Sübh tezdən Heydər Əliyev Beynəlxalq Aeroportundan səmaya qalxan təyyarə Naxçıvan şəhərindəki hava limanına enəndə sərnişinləri şıdırğı payız yağışı qarşıladı. Çox keçməmiş seyrəlməkdə olan buludların arasından boylanan günəş səliqə-sahmanı, təmizliyi ilə göz oxşayan qədim şəhərə əlavə bir gözəllik gətirdi. Sübh günəşinin yaratdığı xoş mənzərə burada həyata keçirilmiş abadlıq-quruculuq işləri ilə həmahənglik təşkil edir. İlk andaca qurub-yaratmağa sonsuz həvəsi olan insanların yaşadıqları bir məkana gəlməyinə əmin olursan.
Quruculuq işləri, inkişaf və tərəqqi təkcə Naxçıvan şəhərini deyil, muxtar respublikanın bütün guşələrini əhatə edir. Bu qədim diyarın sakinləri ilə həmsöhbət olduqca hiss edirsən ki, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində blokada şəraitinə mətanətlə sinə gərmiş, düşmənin bəd niyyətlərini gözündə qoymuş Naxçıvan Muxtar Respublikası indi yeni yüksəliş və üstün tərəqqi dövrünü yaşayır.
Son zamanlar ölkəmizdə reallaşdırılan yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Naxçıvanın da dayanıqlı sosial-iqtisadi inkişafı üçün əlverişli imkanlar yaradır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən bölgədə fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Cari ilin 9 ayı ərzində həmin vəsait hesabına Naxçıvanda fəaliyyət göstərən sahibkarlara 1 milyon 375 min manat güzəştli şərtlərlə kredit verilib ki, bunun da 450 min manatı sənayenin, 250 min manatı kənd təsərrüfatının, 675 min manatı isə xidmət sektorunun payına düşüb.
Sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaradan və 2016-cı ildən tətbiq edilən investisiya təşviqi mexanizmi çərçivəsində ötən 7 ildən artıq müddətdə 18 sahibkarlıq subyektinin 24 layihəsi təşviq olunub, indiyədək dəyəri 77 milyon manatdan artıq olan texnika, texnoloji avadanlıq və qurğular güzəştli şərtlərlə muxtar respublikaya idxal edilmiş və müasir istehsal sahələri qurulub.
Məlum olduğu kimi, ümumi iqtisadi inkişafa təsir göstərən amillərdən biri də yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Son illər Naxçıvan Muxtar Respublikasında istehsal olunan vafli, peçenyelər, mineral sular, üzüm, siqaret, travertin, mərmər, mebel, gipsolet karton lövhə, sement, məsaməli beton bloklar Türkiyə, Rusiya, Gürcüstan, İran, İraq, Ukrayna, BƏƏ, Əfqanıstan, Yəmən və digər ölkələrə ixrac olunması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən 1500-dən çox mənşə sertifikatı verilib.
Son 20 il ərzində muxtar respublikada dövlət əmlakının idarə edilməsi və özəlləşdirmə proqramlarının reallaşdırılması prosesi müasir təcrübələr əsasında optimallaşdırılıb. Nazirliyin məlumatında bildirilir ki, 2003-cü ildən sonrakı dövrdə özəlləşdirmə prosesi çərçivəsində dövlət mülkiyyətində olan 1432, o cümlədən 323 kiçik müəssisə, obyekt, 1085 nəqliyyat vasitəsi və 1 milyon kvadratmetrdən artıq 24 torpaq sahəsi özəl mülkiyyətə keçib. Bu dövrdə dövlət müəssisələrinin bazasında yaradılmış 53 səhmdar cəmiyyətindən 43-ü özəlləşdirilib. Ötən müddətdə dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində 21 milyon 668 min manatdan artıq vəsait dövlət büdcəsinə, müəssisə və təşkilatların hesabına köçürülüb. Dövlət əmlakının özəlləşdirilməsi isə ÜDM-də özəl sektorun payının artmasına səbəb olub.
