Şəhid qardaşların qeyrət nağılı

post-img

ŞƏHİDLƏRİMİZ

 

Qarabağ uğrunda gedən müharibələrdə nə qədər ana-bacı gözüyaşlı qaldı, çox sayda arzu çilikləndi, neçə-neçə ümid puç oldu. Amma onlar dərdə mərdliklə sinə gərdilər, dərdlə yaşayıb ona alışdılar, yaşlandılar. Müsahibimiz belə analardan biri – I Qarabağ müharibəsində 2 oğlunu Vətənə qurban vermiş Lətafət Novruzovadır. 30 il əvvəlki yaralarına böyük Zəfərimizin öyüncünü məlhəm toxdaqlıqla, təsəlli duyğusu ilə danışdı:

– Böyük oğlum Natiq 1973-cü ildə Gürcüstanın Marneuli rayonunda doğul­muşdu. 6 ay sonra Bakıya köçdüyümüz­dən Azər 1975-ci ildə Bakıda anadan olmuşdu. Natiq təhsilə 1981-ci ildə Nə­rimanov rayonu 258 nömrəli məktəbdə başladı. Orta məktəbi bitirdikdən sonra rabitəçi ixtisasına yiyələndi. Sovet döv­rünün son vaxtlarında hərbi xidmətə ça­ğırıldı. Azər isə hələ orta məktəbdə oxu­yurdu. 

Kalininqradda hərbi xidmətə olan Natiq ermənilərin Qarabağa irimiqyas­lı ıhücumlarını eşidib bu xəbərlərdən dəhşətə gəlmişdi, Vətənin harayına ye­tişmək üçün fürsət axtarmışdı. O, xoş bir təsadüfdən qərargahın seyfindən 3 əsgər yoldaşının da hərbi biletlərini ələ keçirib onlarla birlikdə çətinlikləri aşıb Azərbaycana gəlmişdi. Natiqi hərbi ko­missarlıqdan cəbhə xəttinə göndərmiş­dilər. Beləliklə o, Qubadlının müdafiəsinə qoşulmuşdu. Bir müddət Əliyar Əliyevin dəstəsində döyüşmüşdü. Onu yoldaşları “Papanin Natiq” adlandırmışdılar. 

Qubadlının işğalından sonra 1 həftə ondan xəbər çıxmadı. Bir gün toz-tortaq içində gəlib çıxdı. Başına gələnlərdən söz açıb dedi ki, bir xəstə uşaq köməksiz qalmışdı, onu od-alovun içindən çıxar­dım, bir də yaralı erməninin qoyub qaç­dığı içi silahla dolu “KamAZ”ı sürüb Bey­ləqana gətirdim. 

Həmin vaxt Lətifə ananın ikinci oğlu Azər də hərbi xidmətə çağırılıb. Qardaş­ların ikisi də eyni yerdə döyüşmək istə­diklərini nəzərə alıb Nəsimi rayonunda təşkil edilən batalyonun tərkibində Kəlbə­cər istiqamətinə göndəriliblər. Hər iki qar­daş döyüş tapşırıqlarını cəsarətlə, baca­rıqla yerinə yetirirmiş. Komandirləri Qulu Quliyev hər ikisindən çox razı imiş. Bir gün döyüşqabağı Natiq komandirə deyib ki, mən kəşfiyyatçıyam, gedib hər tərəfə baxıb qayıtmışam. Yuxarıda muzdlu xari­ci snayperlər qarşımızı kəsib. Komandir isə deyib ki, əmrə tabeyik, bu gün Yan­şaq kəndi alınmalıdır.

