Könüllülük hərəkatı Azərbaycanda davamlı inkişafa mühüm töhfələr verir

post-img

Son illər aparılan islahatlar, ardıcıl tədbirlər nəticəsində ölkəmiz sosial-siyasi və iqtisadi baxımdan yeni bir dövrə başlamışdır. Hazırda Azərbaycan dünyada təhlükəsiz, suveren bir ölkə kimi tanınır. 

XX əsrin 90-cı illərinin ortalarında uzaqgörən siyasi xadim, Ümummilli lider Heydər Əliyev ölkəmizin davamlı inkişaf yoluna keçməsi üçün bir sıra vacib tədbirlər həyata keçirmişdir. Ulu öndər BMT İnkişaf Proqramına əsaslanaraq təşkilatın Rio-de Janeyro konfransında, Minilliyin Forumunda davamlı inkişafla bağlı qəbul olunmuş beynəlxalq sənədlərdən gələn öhdəliklərin ölkəmizdə yerinə yetirilməsi üçün zəruri qərarlar qəbul etmişdir. Əsasən zəngin təbii sərvətlərə malik olan Azərbaycan və digər ölkələr üçün davamlı inkişaf fəlsəfəsinin araşdırılması xüsusi əhəmiyyət kəsb edir. 

Bu fikirləri XQ-yə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Murad Həsənxanlı söyləyib. 

O bildirib ki, Azərbaycanda könüllülük hərəkatı Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq, Prezident İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Könüllülük Həftəsinin keçirilməsi və 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə daha da aktuallaşmışdır. Ölkəmizdə intellektual potensiala malik gənclərimizin fəaliyyət göstərdiyi müxtəlif istiqamətlərdə yaradılmış ictimai təşkilatlar xalqımıza, dövlətimizə könüllü yardım məqsədini həyata keçirir. 

Prezident İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı Sərəncamında bildirilirdi ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirməyin, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Unutmamalıyıq ki, müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlamışdır. 

Könüllülüyün faydaları və perspektivləri çox böyük və genişdir. Könüllülük ehtiyacı olan insanlara, cəmiyyətə yardıma və milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Könüllülük insanları xoşbəxt edir, sağlamlığını yaxşılaşdıra bilir, stressi və depressiyanı azaldır, yeni tanışlıqların, dostluqların yaranmasına səbəb olur və karyeramıza böyük töhfələr verir. 

Könüllülük hərəkatını gənclərsiz təsəvvür etmək mümkünsüzdür. 2020-ci ildə koronavirus pandemiyasının (COVİD-19) bütün dünyada yayıldığı dövrdə könüllü gənclərimiz dövlətimizə və xalqımıza dəstək istiqamətində “Könüllü Qonşu”, “Böyüklərimizi qoruyaq” və digər aksiyalarda yaxından iştirak etmişlər. Yaşlı vətəndaşlarımıza, iş yerlərini itirmiş və ehtiyacı olan ailələrə ərzaq və digər yardımların göstərilməsində operativ şəkildə fəaliyyət göstərmişlər. 

Könüllülərimizin 44 günlük müharibə dövründə göstərdikləri fəaliyyət nəticəsində informasiya müharibəsində haqq səsimiz bütün dünyaya çatdırılmış, müharibə və post-müharibə dövründə şəhid, qazi və həssas təbəqədən olan insanlara maddi və mənəvi yardımlar göstərilmişdir. 

Könüllülük hərəkatı Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verir. Prezident İlham Əliyevin də dediyi kimi: “Bugünkü könüllülər sabahın rəhbərləridir”.

"Bu gün ölkəmizin davamlı inkişafının təmin edilməsində könüllülərin rolu böyükdür. Azərbaycan gəncləri istedadlı, yüksək intellektual potensiala malik, intizamlı, geniş dünyagörüşünə malik ziyalı insanlardır. Gənclərimizin özünü inkişaf etdirməsi güclü dövlətin və sağlam gələcəyin yaranmasını təmin edir" - deyə Murad Həsənxanlı əlavə edib.

XQ

Sosial həyat