqyaslı infrastrukturun sürətlə yaradılması isə xalqımızda işğaldan azad edilən Füzulinin tezliklə bərpa olunacağı, erməni faşizminin yer üzündən sildiyi şəhər və kəndlərin gülüstana dönəcəyi, məskunlaşmanın tez bir zamanda başlayacağı əminliyini daha da gücləndirdi. Bu əminlik isə Füzuli şəhərinə ilk köçün– 90 nəfərdən ibarət 23 ailənin avqustun 18-də yola salınması mərasiminin keçirilməsi ilə təsdiqini tapdı.     

Qayıdışın Füzuli köçü davam edir

Füzuli şəhərində məskunlaşma hissə-hissə həyata keçirilir. Dekabrın 7-də də növbəti köç karvanı ilə 25 ailə olmaqla 80 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşdu. Ailələr qarşılandıqdan sonra açarların təqdim edilməsi mərasimində çıxışında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov bildirdi ki, keçmiş məcburi köçkünlərin həsrətində olduqları doğma yurdlarına qayıdışı, onların yaşayış şəraiti, işlə təmin olunmaları Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan ən önəmli vəzifədir. Bu tapşırığın yüksək səviyyədə gerçəkləşməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur. Əsas məqsəd isə işğaldan azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesinin ilk mərhələsində Füzuli şəhər mərkəzinin qurulması layihəsinin yüksək keyfiyyətlə, eyni zamanda, nəzərdə tutulan vaxtda həyata keçirilməsidir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktor müavini Tural Qasımov isə müxtəlif rayonlardakı pansionatda, yataqxanada daha ağır şəraitdə yaşayan Füzulidən olan keçmiş məcburi köçkün ailələrinin məişət avadanlığının müvafiq yük maşınları vasitəsilə daşındığını, özlərinin isə rahat avtobuslarla “Qobu Park – 3” yaşayış massivindəki təyinat nöqtəsindən köçürüldüyünü  söylədi. 

Mərasimdə sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə etdilər. Sonda keçmiş məcburi köçkünlər sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq öz evlərində yerləşdilər.   

Xatırladaq ki, Füzuli şəhərinə qayıdış 2023-cü il avqust ayının 18-də başlanılıb. Ötən müdətddə şəhərdə 333 ailə olmaqla 1186 nəfərin daimi məskunlaşması təmin edilib.

“Sürünərəm dizin-dizin...”

İşğal dövründə erməni işğalında olan Füzuli şəhəri tamamilə dağıdılıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədilib. Ev-eşiyindən didərgin düşmüş, məcburi köçkünə çevrilən əhali isə aylar, illər ötdükcə torpaq nisgili, yurd həsrəti ilə yanıb-qovrulub. Gecələr yuxular ərşə çəkiləndə düşmən tapdağında əzilən torpağın, dağıdılan evlərin, viranəyə çevrilən həyət-bacaların qulaqlarda hay-harayı eşidilib.  

Bütün məcburi köçkünlər kimi, füzulilər də 30 illik yurd həsrətini içlərində çəkiblər, od-ocaq göynərtisini qəlblərində yaşadıblar. Amma sınmayıblar, bir an da olsun belə  nə vaxtsa dogma şəhərlərinə dönə biləcəkləri ümid–inamlarını  itirməyiblər. Hərəsi bir şəhərdə-kənddə, dağda-aranda məskunlaşsa  da ağrılara, çətinliklərə mərdliklə dözüblər, ağlayıb-sızlamayıblar…  

Füzuliyə yenicə qayıdan Mübariz Kərimov deyir: – Məcburi köçkünlük illərində doğma od-ocağımı heç cür unuda bilmirdim. Əhd eləmişdim ki, Füzuliyə nə vaxtsa qayıtsam, qədəm basdığım an torpağı öpüb dizin-dizin sürünəcəyəm. Bax, bu gün bu istəyimə, arzu-kamıma çatdım. Bilirsənmi, ötən 30 ildə Vətənsizlik əzabını  necə yaşamışam?!. Yay aylarında o görünən qarşı dağlardan  əsən sərin mehin xiffətini çəkirdim, burda baharı qarşılamağın, bağ-bağatı ağ örpəyə bürüyən meyvə ağaclarının çiçəklərinin tamaşasına durmağın, həyətlərdəki qızılgülün ətrini ciyərlərimə udmağın həsrətindən boğulurdum.

