Bayden, yoxsa Tramp?!

post-img

Səsvermə gününə bir ildən az vaxt qalır 

Birləşmiş Ştatlarda prezidentlik uğrunda seçki kampaniyası adətən seçkilər gününə bir il qalmış başlayır. Mövcud qanunvericiliyə görə, növbəti səsvermə gələn il, 2024-cü ilin ilk çərşənbə axşamı, 5 noyabrda keçiriləcək. 

Bu dəfə seçkiqabağı kampaniya daha erkən başlayıb. Belə ki, 45-ci prezident, milyarder Donald Tramp artıq bir neçə müddətdir ki, ölkənin ali postuna iddiasını ortaya qoyaraq, özünün seçki kampaniyasına start verib. 

Hər bir şeyin səbəbi olur. Trampın “tələsməsi”, təbii ki, səbəbsiz deyil. Belə ki, qarşıdakı seçkilərdə Respublikaçılar Partiyasının vahid namizədi olacağına ümid bəsləyən Tramp ona qarşı iki il əvvəl başlanılan məhkəmə prosedurunun təxirə salınmasına çalışır. 

Məlum olduğu kimi, Trampın tərəfdarları 2021-ci il yanvarın 6-da seçkilərin nəticələrinə etiraz olaraq ABŞ Konqresinin binasına hücum ediblər. Bu zaman zorakılıqlar baş verib. Tramp həmin iğtişaşlardan öncə seçkinin nəticələrini ləğv etmək üçün qeyri-qanuni plan qurmaqda ittiham olunur. 

Bu, ciddi ittihamdır və sabiq prezidentin Ağ evə sahib olmaq arzusunu gözündə qoya bilər. Bundan başqa, Tramp Casusluq Aktı çərçivəsində onlarla cinayət işi ilə üzləşib. O, heç bir məhkəmə işində özünü təqsirli hesab etmir. 

Bəli, Tramp hər vəchlə Vaşinqtonda məhkəmə tarixini 2024-cü ildən sonrakı dönəmə qədər təxirə salmağa çalışır. Ancaq, görünür, sabiq demokrat prezident Barak Obama tərəfindən təyin olunan Kolumbiya mahalının hakimi Tanya Çatka ona göstəriən təzyiqlərə sinə gərərək məhkəmənin keçirilmə tarixini dəyişmək niyyətində deyil.

Yeri gəlmişkən, çərşənbə günü Florida ştatının Mayami şəhərində prezidentliyə respublikaçı namizədlər arasında sayca üçüncü debat baş tutub. Seçki texnoloqları belə bir məqama diqqət yetiriblər ki, müzakirələrdə əvvəlki illərlə müqayisədə daha az namizəd iştirak edib. Bu, ilk növbədə ona dəlalət edir ki, prezidentliyə iddialı respublikaçıların çoxu Trampı üstələyəcəklərinə əmin deyillər. 

Debat zamanı namizədlər bir neçə beynəlxalq məsələdə özlərini bir-birilərindən və partiyanın öndə gedən namizədi Trampdan fərqləndirməyə çalışıblar. Maraqlıdır ki, onların çoxu prezident seçiləcəkləri təqdirdə, İsraili birmənalı olaraq dəstəkləyəcəklərini, HƏMAS-ı isə “birdəfəlik bitirəcəklərini” bildiriblər. 

Lakin respublikaçıların ən populyar namizədi Tramp digər debatlarda da olduğu kimi, Mayamidəki debatlarda iştirak etməyib. Keçmiş prezident oradan, təxminən, 16 kilometr uzaqda yerləşən, əhalisinin əksəriyyətinin ispandilli olması ilə seçilən Floridanın Hialeah şəhərində tərəfdarları qarşısında mitinq keçirib.

Reallıq budur ki, Trampın respublikaçıların vahid namizədi olmaq şansı kifayət qədər yüksəkdir. Viriciniya Universitetinin siyasət fakültəsinin dekanı Cennifer Loules deyib ki, hazırkı namizədlərin bu günlərdə tez-tez keçirilən rəy sorğularında Trampdan daha yaxşı nəticə əldə edəcəkləri mümkünsüz görünür. 

