Ən gözəl səhər

post-img

Sübhün alatoranından Şuşaya aparan yol görünürdü...

Vətən müharibəsindən əvvəl ön xətdə, səngərlərdə əsgərlərlə müxtəlif vaxtlar­da söhbətləşmişik. Günün nizam qaydalarına mane olmamaqla. Döyüş növbət­çiliyindən qayıdanlarla da, az sonra döyüş növbətçiliyinə gedəcək əsgərlərlə də söhbətlərimiz “Necəsiniz?”lə başlayardı, ancaq bitməzdi. Hər dəfə növbəti görüşə vədələşərdik. Onda döyüşlərdən, işğala son qoyulmasından danışardıq, növbəti görüşümüzdə qazanılacaq Qələbədən danışacağımıza əminliklə sağol­laşardıq.

Gün yaxa-yaxda da, gecələr hərdən görünən, hərdən buludların daldasına çəkilən Ayın, gah tənhalaşan, gah bir-bi­rinə yaxınlaşan ulduzların o qədər də gur olmayan işığında da əsgərlər qətiyyət­lə “Səngərləri sərhədlərə köçürəcəyik!” – deyirdilər. Onda bu qüdrət kəlmələrin gecənin içindən keçib haracan gedəcəyi haqqında zərrəcə düşünmürdük; duru niy­yətlər müqəddəslik mərtəbəsinəcən çatır.

Əsgərlərdən biri Birinci Qarabağ mü­haribəsinin iştirakçısı olmuş babasının bir döyüş təəssüratını xatırlamışdı:

– Döyüşə hazır idik. Niyəsə, döyüş əmri verilmirdi. Gecə uzandıqca uzanırdı. Yaz gecəsinin həlimliyində ləng ötüşən vaxta görə gileylənirdik. Dan yeri sökülən­də hazırlıq əmri verildi. Səhər açılar-açıl­maz hücum. O səhər gözəl səhər idi. O səhər bizə qələbə vəd edən səhər idi. Əsgərlərin qarşı yaxaya yönələn baxışları bir-birinə sarılmışdı. Bu vəhdətdə güc gör­müşdüm, qüdrət görmüşdüm. Bu doğma baxışların diləyini başa düşmək çətin de­yildi: Açılan səhərimiz gözəl səhər olsun! Gözəl istək idi və bu gözəl istəyi dan yeri sökülən səhərə niyyət duası bilmişdim...

2020-ci il 27 sentyabrda hücuma keçən düşmənə atılan güllələr, mərmilər hücu­mu dayandırmaq istəyinin güllələriydi. 28 sentyabr səhəri atılan güllələr, mərmilər işğalı sonlandırmaq üçün başlayan Vətən müharibəsinin güllələriydi, mərmiləriydi; niyyətlərin səhəriydi 28 sentyabr səhəri, döyüş əzminin, qələbə ruhunun səhəriydi, şəhidlərin ruhunun harayına boy göstərən səhəriydi, qorxuya, səksəkəyə dönüb düş­mənin canına daraşası qüdrətin səhəriydi, “Bir ovuc torpaq da Vətəndir!”, “Dövlət sərhədlərimizin bu üzündə səngər olma­yacaq!”, “Şuşaya aparan yollar görünür!” – deyənlərin səhəriydi...

İşğaldan azad edilmiş ərazidə əsgər­lərin əhatəsindəydim. Əsgərlər müddət­dən artıq həqiqi hərbi xidmət qulluqçusu Elşad Səlimovun döyüş təəssüratlarını neçə dəfə eşidiblər. Bizimlə nəfəs-nəfəsə eşitmək də onlara xoş gəlir. Dinləyirlər, həsəd apardıqları aydınlığıyla hiss olunur. Müqəddəs döyüşlərdə mahiyyətli söhbət indi də könül xoşluğu gətirir.

1992-ci ilin 31 dekabr gecəsi Tərtərdə Pənahla, Fəğanla düşmənin “beş-on ad­dımlığında” postda dayanan əsgələrlə kö­nül söhbəti edirdik. “Gecənin içindən keçib ermənilərin postunu darmadağın edərik. Səhərə yaxın dayaq mıntəqələrini. Yəni bir gecədə bir döyüşlük yolu yarılayarıq. Döyüş əmri olsa gecəni gündüz bilib dö­yüşərik, döyüş əmri olsa səhərimiz qələ­bəylə açılar...”, – əsgərlərdən biri belə de­mişdi. Göy üzünə baxmışdıq. Sonra qarşı tərəfə. Qarşı tərəfdə üzücü səssizlik vardı. 

