Noyabrın 20-də Xarici İşlər Nazirliyində Silahlı Qüvvələr tərəfindən həyata keçirilən antiterror tədbirlərindən sonra Qarabağda aşkar edilmiş Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və planlaşdırdığı növbəti hərbi cinayətlərə dair yeni faktlarla bağlı Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə mətbuat brifinqi keçirilib. Hər iki qurumun mətbuat xidməti idarəsinin rəhbərləri - Ayxan Hacızadə və Anar Eyvazov çıxış ediblər.
Brifinqdə həm Ermənistanın ərazilərimizi işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində, həm də postmünaqişə dövründə beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycan ərazilərində sülh və təhlükəsizliyə hədə törədən Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, həmçinin mina təhdidinə cəlb edildiyi xatırlanıb. 44 günlük Vətən müharibəsindən sonra ərazilərimizdə piyada əleyhinə 10 mindən çox, tank əleyhinə 3000-dən çox mina və 12 minədək partlamamış döyüş sursatının aşkarlandığı və neytrallaşdırıldığı bildirilib.
Bu il sentyabrın 19-20-də 24 saatdan az müddətdə antiterror tədbirlərindən sonra bölgədə mina təmizləmə fəaliyyəti, habelə kommunikasiya xətlərinin və yeni təchizat yollarının bərpası məqsədilə Müdafiə Nazirliyinin digər aidiyyəti qurumlarla apardığı fəaliyyətin ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasını bir daha göstərdiyi vurğulanıb. Aparılan işlər nəticəsində ərazilərimizdə böyük bir hissəsi mülki infrastrukturlarda yerləşdirilən hərbi maşınlar, müxtəlif çaplı silahlar və sursatların aşkarlandığı bildirilib. Xüsusilə “Kornet” və “Faqot” tank əleyhinə idarə olunan raket sistemlərinin, 2021-ci il istehsalı olan TOS-1A tipli reaktiv yaylım atəşi sistemlərinin raketlərinin aşkarlandığı qeyd olunub. Bununla yanaşı, son 30 il ərzində Ermənistanın Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzində apardığı fəaliyyət barədə məlumat verilib.
Brifinq zamanı, həmçinin bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub. Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu antiterror tədbirlərindən sonra aşkar edilmiş videolar nümayiş etdirilib.
Brifinqə qatılan şəxslər antiterror tədbirlərindən sonra ərazidən müsadirə edilmiş modifikasiya olunmuş silahlar, dronlar, 2021-ci il istehsalı olan sursatlar və minaların nümunələri ilə tanış olublar.
Xatırladaq ki, tədbirdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus, hərbi attaşelər, habelə yerli və beynəlxalq media nümayəndələri iştirak ediblər.
XQ