Ağcabədi: kəndlinin zəhməti, torpağın səxavəti

post-img

Bu il Ağcabədi rayonunda 11 min 492,7 hektar sahədə pambıq yetişdirilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb. Bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.

Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb. Lakin yağıntılı hava şəraiti rayonda yığımda problemlər yaradıb. İntensiv yağışlar səbəbindən məhsulun yetişməsi gecikib. Bu, eyni zamanda, məhsuldarlığın azalmasına səbəb olub.

Ağcabədi rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Abbas Süleymanov bu barədə danışarkən dedi:

– Bu il tarlalara vaxtında və səmərəli aqrotexniki qaydada qulluq göstərdik. Vaxtında görülən işlər səmərəsini vermişdi, pambıq kolları yüksək səviyyədə bar verməyə hazır idi. Hər şey öz axarında gedirdi, lakin avqust və sentyabrda yağan aramsız yağışlar vəziyyəti çətinləşdirdi, pambıq məhsulu üçün problemlər yaratdı. Məhsulun bir hissəsi itkiyə getdi, keyfiyyət isə aşağı düşdü. Bundan əlavə, yağıntılı hava şəraiti qozalarda çürümə yaratdı, pambıq tarlalarında texnikaların da hərəkəti çətinləşdi. Yağış səbəbindən yığıma gec başladıq. Bu il pambığın məhsuldarlığı keçən illə müqayisədə 10 faiz aşağı düşüb. 

Rayonda hazırda 25 min tondan artıq məhsul yığılıb. Yığım davam edir. Hər hektar üzrə orta məhsuldarlıq 32,5 sentner təşkil edib. Bu, ötən ilin göstəricisindən 1,6 sentner azdır. Yığımın sonunadək məhsuldarlığı saxlamağa çalışacağıq. Rayonda pambıq yığımına 54 ədəd kombayn, 134 ədəd traktor, 306 ədəd qoşqu, 15 ədəd yükləyici, 35 ədəd çiləyici cəlb edilib. 

Qeyd edək ki, ötən təsərrüfat ilində Ağcabədi rayonunda 11 min 838,6 hektar sahədə çiyid səpini aparılmış, sahələrdən 40 min 362,6 ton xam pambıq tədarük edilmişdi. Hər hektardan orta məhsuldarlıq 34,1 sentner təşkil etmiş, bununla da, Ağcabədi pambıqçıları respublika üzrə ən çox məhsul əldə edən rayonlardan biri olmuşdu.

Abbas Süleymanov sonra bildirdi ki, pambıqçılıq Ağcabədi iqtisadiyyatının əsasını təşkil edən sahələrdəndir. Əmək tutumlu sahə olan pambıqçılıq on minlərlə insanı işlə təmin edir. Rayonda işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. 

Fermerlərə verilən subsidiyalar da artırılıb. 2023-cü il üçün subsidiya əmsalları barədə qəbul olunmuş qərara əsasən, fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 180 manat məhsul subsidiyası alacaqlar. 

Pambıqdan fərqli olaraq 2023-cü ildə taxıl sahələrindən yüksək məhsul əldə olunub. Rayonda, ümumilikdə, 26 min 664 hektar sahədə taxıl səpini aparılıb. Ağcabədi rayonunda biçin aparılmış 19 min 514 hektar buğda sahəsindən 74 min 211 ton, 7 min 150 hektar arpa sahəsindən isə 27 min 956 ton məhsul yığılıb. Buğdada orta məhsuldarlıq 47,5, arpada isə 39,1 sentner təşkil edib. Ümumilkdə, biçin aparılmış sahələrdən 120 min 714 ton məhsul əldə edilib. Məhsuldarlıq isə hektara 45,3 sentner olub. Bu, ötən ilin göstəricisindən 4,9 sentner çoxdur. 

2022-ci ildə rayon üzrə cəmi 28 min 198,7 hektar sahədə taxıl əkilmiş, 113 min 814 ton taxıl yığılmışdI. Məhsulun 80 min 701 tonu buğda, 33 min 113 tonu arpa idi. Məhsuldarlıq hektara 40,4 sentner təşkil etmişdi. Qarğıdalı yığımı isə davam edir.

Abbas müəllimin sözlərinə görə, rayonda yüksək məhsuldarlığa sahələrə arotexniki qaydada xidmət göstərilməsi, sertifikatlı toxumun seçilməsi, taxılın vaxtında suvarılması və s. təsir edib. Artıq fermerlər əvvəlki illərdə olduğu kimi, əlinə keçən taxılı deyil, yüksək sertifikatlı toxum əkirlər. 

Ağcabədililər baramaçılıq sahəsində də uğura imza atıblar. Ötən il təhvil verilən məhsula görə rayon respublikada ikinci yerdə olub. Hər qutudan 38,9 kiloqram olmaqla 33,53 ton barama məntəqələrə təhvil verilib. Bu mövsümdə də rayonda baramaçılığa xeyli maraq olub. İpəkqurdu toxumları yaş barama tədarük edəcək kümçülərin təsərrüfatlarında inkubasiya olunub, yem tədarükü, yaş baramanın təhvili, məhsulun qurudulması və saxlanılması prosesi qabaqcıl təcrübə əsasında təşkil edilib. Nəticədə, 275 nəfər kümçü 700 qutu ipəkqurdundan 34 min 450 kiloqram keyfiyyətli barama isehsal edib. Məhsul “AzSilk” MMC-ə təhvil verilib. Hər qutudan orta məhsuldarlıq 49,2 kiloqram təşkil edib. 

DAİM sədri sonda dedi ki, Ağcabədi rayonunun kənd təsərrüfatı potensialı yüksəkdir. İnnovativ yeniliklərin tətbiq olunması rayonun intensiv inkişafına və sakinlərin həyat şəraitinin yaxşılaşmasına xidmət edəcək.

Pünhan ƏFƏNDİYEV 
XQ

 

Sosial həyat