“Tramp əksər rəy sorğularında 50 faizdən çox, digər sorğularda isə 40 faizdən çox səs toplayır, digər namizədlər isə heç buna yaxın gəlmirlər. Amma nə isə baş versə, Tramp ya həbs olunsa, ya da müxtəlif hüquqi səbəblərdən namizədləyini geri çəkməyə məcbur qalsa, ikinci yerdə kimdirsə, onun əli güclənəcək,”–deyə C.Loules vurğulayıb.

Bu arada Tramp federal seçkiyə müdaxilə ittihamı ilə əlaqədar Vaşinqtonda keçiriləcək məhkəməsinin televiziyada yayımlanmasını tələb edib. Ondan başqa, bir neçə media orqanı da “Amerika xalqının tarixi məhkəməni izləmək imkanlarının olmalı olduğunu” tələb edir.

Xatırladaq ki, ABŞ-da mövcud federal məhkəmə qaydaları məhkəmə iclaslarından yayım etməyi qadağan edir, ancaq nüfuzlu “The Associated Press” və digər xəbər agentliklərinin rəhbərləri hesab edirlər ki, keçmiş prezidentin “seçicilərin iradəsini dəyişdirmək” ittihamı ilə mühakimə olunduğu misli görünməmiş məhkəmə işi istisna təşkil edə bilər.

Trampın vəkilləri yazıblar ki, “prezident Tramp istəyir ki, bu məhkəmələr tam şəkildə televiziyada yayımlansın ki, Amerika xalqı bu işin konstitusiyaya zidd, uydurma bir nömrə olduğunu birbaşa görsün”. Yəni, Tramp demokratların onun əleyhinə təşkil etdikləri məhkəmə prosedurunu ictimai-siyasi şouya çevirib, bundan əlavə siyasi xal qazanmaq arzusundadır. 

Məlum olduğu kimi, Birləşmiş Ştatların hazırkı prezidenti Co Bayden də gələn ilki seçkilərə qatılacağını bəyan edib və xeyli yaşlı olmasına baxmayaraq, daha dörd il vəzifəsində qalacağına ümid bəsləyir. Baydenin tərəfdarları onun lehinə qızğın təbliğat aparmağa başlayıblar. 

Bir çox siyasi təhlilçilər isə demokratların arzu etdikləri hədəfin Rusiya–Ukrayna müharibəsinin nəticələrindən asılı olduğunu bildirirlər. Əgər Ukrayna cəbhədə nəzərəçarpan qələbə qazanarsa, Bayden “Ukrayna xalqına hərtərəfli dəstək verən güclü lider kimi” seçkiləri uda bilər. 

Lakin son rəy sorğuları ölkə əhalisinin böyük bir qisminin hazırkı iqtidarın siyasətindən narazı olduğunu nümayiş etdirir. Vətəndaşlar Ağ evi Ukraynaya və digər ölkələrə “hədsiz səxavət” göstərməkdə suçlayırlar. 

Yeri gəlmişkən, dünən gecə saatlarında bu yazı çapa hazırlanarkən, ABŞ prezidenti Co Bayden Asiya–Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransiskoda keçirilən ­30-cu zirvə toplantısında iştirak edən Çin lideri Si Cinpinlə görüşməli idi. 

Qeyd edək ki, ekspertlərin maraqla gözlədiyi bu hadisə ötən ilin noyabrında “Böyük iyirmilik” (G20) qrupunun İndoneziyadakı Zirvə toplantısı çərçivəsində baş tutmuş Cinpin–Bayden görüşündən sonra ilk canlı ünsiyyəti olacaq. 

Bakı Dövlət Universitetinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası kafedrasının müdiri, professor Aydın İbrahimov bu məsələ ilə bağlı bildirdi ki, hazırda dünyanın yeni siyasi düzəni formalaşır və bugünkü çox mürəkkəb geosiyasi vəziyyət fonunda bu görüşün keçirilməsi, bütövlükdə, müsbət hadisədir. 

San-Fransiskoda dünyanın iki böyük dövlətinin lideri arasında keçirilən müzakirələrdə hansı mühüm qərarların qəbul edilməsindən asılı olmayaraq, Ağ evin hazırkı sahibini böyük ehtimalla bir il sonra barışmaz siyasi rəqibi sayılan Trampla sərt “kim-kimi” sualının cavabı gözləyir. Ən doğru cavabı zaman verəcək. 

Məsaim ABDULLAYEV
XQ

 

Dünya