Vətən sevgisi – yenilməzlik ruhu

post-img

Qarabağdakı vəziyyət müharibəni yaratdı, müharibə isə qəhrəmanlar yetişdirdi. Onlar vətənin ərazi bütövlüyü uğrunda döyüşdülər. Kimisi qazi oldu, kimisi şəhid...

44 günlük Vətən müharibəsində xüsusı xidməti olan qəhrəmanlarımız­dan biri də şəhid, tabor komandiri Elçin Ağaqulu oğlu Tağıyevdir. 

Elçin Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kən­dində dünyaya gəlib. Həmin kənd orta məktəbinin 9-cu sinfini bitirərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub, 2007-ci ildə təhsilini başa çatdırıb. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində gənc leytenant kimi xidmət etməyə baş­layan Elçin Tağıyev nümunəvi zabit olub, hərbi tapşırıqları layiqincə yerinə yetirib. 

Əziz dostu, sirdaşı, baş leytenant Ziya Həsənov 2016-cı il Aprel döyüşlə­rində şəhid olduqdan sonra Elçin Tağı­yev Müdafiə Nazirliyinə müraciət edərək cəbhə bölgəsinə göndərilməsini istəyib. Onun arzusu nəzərə alınıb. Beləliklə, El­çin Tağıyev hərbi xidmətə döyüş bölgə­sində, “Mübariz postu” ərazisində davam etməyə başlayıb. Çox keçmədən kapitan rütbəsi alıb. 

Vətən müharibəsi başlayanda Elçin Tağıyevin rəhbərlik etdiyi həmlə taboru Goranboy istiqamətindən düşmən üzə­rinə hücuma keçir. Döyüşün ilk günlərin­dən onlar düşmənə ağır zərbələr vurur, keçilməz sədləri, istehkamları darma­dağın edirlər. Silahdaşlarının sözlərinə görə, sentyabrın 29-da Murovdağda "Ömər" aşırımı uğurunda gedən döyüş­də mühasirəyə düşən taborunu Elçin təkbaşına mühasirədən çıxarır.

Sentyabrdan 30-dan oktyabrın 1-ə keçən gecə Tərtər rayonunun Murovdağ yüksəkliyi, Suqovuşan, Talış kəndi is­tiqamətlərində gedən döyüşlərdə iştirak edir. Ağır yaralanmasına baxmayaraq, cəbhə xəttini tərk etmir, qələbə naminə əlindən gələni edir. Tərtər rayonunun Ta­lış kəndindəki "Ağ uçuq" adlanan ərazi­də isə qəhrəmancasına şəhid olur. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə Elçin Tağıyev ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" me­dalı və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin bacısı Kamilənin dedikləri:

– Qardaşım haqqında keçmiş zaman­da danışmaq ağır da olsa, qürurvericidir. Zəhmli görkəmi ilk baxışda onu çox sərt insana bənzədirdi. Amma Elçin kövrək qəlbli, mehriban, həssas bir insan idi. 

Əsgərləri Elçini qayğıkeş koman­dir kimi xatırlayırlar. O, hər bir əsgərinə xüsusi diqqət göstərib. Onun “İnstag­ram” səhifəsini mən işlədirəm. Əsgərləri onun barəsində çox gözəl, xoş sözlər yazırlar. 

Ən yaxın dostu Ziya Həsənov idi. Onun şəhid olmasından çox təsirlənmiş­di. Dostunun qisasını düşməndən ala­cağına and içmişdi. Andına sadiq qaldı qardaşım! 

– Elçinin müharibəyə getdiyi günü necə xatırlayırsınız?

– Qardaşım müharibə başlamamış­dan iki həftə öncə bizimlə görüşmək üçün rayona gəlmişdi. 

15 sentyabrda qızı Dəryanuru 1-ci sinfə özü apardı. Ertəsi gün hərbi his­səyə qayıtdı. Oradan da müharibəyə yollandı.

– Elçinlə bərabər, onunla eyni is­tiqamətdə digər qardaşınız – hərbi həkim Yalçın Tağıyev də müharibə­də döyüşüb. Onun da qəhrəmanlığı haqqında çox eşitmişik. Canını təh­lükəyə ataraq yaralı əsgərləri odun, alovun içərisindən çıxarır, xilas edir­miş. Onlar cəbhədə olarkən hansı hissləri keçirirdiniz? 

– Qardaşlarım – Elçin və Yalçın döyüşdə olarkən mənim nə hisslər ke­çirdiyimi bir Allah bilir! Həyəcan, qorxu, vahimə... Tez-tez zəng edib danışmaq, sağ-salamat olduqlarından əmin olmaq istəyirdik, amma döyüş zamanı danış­maq mümkün olmurdu. Allaha yalvarıb sağ qalmaları üçün dualar edirdik!

28 sentyabr 2020-ci il tarixidə tele­fonla hər iki qardaşımla danşdım. Sən demə, Elçinin səsini axırıncı dəfə eşidir­mışəm. 

– "Vətən–ana torpaq sevgisi sev­gilərin ən alisidir", – dedi Elçin. Vətən uğrunda son damla qanınadək dö­yüşərək ali məqama – şəhidlik zirvə­sinə ucaldı. Bu barədə sizə kim xəbər verdi?

– Oktyabır ayının 1-də Elçinə zəng vurdum, cavab vermədi. Yalçının nömrə­sini yığdım və ondan Elçinin şəhid olma­sını öyrəndim. Bircə "Kaş bu xəbər yalan olaydı", – deyib yerə çökdüm! Amma xə­bər doğru çıxdı.

Çox şükür, Yalçın sağ-salamat evimizə döndü! Tək təsəllim Elçindən bizə yadigar qalan üç övladı – qızı Dəryanur, oğlanları –Tağı və Məhəmməddir. Onları bağrıma ba­sanda qardaşımın ətrini alıram. O, Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdi, Zəfər gününü görmədi, amma zəfərə ge­dən yolu nişan verib getdi. 

– Kəmalə xanım, bəlkə, azacıq da olsa, qaysaq bağlamağa başlamış qəlb yaranız suallarımla qopub sızla­dısa, məni bağışlayın!

– Yox, mənim qəlbimdəki qardaş ya­rası əbədidir, heç zaman qaysaq bağla­mayacaq! Suallarınız qəlbimi sızlatmadı, əksinə, şəhid qardaşım haqqında ver­diyim müsahibə yaralı qəlbimi şad etdi. Sağ olun ki, Elçini yada saldınız! Şəhid bacısı kimi tək istəyim odur ki, Vətən fə­dailəri heç zaman unudulmasın!

Zülfiyyə ZİYA
XQ

Müsahibə