Xarici siyasətimizin ən böyük özəlliyi rəsmi Bakının balansı qorumasıyla bağlıdır

post-img

Fransa senatı Ermənistana 2024 - cü ildə "Sezar" artileriya silahlarını göndərmək niyyətindədir. Görünür müdafiə xarakterli silahları Ermənistana göndərərək region ölkələri tərəfindən sərt reaksiya görməyən Paris və İrəvan bu dəfə hücum xarakterli silahları Zəngəzura doldurmaq fikrindədirlər.

XQ xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, əgər region ölkələri məsələləri susqunluqla qarşılayacaqlarsa, Azərbaycan özü lazımi addımları atacaq. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan dövlət hücum silahlarına malik ola bilməz. Bu, Azərbaycana birbaşa təhdiddir. Fransa ATƏT, NATO, Aİ qanunlarını kobud şəkildə pozur.

Z.Məmmədova görə, burada Azərbaycan xarici siyasətinin ən böyük özəlliyi, Azərbaycan dövlətinin bütün çağırışları bir-bir dəf etməsi, rəsmi Bakının balansı qorumasıyla bağlıdır: “Azərbaycan bu illər ərzində hegemon dövlətlərin - "Bakı bizimlə yox, rəqibimizlədir" kimi düşünməsinə şərait yaratmadı. Bəli, müəyyən dövrdə müəyyən dövlətlərlə problemlər yaşana bilər, bu labüddür. Dövlət də insan kimi enişli- yoxuşlu dövrlərdən keçir, proseslər siyasi orqanizmə bənzəyir. Azərbaycan indiyə qədər olduğu kimi, bundan sonra da ABŞ, Aİ, Rusiya, İran və Çin ilə əməkdaşlığını davam etdirəcək, xarici siyasi vektorlar arasında ayrı-seçkilik etməyəcək, kiminləsə birləşərək digərinə qarşı proseslərdə iştirak etməyəcək. Hazırki İranı çıxmaq şərtilə digər istiqamətlərlə münasibətlərdə sabitlik olacağını proqnozlaşdırıram”. 

Politoloq bildirib ki, Azərbaycan xüsusilə, ABŞ, Aİ və Rusiya istiqamətləri arasında balanslı siyasət aparacaq. Qərb platformalarında fəallıq davam edəcək. Eyni zamanda, Bakı Türk dövlətlərinin bir-birinə inteqrasiyası üçün əlindən gələni edəcək. Çünki Türk Dövlətləri Təşkilatı qlobal gücü olan siyasi-iqtisadi-hərbi platformaya çevrilməlidirlər.

Hər kəs də bilməlidir ki, Cənubi Qafqazı öz geosiyasi ambisiyalarının qurbanına çevirməməlidir, belə olan təqdirdə istər-istəməz Azərbaycan ilə aralarında problemlər yaranacaq.

Azərbaycan xalqının və dövlətinin maraqları alidir. Prezident İlham Əliyevin siyasəti xalqın xilası, inkişafı və işıqlı gələcəyidir.

Anar ƏLİ
XQ

Siyasət