Günəş boyda sevinc...

post-img

(esse)

 

...Adı Alparslan, soyadı Cavan­şirdir. Mənim uşaqlıq dostum. Bu hekayəti mənə danışanda 14 yaşı vardı. Onun ağıllı oğlan olduğunu bilirdim, fəqət bu qədər yurdsevər, cəsur olduğundan xəbərim yox idi. Bütün bunları öz dilindən eşitdiyim hekayətində duydum. Alparslanın hekayətindən siz də agah olun. 

*** 

“Həyətimizdəki söyüd ağacının altın­da ovcumu açıb dayanmışdım. Söyüdün salxımlarından ovcuma parıldayan yaşıl dənələr tökülürdü. Dənələr getdikcə çoxa­lırdı. Ovcum dolanda isti barmaqlarımdan bədənimə yayılırdı. Sonra parıltı böyüyüb Günəşə çevrildi. Günəş gözlərimi qamaş­dıranda ...yuxudan ayıldım. Üzüm və əllə­rim hələ də isti idi. Yuxumu nənəmə danış­dım. Nənəm gülümsəyib dedi ki, söyüdün salxımından düşən dənələr dərslərindən aldığın “beş”lərdi, Günəşin parıltısı isə sə­nin sevincindi. 

Mən, doğrudan da, bütün fənlərdən beş alıram. Məqsədim böyüyəndə polis ol­maqdır. İnsanları oğrulardan, quldurlardan qoruyacağam. Eynən atam kimi. Atam polis zabitidir, özü də Türkiyədə oxuyub. İndi bizim rahatlığımızı qoruyur. İşi çox­du, çox vaxt evə biz yatandan sonra gəlir. Axı o, tək bizim yox, bütün azərbaycanlı uşaqların keşiyini çəkir. Onun polis mun­dirindən çox xoşum gəlir. Düşünürəm ki, səngərdə Vətənin keşiyini çəkən əsgərlər­lə polislərimiz eyni işi görürlər. Çünki on­ların biri Azərbaycanı xarici, o biri isə daxili düşmənlərdən qoruyur. Bu fikrimi atama deyəndə, mənimlə razılaşdı. Amma onu da dedi ki, sən hələ tələsmə, hansı peşəni seçəcəyinə böyüyəndə qərar verərsən. 

...Atamla bu söhbəti yay tətilində et­mişdik. Payızda Vətən müharibəsi baş­landı. Düşmənin Qarabağı, baba yurdum Füzulini işğal etdiyini bilirdim. Bunu bizə məktəbdə müəllimimiz, evdə atam da­nışmışdı. Axı, ermənilər niyə bizim Qa­rabağımızı ələ keçiriblər? Məgər onların öz torpaqları yoxdur? Nəyə görə Şuşada ermənilər yaşamalıdır? Bu sualları atama tez-tez verirdim. O isə cavab verirdi ki, tezliklə Qarabağı düşməndən azad edib, oraya qayıdacağıq. 

Məktəbimizdə “Hərbi vətənpərvərlik nədir?” mövzusunda sinif saatı keçirilirdi. Müəllimimiz bizə Milli Qəhrəmanımız Mü­bariz İbrahimov haqqında danışırdı. De­yirdi ki, Mübariz bu gün Qarabağı işğalçı­lardan azad edən əsgər və zabitlər üçün bir örnəkdir. Evdə atamla da bu mövzuda söhbət elədik. O, mənə vətənpərvərlik, fədakarlıq, qəhrəmanlıq, şəhidlik barədə maraqlı hekayətlər danışdı. Həmin sözlər beynimə birdəfəlik həkk olundu. Bunları əyani şəkildə hər gün televizorda verilən cəbhə xəbərlərindən də eşidirdim. Düş­məni məhv edən igid əsgərlərin, cəsur komandirlərin adları çəkilirdi. Onlar Qa­rabağı qarış-qarış işğalçılardan geri alır­dılar. Yaşım orduda xidmət etməyə çat­masa da, özümü Vətənin keşiyində duran əsgər kimi hiss edirdim və bundan qürur duyurdum. Qurtuluş savaşımızda qardaş Türkiyənin Azərbaycanı tək buraxmama­sı məni lap sevindirirdi. Həmin anlarda hamıdan çox türkiyəli dostum Mehmet yadıma düşürdü. 

Hə, onu da deyim ki, sosial şəbəkədə Türkiyədən xeyli dostum var. Ərzurum­lu Mehmet Fatehlə bir-birimizi elə gözəl başa düşürük ki... O da mənim kimi şeiri, musiqini çox sevir. Bu yaxınlarda Mehmet mənə bir şeir göndərib. Onu Ərzurumlu şair Kabakçı Esed yazıb, üstəlik mahnı da bəstələnib. Şeir belədir:

Gün gedəndə, Ay gələndə gəl, oğlum,

Cahan yanar sən güləndə gül, oğlum.