Günlərim, aylarım bax, beləcə Vətənsizlik acısı yaşamaqla, yurdsuzluq odunda qovrulmaqla keçirdi. Gecələr yuxum ərşə çəkiləndə düşmən tapdağında əzilən torpağımın, dağıdılan evimin, viran qalan həyət-bacamın hay-harayını eşidirdim. Dərin bir yuxuya gedib, ayılmaq istəmirdim. Fikirləşirdim ki, ölsəm, bəlkə, ruhumla o torpağa qovuşaram, dağıdılan, xaraba qoyulan ev-eşiyimlə dərdimi bölüşərəm...

Mübariz kişi sözlərinə onu da əlavə edir ki, torpaqları  yağı tapdağında olan vaxtlarda yaşlı adamlar dədə-baba yurdlarına qayıdacaqlarına daha çox inanırdılar. Dünyasını dəyişən bir ağbirçəyin oğluna vəsiyyətini isə heç cür unuda bilmirəm. Deyirdi ki, ölsəm, məni “əmanət qəbir”də dəfn edin, torpaq düşməndən alınanda isə Füzulidəki dədə-baba qəbiristanlığına köçürdün. Orda həm rahat uyuyaram, həm də nəvə-nəticələrim məzarımı ziyarət etməklə Vətənlə, torpaqla bağlılıqlarını yaşadarlar, kimliklərini yaddan çıxarmazlar.

Mübariz Kərimov neçə illik həsrətdən sonra Füzuliyə–bu yeni qurulan şəhərə qədəm qoyanda yaxınlıqdan keçən magistral yoldan azca aralıda görünən erməni vəhşilərinin evləri xarabağa qoyduqlarından, quru daşları da belə oda qaladıqlarından dəhşətə gəldiyini deyir: “Viranəyəçevrilən Füzulinin görünüşü ürəyimi parçalayır. Şəhər tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş vəziyyətdədir. Zəhmətlə, alın tərilə tikilib-qurulanların bu şəkildə talanması, yer üzündən silinməsi, evlərdən əsər-əlamət qalmaması, hər tərəfin kol-kosa, daş-torpağa çevrilməsi erməni vəhşiliyini, qəddarlığını göstərir”. 

Cəmil Abbasov da dünyaya bu şəhərdə göz açdığını deyir, Füzuli xatirələrini danışdıqca kövrəlir. Yanağı aşağı axan göz yaşlarını silir: – Kim deyirsə ki, vaxt, zaman Vətən həsrətini, yurd nisgilini qaysaqladır, yalan sözdür. Aradan uzun illər keçsə də, Vətən Vətəndir. Onu necə unutmaq, yaddan çıxartmaq olar?! Heç vaxt ağlıma gəlməzdi, yatsam yuxuda da görməzdim ki, doğma od-ocaqdan ayrı düşərəm... Dualarımız, diləklərimiz axır ki, eşidildi. İllər keçdikcə daha da quduzlaşan, ağlını itirən düşmənin dağıtdığı, xarabalığa çevirdiyi Füzuli şəhəri ordumuzun gücü ilə 2020-ci il oktyabrın 17-də  işğaldan azad edildi, torpaq, yurd  həsrətimizə son qoyuldu…

Mən bu şəhərdən didərgin salınanda 45 yaşım vardı, indi isə 70-i keçmişəm. 30 il Füzuli həsrət və nisgil  ünvanıma çevrildi. İndi görürəm ki, bu müddətdə düşmən bizim təkcə ocağımızı söndürmədi, həm də  yüz illərin, min illərin tarixini sərgiləyən sirli-sehrli daş-qaya abidələrimizi, məzarlıqlarımızı dağıtdı, yerlə-yeksan etdi, hətta təbiəti belə sıradan çıxardı. Bulaqları qurutdu, bağ-bağatın ağaclarını kəsib-doğradı.     

C.Abbasov daha sonra 30 ildə bəlkə əsən yellər yurd-yuvanın, kənd-kəsəyin havasını-ətirini gətirər deyə yatanda da üzünü Füzuli səmtə çevirən nə qədər qaçqın-köçkünün axşamı səhər elədiyini söyləyir. Əlavə edir ki, doğma  şəhərdən Qarabağ yaylaqlarına qalxmaq, arandan dağa köç sürmək intizarıyla nə qədər  soydaşımız əlçatmaz, ünyetməz  bir uzaqlıqda qalan dünənlərinin həsrətiylə dünyasını dəyişdi.

