Dirçəlişdən Zəfərə aparan yol!

post-img

Düz 35 il əvvəl unudulmaz noyabr günlərində Bakının Azadlıq meydanını o vaxta qədər görünməmiş böyük bir izdiham bürümüşdü. Buraya toplaşan insan seli  Qarabağda erməni separatçılarını himayə edən sovet imperiyasına qəti surətdə etiraz edirdi. Bu, milli istiqlal savaşı idi! Xalq onillər boyu həsrətində olduğu azadlıq mücadiləsinə qalxmışdı! 

Yadımdadır, o həyəcanlı hadisələr zamanı dəyərli ziyalılarımız – məşhur alim, şair və yazıçılar meydanda bir-bir tribunaya çıxır, xalqı birliyə, həmrəyliyə çağırır, eyni zamanda, kütləni ayıq-sayıq olmağa, hər cür şərə, fitnə və təxribatlara uymamağa səsləyirdilər. Azərbaycan vətəndaşlarını o gərgin günlərdə qədim və gözəl torpağımız Qarabağı qorumaq amalı birləşdirmişdir. 

Görkəmli vətənpərvər şair Tofiq Bayramın o günlərdə qələmə aldığı “Qarabağı vermərəm!” şeiri dillər əzbəri idi: 

Hər növ mərdi-məzardan, cana doyub deyirəm:

Əlin qopmasa ordan, köynəyim bayraq olub,

Seçilməz laləzardan, mən əsgərəm, əlimdən

O bayrağı vermərəm, öz canımı verərəm,

Qarabağı vermərəm!

Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov həmin hadisələri xatırlayaraq dedi ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Bu hadisələr haqlı olaraq istiqlalımıza aparan yolun başlanğıc səhifələrindən biri kimi dəyərləndirilir!  

Tarixçi alim, həmçinin vurğuladı ki, 17 Noyabr hadisələrinin mənəvi əsasları isə əslində ötən əsrin 60-cı illərinin sonlarından Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlanıbdır. Belə ki, bu dahi siyasətçi sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, elmin, mədəniyyətin dirçəlişinə xüsusi önəm verirdi. Onun respublikamıza birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan əsl dirçəliş, tərəqqi və intibah dövrünə qədəm qoymuşdu. 

Ümummili lider 1987-ci ilin noyabrında Kremldə tutduğu yüksək vəzifəsindən ədalətsizcəsinə uzaqlaşdırıldıqdan sonra, erməni separatçıları Qorbaçovun himayəsi altında baş qaldırdılar. Əvvəlcə saxta akademik Abel Aqanbekyan Parisdə Qarabağın Ermənistana verilməsinin vacib olduğu barədə sərsəm fikirlər söylədi. Sonra mərkəzi mətbuatda Azərbaycan əleyhinə qərəzli təbliğat kampaniyası başlandı.  

Bunun ardınca erməni vandalları Topxana meşəsində vəhşiliklər törətdilər, Ağdamda isə iki azərbaycanlı qətlə yetiridi. Bütün bunlar Azərbaycanın hər yerində milli təəssübkeşlik hisslərini daha da alovlandırdı. Xalq onun milli heysiyyatı ilə oynayanlardan haqq-hesab tələb etməyə qərar verdi! Beləcə, miqyası bu gün də çoxlarını heyrətə gətirən Meydan Hərəkatı başlandı! 

XX əsrin əvvəllərində Şərqdə ilk dəfə demokratik cümhuriyyət quran Azərbaycan xalqı azad yaşamaq istəyirdi. Xalq hərəkatı bütün əzəməti ilə respublikamızın bütün şəhər və rayonlarını bürüdü. Dekabrın 4-dək davam edən kütləvi mitinqlər keçmiş SSRİ-də ən iri miqyaslı kütləvi etiraz aksiyası idi. Bütün dünya diqqətlə  Azərbaycandakı kütləvi etiraz mitinqlərini izləyirdi. 

Vəziyyətin nəzarətdən çıxdığını görən rəsmi Moskva Azərbaycanda  ilk dəfə fövqəladə vəziyyət elan edərək,  imperiyanın müxtəlif ərazilərindən dislokasiya edilmiş daxili qoşun qüvvələrini Azadlıq Meydanının ətrafında yerləşdirməklə, dekabrın 3-dən 4-ə keçən gecə  etiraz mitinqini dağıtdı. Lakin Kreml bununla heç də xalqımızın azadlıq arzusunu boğa bilmədi. 

Azərbaycan öz istiqlalına doğru gedən yolda qərarlı idi! 17 Noyabr Meydan Hərəkatı  bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq haqqına malik olan, bu yolda bütün çətinliklərə sinə gərən Azərbaycan xalqını bundan sonra müstəmləkə əsarətində  saxlamaq qeyri-mümkündür! 

Təəssüf ki, 1988-ci ildə xalq hərəkatı alovlananda, Azərbaycana rəhbərlik edən siyasi qüvvələr gərgin ictimai-siyasi vəziyyəti düzgün qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox, imperiyanın və özlərinin mənafelərini düşünən bu siyasətbazların səbatsızlığı üzündən xalqımıza qarşı 1990-cı ilin əvvəlində qanlı 20 Yanvar faciəsi baş verdi. Azərbaycan xalqı öz milli azadlığına doğru inamla addımlayırdı! 

Xalqımız böyük müdriklik nümayiş etdirərək bir-birini əvəzləyən o zamankı  hakimiyyətlərin  cəmiyyətin dirçəliş və oyanışını  milli səmtə yönəltmək iqtidarında olmadığını qət edərək yenə də Ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi siyasətçi xalqını bu taleyüklü məqamda yalqız qoya bilməzdi! Xalq və Heydər ­Əliyev tandemi Azərbaycanın milli qurtuluş yoluna çevrildi!

1991-ci ilin mart ayında  Azərbaycan SSRİ Ali Sovetinin iclasında çıxış edən Ulu öndər gələcək mübarizə və inkişaf yolunu böyük uzaqgörənliklə bəyan edərək belə deyirdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. 

Ümummilli lider Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. Son 20 ildə isə Azərbaycan dövləti Prezident ­İlham Əliyevin müdrik liderliyilə öz iqtisadi, hərbi gücünü birə-on artırdı. Dövlət  başçımız ən mötəbər tribunalardan dəfələrlə bəyan edibdir ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının Ermənistan tərəfindən işğalı faktı ilə razılaşa bilməz. Milli Ordumuz bunu Qarabağ uğrunda müqəddəs savaşda sübut etdi!  

Xalqımız Milli Dirçəliş Gününü 30 ilə yaxın ərazilərimizin 20 faizini işğal altında saxlayan, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinə qarşı 44 günlük Vətən Müharibəsində ölkə Prezidenti,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun yağı düşmən üzərində möhtəşəm zəfəri ilə  qeyd edir. 

Azərbaycan bu gün dünyanın ən güclü, ədalətli və azadlıqsevər dövlətlərindən biri sayılır. Xalqımız öz istiqlalını, ərazi bütövlüyünü, şərəfini özünün igid oğullarının, şəhid və qazilərinin qeyri-­adi şücaətləri, qəhrəmanlıqları sayəsində qoruyub. Xalqımıza və dövlətimizə eşq olsun!   

 

Məsaim ABDULLAYEV 
XQ

 

Sosial həyat