Göründüyü kimi, muxtar respublikada sağlam biznes mühitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər sosial-iqtisadi inkişafı yeni məcraya yönəldib. Hazırda bölgənin iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yeni sənaye müəssisələrinin sayının artırılması və onların infrastruktur imkanlarının genişləndirilməsinə xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, sənayenin əsas hissəsini təşkil edən emal sənayesində çörəkbişirmə, şəkər, mineral su, spirtli içkilər, siqaret, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş, sement, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə və digər istehsal sahələri yaradılıb. Həmin müəssisələr xarici ölkələrdən gətirilmiş yüksək keyfiyyətli avadanlıqlarla təmin olunub. Sevindirici haldır ki, yeni müəssisələrdə daxili bazarla yanaşı, ixracyönümlü məhsullar da istehsal olunur. İndi muxtar respublikanın böyük sənaye müəssisələrinin istehsalı olan məhsullar özünə bazar tapmaqda ciddi çətinliklərlə üzləşmir.
Hazırda Naxçıvan Muxtar Respublikasında mövcud iri müəssisələrin istehsal etdikləri məhsulların həm daxili bazarda satışının dəstəklənməsi, həm də xarici bazarlara çıxışının artırılması istiqamətində də lazımi dəstək tədbirləri həyata keçirilir. Bununla yanaşı, muxtar respublikanın zəngin təbii ehtiyatları və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndirilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli fərmanı ilə 4,8 hektar ərazidə yaradılmış Şərur Sənaye Məhəlləsi, hələlik, muxtar respublikada yeganə olsa da, artıq bölgənin iqtisadi həyatında fəal rol oynamağa başlayıb. Mülkiyyətinə görə dövlət tərəfindən qurulan və idarə olunan Şərur Sənaye Məhəlləsi bölgədə hərtərəfli xidmət, stimullaşdırma tədbirlərinin həyata keçirilməsi ilə rəqabətqabiliyyətli, daxili və xarici bazarın tələbatına uyğun məhsul istehsalına, istehsalın perspektiv fəaliyyətinə, istehsal vasitələrindən səmərəli istifadəyə və beləliklə, sənayenin kompleks inkişafını tənzimləməyə imkan yaradır.
Ötən müddətdə Şərur Sənaye Məhəlləsinin ərazisində 24 istehsal sexi, 1 konfrans zalı, 6 inzibati və 5 texniki otaqdan ibarət bina və 3 istehsal korpusu inşa olunub. Artıq burada ayaqqabı, tikiş malları, unlu qənnadı məmulatları, qapılar, mebel, kağız kisə və karton tara istehsalı sahələri üzrə 7 sahibkarlıq subyekti fəaliyyət göstərir. Bitki yağı, qəlyan tütünü istehsalı sahələrinin yaradılması istiqamətində işlər isə davam etdirilir.
Şərur Sənaye Məhəlləsi ilə tanışlığımız zamanı sahibkarlar dövlətimizin yeni iqtisadi siyasətinin nəticəsi olan sənaye məhəllələrinin yaradılmasından razılıqlarını dilə gətirdilər. Bildirdilər ki, dövlətin hərtərəfli dəstəyi nəticəsində yaradılmış bu tip müəssisələrdə rəqabətədavamlı, yüksək keyfiyyətli məhsul istehsalı üçün lazımi şərait yaradılıb. Bu da həmin müəssisələrə inamı xeyli artırıb. İnam olan yerdə isə çoxsaylı sifarişlərlə yanaşı, iş də var, yaxşı dolanışıq da. Yeri gəlmişkən, bu yaxınlarda Şərur şəhərində istifadəyə verilmiş “Yaşıl bazar” ticarət mərkəzini sənaye məhəlləsində fəaliyyət göstərən sahibkarlar üçün, necə deyərlər, göydəndüşmə fürsət hesab etmək olar. Son günlər ticarət mərkəzindən sənaye məhəlləsinin ayrı-ayrı istehsal müəssisələrinə çoxsaylı sifarişlər daxil olub. Bu da sahibkarların məmnunluğuna səbəb olmaqla yanaşı, onları istehsal prosesini daha da genişləndirməyə ruhlandırır.