Çox şükürlər ki, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə güclü-qüdrətli silahlı qüvvələrimiz  “güclü erməni ordusu” mifini dağıtdı, əzəli-əbədi Qarabağımızı geri aldı. İşğalçı Ermənistanın bundan sonra respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yaxşı anlatdı.  

Güc və qüdrətimizin canlı təcəssümü

Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə  şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərək Füzulinin indi tamamilə yenidən qurulduğunu, yaşayış məhəlləsinin salındığını, bir neçə önəmli obyektin təməlinin qoyulduğunu, burada  yaşayanların sayının da təbii ki, getdikcə artacağını bildirib.   Dövlət başçısı, eyni zamanda, ilin sonuna qədər Füzulidə, təqribən, 2 minə yaxın insanın yaşayacağı, Böyük Qayıdış Proqramının  birinci mərhələsinin yekununda– 2026-cı ilin sonunda isə 22 min insanın bu şəhərdə məskunlaşacağının nəzərdə tutulduğunu vurğulayıb.     

Yeri gəlmişkən, Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Burada 2040-cı ilədək 50 min vətəndaşın məskunlaşacağı nəzərdə tutulub. 

Füzuli  işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il illə müqayisədə 2,5 dəfə artacaq və  şəhər hava limanı daxil olmaqla, 1936 hektar sahəyə çatacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr təşkil edəcək. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Şəhərdə çoxmərtəbəli binalarla  yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Füzulidə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov söhbət zamanı Füzuli şəhərinin bərpasından danışarkən xatırlatdı ki, müfəssəl həllərlə inteqrə olunan və 2040-cı ilə qədərki inkişaf dövrünü əhatə edən Baş plana əsasən, təbiət əraziləri ilə vəhdətdə olan şəhər strukturunun formalaşdırılması, yüksək keyfiyyətli xidmət obyektlərinin yaradılması nəzərdə tutulub. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsinin, 13 məktəbəqədər və peşə təhsili, internat tipli musiqi məktəblərinin, xəstəxana, mədəniyyət və inzibati mərkəzlərin, idman kompleksinin inşasının, Qələbə və Memorial parkların, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan eko parkın salınması da planlaşdırılıb.

Eldar Seyidovun sözlərinə görə, Baş planda Füzuli şəhərinin dayanıqlı inkişaf, “ağıllı” həllər əsasında qurulması və insanların sağlam həyatını gerçəkləşdirmək üçün ən müasir şəhərsalma yanaşmaları da öz əksini tapıb. 2030-cu ilədək dayanıqlı inkişaf üçün idarəetmə, iqtisadiyyat, sosial rifah, ətraf mühit kimi 4 əsas istiqamət seçilib. Sənəddə sakinlərin rifahı üçün rəqəmsal həllərdən yararlanmaqla ənənəvi şəbəkələrin və xidmətlərin daha səmərəli edilməsi məqsədilə “ağıllı şəhər” yanaşması irəli sürülüb. Bu yanaşmada elektron idarəetmə sistemlərinə tam keçid, müasir texnologiyalar üzrə peşəkar kadrların hazırlanması, yaşayış evləri, təhsil, səhiyyə və digər xidmətlər sisteminin optimal əlaqələndirilməsi və digər mühüm mövzular da nəzərə alınıb. 

Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı onu da vurğuladı ki, Baş plan çərçivəsində şəhərə bütün istiqamətlərdən giriş-çıxışı reallaşdıran nəqliyyat şəbəkəsi qurulacaq, ərazi 3 dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq, ictimai nəqliyyatın hərəkətinə üstünlük verilməsi üçün uyğun küçə-yol şəbəkəsi formalaşdırılacaq, təbii çayların, su hövzələrinin mühafizə zonalarında geniş rekreasiya əraziləri təmin ediləcək, şəhərin tarixi irsinin tərənnüm etdirilməsi məqsədilə şəhər ərazisində Qələbə parkı, M.Füzuli Meydanı, Memorial park da yaradılacaq və yaşıl zolaqlar vasitəsilə bu ərazilər bir-biri ilə əlaqələndiriləcək.

 

Vaqif BAYRAMOV, 
Səbuhi MƏMMƏDOV 
XQ

Bakı–Füzuli–Bakı

 















Sosial həyat