“Diaspor Akademiyası” adlı yeni layihənin icrasına başlanıb

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu “Diaspor Akademiyası” adlı yeni layihənin icrasına başlayıb.

Fonddan XQ-yə verilən məlumata görə, “Diaspor Akademiyası” diaspor fəaliyyətinin nəzəri və praktiki aspektlərini diaspor nümayəndələrinə aşılamağı nəzərdə tutan, bu məqsədlə müxtəlif təlim, seminar və konfranslar təşkil edəcək bir platformadır.

Layihənin əsas məqsədi diaspor nümayəndələrini səmərəli diaspor fəaliyyətinə hazırlamaq, “fandreyzinq” alətlərinə yiyələnmələrinə kömək göstərmək, diaspor nümayəndələrindən öyrəndiklərini və təcrübələrini yaşadıqları ölkələrdəki Azərbaycan diasporunun digər nümayəndələrinə ötürə biləcək kadrlar hazırlamaqdır. Sözügedən məqsədlərə çatmaq üçün layihə çərçivəsində mövzulara uyğun olaraq müxtəlif ekspertləri tədris prosesinə cəlb etməklə, onlayn formatda təlim və seminarlar təşkil ediləcəkdir.

Təlimlər cari ilin dekabr ayından başlamaqla 2024-cü ilin aprel ayına qədər davam edəcək. Ayda iki dəfə olmaqla ümumilikdə layihə ərzində 9 mövzu onlayn formatda tədris olunacaq. Layihədə iştirak etmiş və “Diaspor Akadamiyası”ndan məzun olmuş şəxslər yekunda sertfikat əldə edəcəklər.

Təlimlər ödənişsizdir. Qeydiyyat üçün son tarix dekabrın 13-dür.

Anar ƏLİ

XQ

 

Sosial həyat