Sənaye məhəlləsindəki “Tortilla” şirniyyat müəssisəsində isə 30-dan artıq çeşiddə məhsul istehsal olunur. Burada çalışan şirniyyat ustalarının əməyi ilə ərsəyə gələn məhsullar Şərurla yanaşı, Naxçıvan şəhərində, həmçinin muxtar respublikanın digər rayonlarında da məşhurdur. Bundan əlavə, müəssisədə hazırlanmış toy, nişan və ad günləri tortları da dadı və münasib qiyməti ilə sifarişçini tam razı salır.
Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi məsələləri dövlət tərəfindən həyata keçirilən prioritetlər sırasındadır. Ötən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması energetika sektorunun inkişafını ləngitsə də, indi bu sahə yeni yüksəliş dövrünü yaşayır. Əvvəllər elektirk enerjisini kənardan alan Naxçıvan Muxtar Respublikası artıq enerji ixracatçısı kimi mövqeyini getdikcə artırır.
Əlverişli coğrafi mövqedə yerləşən bu bölgə ekoloji cəhətdən təmiz, bərpaolunan enerji mənbələri ilə də zəngindir. Həmin potensialın hərkətə gətirilməsi üçün imkanlar da olduqca genişdir. Mütəxəssislərin hesablamalarına görə, burada günəşli saatların orta illik miqdarının 2600-2800 saat, hər kvadratmetrə düşən günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat-saat təşkil edir. Bütün bunların nəticəsidir ki, muxtar respublika artıq regionun “yaşıl enerji” diyarına çevrilməkdədir. Təkcə onu demək kifayətdir ki, son bir neçə ildə Naxçıvanda bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı sahəsində əhəmiyyətli artım qeydə alınıb.
Muxtar respublikanın ərazisində ilk Günəş Elektrik Stansiyası 2015-ci ildə Babək rayonunun Xalxal kəndi yaxınlığında tikilib istismara verilib. 20 meqavat gücündə olan “Naxçıvan” Günəş Elektrik Stansiyasının gücü 2017-ci ildə daha 2 meqavat artırılaraq 22 meqavata çatdırılıb. Stansiyada il ərzində 33 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur. 2015-2022-ci illər ərzində isə burada 233 milyon 719 min kilovat-saat elektrik enerjisi istehsal edilib.
2019-cu ildə Kəngərli rayonunun Qabıllı kəndi yaxınlığında 2 meqavat, bir il sonra isə 3 meqavat gücündə “Kəngərli” Günəş Elektrik Stansiyası işə salınıb. Bölgənin “yaşıl enerji” potensialından səmərəli istifadənin artırılması məqsədilə 2021-2023-cü illərdə Şərur rayonunun Zeyvə kəndinin yaxınlığında 11 meqavat gücündə yeni “Şərur” Günəş Elektrik Stansiyası, 2021-ci ildə 1,1 meqavat gücündə “Culfa” Külək-Günəş Hibrid Elektrik Stansiyası”, 2022-ci ildə isə 0,3 meqavat gücündə “Culfa” Külək Elektrik Stansiyası istismara verilib. İndi bu qurğular Naxçıvanın etibarlı və dayanıqlı enerji təminatında mühüm rol oynayır.
Bununla belə, ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvanın da “yaşıl enerji” zonasına çevrilməsini qarşıya mühüm vəzifə kimi qoyub. 2023-cü ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvanda xüsusi sessiyanın keçirilməsi də bölgənin bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədi daşıyırdı. Həmin tədbirdə energetika naziri Pərviz Şahbazovun Naxçıvanda 1500 meqavat gücündə “yaşıl enerji” layihələrinin reallaşdırılmasının hədəfləndiyini diqqətə çatdırması da yaxın illərdə bu sahədə ciddi işlərin görüləcəyindən xəbər verir.
Xatırladaq ki, sessiyanın gedişində Azərbaycanın Energetika Nazirliyi “Total Energies” şirkəti ilə “250 meqavat gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 meqavat gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, həmçinin “Nobel Energy Management MMC” ilə “Naxçıvan Muxtar Respublikasında 400 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sessiyada, həmçinin Naxçıvan və Şərqi Zəngəzurun günəş enerjisi potensialından ətraflı bəhs edilərək bu regionların Azərbaycanda günəş enerjisi layihələrinin inkişafına böyük töhfə verəcəyi vurğulanıb.