Mənə elə gəlmişdi ki, burada xırdaca bir tərpəniş olsa, orada kimsə qalmaya­caq; düşmənin səksəkəylə xidmət edən əsgərləri gecələrin səhərini səksəkəylə açırdı. O əsgərlər Vətən müharibəsində xidmət edənlərin atalarına belə gecələ­rin necə uzandığını, necə keçdiyini, belə gecələrin səhərlərinin necə açıldığını da­nışıblar. Bunları eşidənlər, düşüncələrinə hopduranlar əsgər olanda ön xətdə xid­mət edirdisə, günlərinin aya döndüyünə, aylarının il qədər uzandığına zərrəcə şübhəm yoxdu.

2020-ci ilin sentyabrın 27-də hücuma keçəndə də, Azərbaycan ordusunun böl­mələrinin ciddi müqaviməti ilə üzləşəndə də, az sonra gücündən çəkindiyi ordu əks-hücuma keçəndə də düşmənin əsgər­lərinin, zabitlərinin barmağı tətik sıxanda titrəyib. Belə titrəyişlər onun müdafiəolun­ma instiktini, hərbi bacarığını üyüşdürüb. Geri çəkilə-çəkilə döyüşüb (döyüşməsə güllələnmə qorxusu yaşayıb). Azərbaycan ordusu qətiyyətli hücumla düşmənin mü­dafiə sədlərini darmadağın etdi. İlkin qələ­bələr düşmənin əsgərlərinin olan-qalan müdafiəolunma istəyini əzirdi. Düşmənin özü də etiraf edirdi ki, əsəgərləri bəzən döyüşdən yayınır. Bu yayınma döyüşdən imtina səviyyəsində yayınma idi.

Səhərin açılması məfhumu mənə ötən il döyüşçülərdən eşitdiyim bir döyüşü xa­tırlatdı.

Şükürbəylinin yaxınlığındaydılar. Səhərin açılmasını gözləyirdilər. Orxan Qədirovun rəhbərlik etdiyi bölmə böyürt­kən kollarının arxasındaydı. Bu, döyüş­çülərin hərəkətini bir qədər məhdudlaş­dırırdı. Orxan ratsiya ilə sol cinahda olan Sirac Siracovun manqasına bildirdi ki, atəşi öz üzərinizə çəkin, biz manevr et­məyə məcburuq. Belə də etdilər. Orxangi­lin bölməsi manevr etdiyi anlarda düşmən snayperi Rahili vurdu. Orxan bunu duyun­ca özünü yaralı döyüşçüyə yetirdi. Ülfət Qasımov ordaydı. Rahilə ilk tibbi yardım göstərirdi. Dövran yaralını kürəyində dö­yüşün içindən çıxardı. Kolluqdan çıxdıq­ları anda düşmən snayperi Dövranı sinə­sindən vurdu. Dövran döyüşçü yoldaşını təhlükəsiz yerə çatana kimi kürəyindən yerə qoymadı. Oraya çatanda yıxıldı...

Düşmən bütün silahlarından atəş açır­dı. Tank əleyhinə reaktiv qumbaraatandan da. Ramiq Dövranın köməyinə tələsdi. Mövqedən çıxdığı anda ayağına güllə dəydi...

Orxanın əmri ilə birinci manqa mövqe­də qalıb döyüşü davam etdirməli, digər manqa yaralıları təxliyə etməliydi. Ziyagil manqa ilə sağdan, Orxangil qarşıdan, Si­racgil isə soldan yaxın məsafədən atışırdı. Snayperlər yüksəklikdə döyüşçülərimizin mühafizəsinə cəlb olunmuşdu. Sirac da, Zakir də yaralanmışdı. Vüsal onlara ilk tib­bi yardım göstərirdi. Düşmən döyüşçüləri­mizin döyüş əzmini, qələbə ruhunu sarsı­da bilməzdi. Döyüşü az sayda döyüşçüylə davam etdirdilər – üç yaralı, yaralıları təx­liyə edənlər döyüşə bilmirdi. Qarşı tərəfə atılan güllələr sanki bir mətləbin carçısıy­dı: Mərə yağı, sən Azərbaycan əsgərinin qüdrəti qarşısında diz çökəcəksən!

Tab gətirə bilməyən düşmən qaçdı...