Lətafət ana deyir ki, həmin gün ko­mandirlə birgə 21 nəfər döyüşə girib. Güllə yuxarıdan yağış kimi yağırmış:

– Gecə yuxuda gördüm ki, qabaq dişimin biri sındı. Yuxumu heç kəsə deməsəm də, canıma qorxu doldu. Azəri bir neçə günlüyə evə göndərmişdilər. O xəbər gətirdi ki, bu gecə Nəsimi batal­yonunu qırıblar. Azər tələsik geri qayıt­dı. Onu yola salan günün gecəsi yuxu­da ikinci dişim də düşdü. Yenə kimsəyə yuxumu danışmadım. Sən demə, 21 nəfərin hamısı Kəlbəcərin Yanşaq kən­dində gedən döyüşlərdə qəhrəmancası­na döyüşüb və yanvarın 1-də Qanlı göl deyilən yerdə şəhid olub. 

Azər batalyon komandirinin yanına gedib deyib ki, icazə verin, şəhidlərimi­zin meyitlərini çıxaraq. Komandir deyir ki, yeni qüvvə gələnədək gözləməliyik. Yanvarın 16-da batalyon kəndə girəndə Azər kəsə yolla gedib, meyitləri bir yerə yığıb. Sən demə, bu dəfə də pusquya dü­şübmüşlər. Qardaşının cəsədini görəndə Azər dözə bilməyib hönkürüb. Bunu eşi­dən düşmən atəş açıb və o, qardaşının meyitinin üstünə yıxılıb. Mühasirə də yalnız yanvarın 21-də yarılıb, meyitləri götürmək mümkün olub. Natiqi və Azəri yanvarın 22-də Bakıya gətirib II Fəxri xiyabanda dəfn etdilər. Anladım ki, 2 dişi­min dalbadal düşməyi nə imiş...

Şəhid anası Respublika Sarayında­kı görüşdə Ulu öndər Heydər Əliyevlə görüşün ona gətirdiyi hədsiz təsəlli­dən də söz açdı:

– Toplantıdan sonra Heydər Əliyev yanımıza gəldi. Hərənin əlində bir şəkil, mən isə iki balamın şəkli ilə dayanmış­dım. Ulu öndər dedi: “Sənin uşaqlarındı?” Dedim: “Bəli”. Dedi: “Bilirsənmi, sənin qırmızı işıqda keçmək haqqın var?” De­dim: “Cənab Prezident, Vətənə borcları­nı yerinə yetiriblər”. 1994-cü il oktyabrın 9-da böyük oğlum Natiq Novruzov “Azər­baycan bayrağı ordeni” ilə təltif edildi. 

Lətafət ananın həyat yoldaşı 2008-ci ildə dünyasını dəyişib. O, kiçik oğlu Samirin ailəsi ilə yaşayır. Nəvələrin­dən – şəhid əmisinin adını daşıyan Natiqdən və Samirədən danışır:

– Natiq eynilə əmisi görünüşdə, o xa­siyyətdədir. 9-cu sinfdə oxuyur, güləşlə məşğul olur, çoxlu medalları var. Samirə isə BDU-nun 3-cü kurs tələbəsidir. Dövlə­timizdən, onun başçısından çox razıyam. 1994-cü ildə Nərimanov rayonundakı 36 nömrəli tam orta məktəbə şəhid oğulları­mın – Novruzov qardaşlarının adı verilib, 1995-ci ildə məktəbin həyətində büstləri qoyulub. Adlarına küçə var. Bizə təqaüd verilir. 

Əvvəllər qəbir üstə gedəndə “qanı­nız yerdə qaldı, balalarım” – deyirdim. İnanın qələbədən az əvvəl ziyarətlərinə gedəndə ürəyimə dammış kimi dedim: “Natiq, Azər, az qalıb”. Qələbə xəbərini eşidəndən dinclik tapmışam. Başı – dik, alnı – açıq, üzü – ağ gəzirəm. Bütün şə­hidlərimizlə birlikdə uşaqlarımın da qisa­sı alınıb, ruhları şaddır. Düşünürəm ki, düşmənin murdar ayağının izini torpaq­larımızdan yalnız igid övladlarımızın qanı yuya bilərmiş. Vətənin şərəfini qeyrət və namusumuza vurulmuş bu ləkənin yuyul­ması özünə qaytardı.

 

Zərifə BƏŞİRQIZI
XQ



Sosial həyat