Bir yol vardır haqq yoludur, bul, oğlum,

Yeri bilmək, göyü bilmək, bil, oğlum, Bil, oğlum!

Səndən gedər sonsuzluğa yol, oğlum,

Dörd bir yana salmalısan kol, oğlum.

Əkməyini ac olanla böl, oğlum,

Haram yemə, haqq yolunda öl, oğlum, Öl, oğlum!

Vətəninə göz dikəni əz, oğlum,

Dostun kimdi, düşmənin kim, sez, oğlum.

Tarixini şərəfinlə yaz, oğlum,

Yaz oğlum!

...Şeirə görə Mehmetə təşəkkür elə­dim, cavabında ona bu fotoşəkili göndər­dim. 

Bu şəkil noyabrın 8-də Bakıda çəkilib, Şuşanın azad edildiyi gün. Qələbə xəbəri­ni Ali Baş Komandanımızın elan etdiyi hə­min o tarixi gün. Heç unutmayacam: səhər yuxudan ayılanda hər yandan atəşfəşan­lıq səsləri eşitdim. Nənəm eyvanda kim­lərəsə əlini yelləyirdi. Küçəboyu piyadalar, maşınlardakı adamlar əllərində iki bayraq tutmuşdu. Azərbaycanın və Türkiyənin bayraqlarını! Hilallı, ulduzlu əkiz bayraqla­rı! Nənəm sevincindən ağlayırdı. Mən də özümü saxlaya bilmədim... 

O axşam Mehmetə göndərdiyim şəklin altında bu sözləri yazdım: “Mən o qız qar­daşımı tanımıram. Amma əlindəki bayraq mənim üçün çox əzizdir. Sən də mənim üçün doğmasan. Böyüyəndə dost və qar­daş olaraq qalacağıq”. 

...Həmin axşam nənəm bayram süfrəsi açmışdı. Hamımız əyləşib atamı gözləyir­dik. Nəhayət, gecə yarısı atam gəldi. On­suz da sevincdən gözümüzə yuxu getmir­di. Bir də ki, bütün Bakı ayaq üstə idi. Hər tərəfdən atəşfəşanlıq səsləri gəlirdi. Atam hamımızı bir-bir qucaqlayıb bağrına bas­dı. Mənim alnımdan öpüb dedi ki, bu günü yadında saxla, indi gördüklərini gələcəkdə övladlarına, nəvə-nəticənə danışarsan. Onu sakitcə dinləyən nənəmin gözləri pa­rıldayırdı. Bu parıltı mənə yayda gördü­yüm yuxunu xatırlatdı. O an nənəm sanki ürəyimi oxudu, başımı sığallaya-sığallaya belə dedi: 

– Alparslan! Yayda gördüyün o yuxu­nun əsl mənası indi bəlli oldu. Söyüdün salxımından ovcuna tökülən parıltılı yaşıl dənələr düşməndən azad edilən kəndlə­rimiz, şəhərlərimiz, səni yuxudan oyadan həmin Günəş isə Zəfər sorağı imiş. Yəni, bizim salxım söyüdümüz Vətən Müharibə­sində Zəfərimizin müjdəsini yuxuda sənə Günəş şəklində çatdırıb.

Nənəmin bu sözlərindən sonra atam onun əlindən öpüb alnına sıxdı. Dönüb bizə baxdı. Mən, bacım, anam da eyni hərəkəti etdik. Axı, Vətənə Ana deyirik. Hər ikisini bax beləcə öpüb gözümüzün üstündə saxlamalıyıq. 

...Atam düz deyir, bu günləri heç vaxt unutmamalıyam. Xoşbəxtəm ki, doğma yurdum, Vətənim işğaldan azad oldu. Onu yağılardan qoruyan güclü ordumuz var. 

Bu günlər bir suala cavab tapa bil­mirəm: böyüyəndə polis olum, yoxsa hərb-çi? Hələ vaxtım var. Qərarımı hərbi xid­mətə çağırılanda verəcəyəm...”

P.S. Alparslan hekayətini danışıb qur­taranda onu bağrıma basmaqdan özümü saxlaya bilmədim. Və düşündüm ki, indi artıq 17 yaşının içində olan yeniyetmənin danışdığı, vətənpərvərlik ruhuna bələnmiş real hekayəti sizinlə bölüşməyim yerinə düşər... 

İ.HƏSƏNQALAXQ



Sosial həyat