Gözəl bir səhər açıldı…

Belə səhərlər Azərbaycan əsgərinin döyüş əzmini də kükrədirdi, qələbə ruhunu da. Belə səhərlərin xoş ovqatı məmləkətə ən gözəl səhər vəd edirdi. O səhəri Azər­baycan əsgəri yetirəcəkdi. Onda hamımız döyüşçülərə ünvanlanan bir alqış eşidə­cəkdik: Surunuz yerisin! Bu alğış Dədə Qorqudun alğışı olacaqdı. Bu alğış 16 əsrdi dövlətçilik yolunda, torpaq yolunda möhtəşəm Zəfər qazananlara ünvanlanıb.

Şuşanın yaxınlığında kiçik qruplarla döyüşür, döyüş-döyüş Şuşaya – Qələ­bəyə yaxınlaşırdılar. Səlim Rəhimdən bir qədər qabaqda, sağ tərəfdə döyüşürdü. Düşmən inadla müdafiə olunurdu. Səlim Rəhimin atışının seyrəldiyini hiss edəndə gümanları onu arxaya – Rəhimin yanına çəkirdi. Atışa-atışa geriyə süründü. Rə­himin sağ çiynindən qan axırdı. Tələsik yaralı döyüşçünü bir qədər arxaya çəkdi, dəsmallarıyla yarasını sıxdı. Qanı belə dayandıra bilməyəcəkdi. Onu döyüşün işindən çıxarmaq üçün sağ qolunu boy­nunun altına saldı, sol əliylə dəsmalı dö­yüşçünün bədəninə sıxdı. Bir-iki addım çəkilməmişdilər ki, səntirlədi, sol döşünə güllə dəymişdi...

Səlimin sağ qolu Rəhimin boynunun altındaydı, Rəhimin sol qolu Səlimin boy­nuna toxunurdu. Səlimin son nəfəsi Rəhi­min son nəfəsinə kəfən olmuşdu...

Dünən gözəl bir səhər yaşamışdılar – düşməni əhəmiyyətli bir yüksəklikdən sıxışdırıb çıxarmışdılar. Üç gündən sonra ən gözəl səhəri ruhları salamlayacaqdı...

Elvin Şükürlü vardı. Baş leytenantıy­dı. Xidmət etdiyi hərbi hissə Murovdağ istiqamətində döyüşürdü. Əsgər Samir Qasımovun döyüşdən əvvəl dedikləri hamısının döyüş əzmini, qələbə ruhunu coşdurmuşdu: "Şəhid olsam, qisasımı al­sanız, ruhum sizə alqışçı olar..."

Elvin əsgərin qisasını alacağına and içmişdi. Qisas günü çatıbmış...

Dan yeri sökülməkdəydi. Səssizcə düşmənin mövqeyinə düşdü. Qarşısına çıxan düşməni səssizcə boğdu, sonra yaxınlaşan başqa düşməni boğdu, sonra üçüncünü, dördüncünü ... Boğduğu be­şinci düşmən avtomatın tətiyini sıxmağa macal tapdı...

Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də tarix yazdı. Onda bir məqalə yazmış­dım: ”Yazdığınız tarixin işığında yazıram, Azərbaycan əsgəri!” O işıq açılan səhərin işığıydı. O işıq noyabrın 9-u səhərinin işı­ğıydı...

Noyabrın 8-də Şuşa işğaldan azad edildi. 9 noyabr səhəri dünyanı heyrətə gətirdi–milli-xəlqi ruhun qüdrəti ilə, mö­cüzəsiz möcüzəsiylə, azərbaycançılığın dönməzliyiylə, vətənpərvərliyin nəhayət­sizliyiylə. Bizə ən gözəl olan səhər dün­yaya heyrət səhəri oldu; bəşəri dövlətlər 9 noyabr səhərinə dünyəviliyə döğan səhər dedilər...

Ruhumuzun şəhərini işğaldan Azər­baycan əsgəri qurtardı. Sonralar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyəcəkdi: “Azərbaycan torpaq­ları illərdi həsrət qaldığı Tərtər çayının su­larına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxu­yan nəfəslər daha yüksək, daha güclü olacaqdır”. Bu kəlmələr ən gözəl səhərin nurunda könlümüzü incə-incə telləndirir.

Zəfər – səhər qafiyəsinin könüləyatım­lığı ən gözəl səhərin ecazkarlığındadı...

İşğaldan azad edilmiş ərazilərdə əs­gərlərlə söhbətlərimizdə bu haqda da da­nışmışıq. Həm də dan yeri söküləndə...

 

Rəşid FAXRALI,
şair-publisist

Sosial həyat