Ərdoğan: Sülhə gedən yol suveren Fələstin Dövlətinin yaradılmasından keçir

post-img

Yaxın Şərq regionunda sülhə gedən yol, paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində müstəqil, bütöv və suveren Fələstin Dövlətinin yaradılmasından keçir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Məlumatı “Anadolu” verib. 

Ərdoğanın sözlərinə görə, Türkiyə sülhün təmin olunması naminə istənilən məsuliyyəti öz üzərinə götürməyə, o cümlədən zamin kimi çıxış etməyə hazırdır.

O vurğulayıb ki, Qəzza Fələstin torpağıdır, fələstinlilərə məxsusdur və əbədi olaraq belə qalacaq.

Dövlət başçısı indiki vəziyyəti nəzərə alaraq BMT-nin səmərəsiz olduğunu da vurğulayıb. O, bu qlobal strukturun yalnız bir neçə ölkənin iradəsi ilə fəaliyyət göstərməsini qəbuledilməz adlandırıb: “Bir tərəfdə müharibənin və qan tökülməsinin dayandırılmasına tərəfdar olan 121 ölkə, digər tərəfdən isə İsrailin təcavüzünə kart-blanş verən 3-5 ölkə var. Bu qədər günahsız insanın ölümünün üstündən sükutla keçməyə çalışanlar, hətta HƏMAS-la mübarizə bəhanəsi ilə bunu qanuniləşdirməyə çalışanlar artıq bəşəriyyətə bir kəlmə də deyə bilməzlər”.

Prezident Ərdoğan “Qəzza zolağında şəhid olan hər üç nəfərdən ikisinin uşaq, körpə və qadın olduğunu, itkin düşən qəzzalıların sayının isə 6500-ü keçdiyini” xatırladıb.

Dövlət başçısı əlavə edib ki, əsas məqsədi Fələstin məsələsini müdafiə etmək olan İslam Əməkdaşlıq Təşkilatı “bu mübarizəni birlik içində aparmaq üçün” mühüm zəmin yaradır.

P.ƏMİRCANOV

XQ

Dünya