Fikrət Əmirov musiqisi Kölndə səslənib

post-img

Almaniyanın Köln şəhərində “Fikrət Əmirov – ənənə və modernizmin ustadı” adlı konsert təşkil olunub. 14-cü əsrin qədim tarixi abidəsi olan məşhur “Sankta Klara Keller“də keçirilən konsert görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirəsinə həsr edilib.

Tədbir Köln şəhərinin Mədəniyyət şöbəsinin və Alman–Azərbaycan Forumunun dəstəyi ilə həyata keçirilib. Konsertdə Alman–Azərbaycan Forumunun Mədəniyyət və incəsənət şöbəsinin rəhbəri Samirə Patzer çıxış edərək Fikrət Əmirovun yaradıcılığı, onun bəstəkar kimi Azərbaycan və dünya musiqisinə töhfələri, musiqiyə gətirdiyi yeni harmonik dilin qaynaqları barədə məlumat verib. Natiq Əmirov musiqisinin muğam sənəti ilə bağlılığını, bəstəkarın simfonik muğam janrının yaradıcısı kimi xüsusi rolunu qeyd edib.

Tədbirdə iştirak edən alman və Azərbaycan musiqiçiləri – Azərbaycan Respublikasının Əməkdar artisti, Köln Konservatoriyasının professoru Elnarə İsmayılova (piano), Düsselsorf Simfonik Orkestrinin solisti Andrea Kunlayn (skripka), Frankfurt Konservatoriyasının professoru Havyer Alonso (vokal), Fikrət Əmirovun kamera-instrumental əsərlərini ifa ediblər. 

Konsertdə Fikrət Əmirovun fortepiano əsərləri, “Sevil” operasından ariyalar, skripka və fortepiano üçün “Ballada”, “Məhəbbət rəqsi”, “Elegiya” və “Muğam-Poema” və digər əsərləri səsləndirilib. 

XQ

 

Mədəniyyət