Reyhanın Azərbaycan mətbəxində xüsusi yeri var. Çox hallarda göyərti kimi yeməklərə və salatlara vurulan bu bitki ədviyyat olmaqla yanaşı, həm də bir çox dərdin də dərmanıdır.
Alimlər araşdırmalarla reyhanın sağlamlığa faydasının hər dəfə fərqli cəhətlərini müəyyən edirlər. Klivlend klinikasının dietoloqu Cillian Kalbertson italyan və vyetnam mətbəxində də əsas ədviyyatı olan reyhanın yeni faydalarını söyləyib.
Reyhan antibakterial və iltihab əleyhinə təsir ilə xroniki xəstəliklərdə faydalıdır. K vitamini ilə zəngin olduğundan sümükləri bərkidir. Reyhan qanda şəkəri salır, immuniteti möhkəmlədir, zədələnmiş hüceyrələri çıxarır, sağlam hüceyrələri qoruyur, qışda da, yayda da orqanizm üçün çox vacib olan ümumi tonusu artırır.
Bitki, həm də qidanın tez həzm olunmasına şərait yaradır, vanna şəklində sakitləşdirici təsir göstərir. Reyhanın dəmləməsini öskürək zamanı içmək faydalıdır, tərkibindəki efir yağı bakteriya əleyhinə işlənir. Sinir xəstəlikləri zamanı və ürəkbulanmada reyhan çayı yaxşı təsir göstərir.
Hind əczaçıları sübut ediblər ki, reyhan xərçəngin əsas yaranma səbəblərindən olan sərbəst radikalları orqanizmdən çıxararaq onu qoruyur. Bir neçə quru reyhan budağını paltar dolabına qoymaqla pis qoxunun və güvənin qarşısını almaq olar.
Z.HÜSEYNLİ
XQ