Artıq ənənəyə çevrilmiş Azərbaycan–Türkiyə Enerji Forumu iki qardaş ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır. Qeyd edək ki, əsasən, “yaşıl enerji konsepsiyası” çərçivəsində formalaşdırılan bu platforma enerji sahəsində əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsini hədəfləyir. Sentyabrın 28-də keçirilmiş budəfəki forumda regionun bərpaolunan enerji potensialı bir daha nəzərdən keçirilib, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib. Bütün bunlar, həm də Naxçıvanın “yaşıl enerji” dəhlizinə çevrilməsi üçün geniş imkanlar yaradır. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan enerji mənbələrindən istehsal edilən “yaşıl enerji”nin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan isə Türkiyə və Avropaya ötürülməsi qarşıdakı iqtisadi hədəflərdən biri kimi müəyyənləşdirilib. Digər tərəfdən, muxtar respublikanın bərpaolunan enerji mənbələri ilə zəngin olması bilavasitə Naxçıvanın özünün potensial enerji dəhlizi kimi rolunu artırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Naxçıvanda həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə buradan Türkiyəyə ən azı 1000 meqavat həcmində “yaşıl enerji” ixracına imkan yaranacaq.
Füsunkar və əsrarəngiz təbii gözəllikləri ilə zövq oxşayan Naxçıvan Muxtar Respublikası turistlərin ən çox sevdiyi məkanlardandır. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir inkişaf səviyyəsi muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir. 200-dən çox mineral bulağı, nadir fauna və florası olan muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaradıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Arazboyu, Ordubad və Arpaçay dövlət təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Bundan əlavə, Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs kimi əksər yaşayış məntəqələrində kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Həmin kəndlərdə asudə vaxtını səmərəli keçirmək istəyən turistlər həm də onlarla çeşiddə təmiz ekoloji məhsullarla tanış olmaq imkanı əldə edirlər. Muxtar respublikada Ağbulaq Xizək Mərkəzinin fəaliyyət göstərməsi ənənəvi turizm növlərinin inkişaf etdirilməsi ilə yanaşı, yeni turizm istiqamətlərinin formalaşması üçün də geniş imkanlar yaradır.
Bu gün muxtar respublikada fəaliyyət göstərən 5 ulduz kateqoriyasına malik “Təbriz” və “Duzdağ” otelləri, “Saat Meydanı” Turistik İstirahət Mərkəzi, Ağbulaq İstirahət Mərkəzi və digər turizm obyektlərində yüksək keyfiyyətli xidmətlər təklif olunur. Göründüyü kimi, son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan verib ki, bu da muxtar respublikaya turist axınını xeyli sürətləndirib.
Hazırda qədim Naxçıvan diyarının gələcək inkişafının yeni konturları cızılır, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ı növbəti 5 il üçün əsl fəaliyyət proqramı kimi qəbul edilir. Belə ki, yeni proqramda təklif olunan istiqamətlərin qlobal təşəbbüslərə açıq olması sürətlə dəyişən dünyanın innovativ tələblərinə inteqrasiyasını da hamı üçün əlçatan edir.
Müasir çağırışlara uyğunluğu nəzərə alınaraq hazırlanmış bu mühüm dövlət sənədi muxtar respublikaya daha yaxşı günlər vəd edir. Bir sözlə, Azərbaycan dövlətinin hərtərəfli diqqət və qayğısı insanlarda Naxçıvanın sabahına inamını bir qədər də möhkəmləndirir, onları qurub-yaratmağa ruhlandırır. İndi muxtar respublikada böyükdən kiçiyə hamı dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına, doğma diyarının inkişafına öz töhfəsini verməyə çalışır. Bu da Naxçıvan şəhərinin, eləcə də muxtar respublikanın digər yaşayış məskənlərinin daha parlaq, bundan da gözəl gələcəyinə ümidləri artırır.
Mirbağır YAQUBZADƏ,
Səbuhi HƏSƏNOV
XQ
Bakı-Naxçıvan-Bakı
(Yazı “Xalq qəzeti”, “İki sahil” və “Şərq qapısı” qəzetlərinin birgə layihəsi əsasında hazırlanıb.)