Ağdamın əzəmətini və möhtəşəmliyini özünə qaytarmaq başlıca məqsədimiz və amalımızdır

post-img

Noyabrın 20-də Ağdam şəhəri işğaldan azad edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, hər il 20 noyabr tarixi “Ağdam günü” kimi təntənəli şəkildə qeyd olunacaq. Qeyd edək ki, imzalanan üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Ölkəmiz Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Hazırda yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. 23 iyul 1993-cü il tarixində Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Qeyd edək ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. Ağdam rayonunda işğaldan əvvəl 143 min insan yaşayırdı. Bu gün Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın bir şəhər, 124 kəndi vardı. Qeyd edək ki, bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində ağdamlılar qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. Ağdam rayonunun Azərbaycan dövlətinin ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışdır.

Dövlətimizin başçısının göstərişi ilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilmişdir. 

         Tarixən Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Ağdam rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. 

        İkinci Qarabağ müharibəsinin son günlərinədək işğalçı rejim Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Rayonda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmişlər. Belə ki, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Həmçinin, dini ibadətgahlardan Ağdamın Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Rayonun mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun, 1992-ci il tarixli "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. İşğalçı erməni silahlı birləşmələri mənsub olduğu xalqın xislətinə uyğun olaraq, evlərə od vurdular, insanların əmlaklarını taladılar və şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tutdular. Beləliklə, rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü.

          Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də düşməndən təmizlənən Ağdamda olarkən, dövlətimizin başçısı şəhərdə Azərbaycan bayrağını qaldırdı. Prezident İlham Əliyev orada dedi: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır…”. Rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir. Böyük investisiyalar və görülmüş işlər hesabına hazırda rayon əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır. İndi Ağdam üçün yeni dövr başlayır. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Hesab edirik ki, Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin və kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Bizim böyük planlarımız var. Rayonun bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. 

           Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu döyüş meydanında parlaq Qələbə qazandı. Azərbaycan siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Ermənistanı işğalçılıq siyasəti uçuruma apardı və 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi. Ağdamda quruculuq işləri davam edir və hər bir ağdamlı tezliklə həmin yerlərə qayıtmağa hazrlaşır. Azərbaycan sürətlə inkişaf edir. Ağdamın işğal altında olmayan hissələrində ötən müddət ərzində 18 yeni qəsəbə salınıb. Təxminən 70 mindən çox ağdamlı həmin qəsəbələrə köçüb. Qarşıda bir amal və məqsəd var. Əvvəlki Ağdamın əzəmətini və möhtəşəmliyini özünə qaytarmaqla, zəhmətkeş ağdamlılar yenə də öz işlərinə davam etmək əzmindədirlər.

Prezident İlham Əliyev birinci dəfə dövlət başçısı seçilərkən söz vermişdi ki, onun dövrümdə bir dənə də olsun çadır şəhərciyi və vaqon qalmayacaq. Məcburi köçkünlərimiz yeni evlərə köçürüləcək. Sonrakı mərhələdə o, söz vermişdi ki, tikilən yeni və gözəl binaların hamısı müvəqqətidir. Dövlət başçımız demişdi ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik və öz vətəndaşlarımıza daha gözəl şəhərlər və qəsəbələr tikəcəyik. Qürurverici haldır ki biz artıq bunun şahidi olduq. Azərbaycan xalqı hər zaman buna inanırdı və prezidentin ətrafında sıx birləşmişdilər. Hər bir azərbaycanlı başını dik tutub qürurla gəzə bilər ki, biz müstəqil və ali bir dövlətik. 

Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Sosial həyat