Peşələr Festivalı başa çatdı

post-img

Bu gün Festivalın son dayanacağı Odlar Yurdunun paytaxtı, qədimliyi və müasirliyi özündə birləşdirən Bakı şəhərində olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə təşkil edilən Peşələr Festivalı başa çatıb. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində Festivalın rolunu yüksək qiymətləndirib. O, “Peşəni peşəkardan soruş” devizi ilə bu dəfə də ölkənin 10 rayon və şəhərində keçirilən bu Festivalda iştirakçıların peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək şansı qazandıqlarını qeyd edib. 

Festivalda müxtəlif peşələri təbliğ edən şirkətlərin stendləri təmsil olunurdu. Azərbaycanın ən böyük iş axtarma və karyera saytı olan Biz.az-ın rəhbəri Aydan Kərimova yeni iş axtaran insanların peşə seçimi edib bu sahədə çalışmaları üçün saytın telegram kanalına abunə olmalarını tövsiyyə etdi. Bildirdi ki, abunəçilər bu kanal vasitəsilə vaxt itkisi olmadan yeni iş yeri tapa bilərlər. 

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Aysel İskəndərova Alo Karyera Dəstək Xidmətinin tam ödənişsiz şəkildə vətəndaşlara xidmət göstərdiyini dedi: - Burada karyera planlaması mövzusunda insanlara xidmət göstərilir. Cv və müsahibələrin hazırlanması, ixtisas seçimi barəsində də məlumat əldə etmək mümkündür. Alo Karyera saytına daxil olub Məşğulluq Agentliyinin saytında qeydiyyatdan keçməklə xidmətlərimizdən yararlana bilərlər. Təlimlərə isə zoom vasitəsilə ödənişsiz şəkildə qoşulmaq mümkündür. Peşəkar karyera məsləhətçilərinin konsultasiyalarından yararlan, karyera planlaması istiqamətində istənilən mövzuda dəstək ala bilərlər. 

Gənclərin daha çox maraq göstərdiyi festivalda məktəblilər də iştirak edirdi. Bakı şəhəri Nizami rayonu Xalid Quliyev adına 62 saylı məktəb-litseyin 10-cu sinif şagirdi Əli Zeynallı XQ-ya festivalla bağlı təəsuratlarını danışdı: - Festivalın  həyatımda böyük uğurlara yol açacağını düşünürəm. Burada, həmçinin yeni dostlar da qazanmışam. Hər kəsə bu festivalda iştirak etmələrini tövsiyyə edirəm. 

Festival Quba, İsmayıllı, Zaqatala, Şəmkir, Salyan, Ordubad, Naxçıvan, 

Cəlilabad, Sabirabad və Bakını əhatə edib. Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, barista (qəhvə hazırlayan şəxs), aqronom, bərbər, dizayner, qrafik dizayner və digərləri olmaqla 14 peşə təqdim olunub. Quba və Zaqtalada bərbər, İsmayıllıda geyim üzrə dizayner, Şəmkirdə qənnadçı aşpaz, Salyanda barista və digər rayonlarda təqdim olunan bu peşələrə maraq daha çox olub. Ümumi iştirakçıların sayı isə 45336 nəfər təşkil edib.

Fidan SALMANOVA

XQ 



















Sosial həyat