Hadi – başıbəlalı şair

post-img

“Şeyxin şəhərdə nə işi?”

Məhəmməd Hadi çox məğrur insan olub. O, hələ tələbə olanda mollalığa hazırlaşdığı halda, mövhumata qarşı ciddi çıxışlar edirdi. Bir gün mübahisə vaxtı bəziləri şəhərin, bəziləri isə kəndin şərafətli olduğunu söyləyir. Bir nəfər de­yir: 

– Kənd şərafətlidir, çünki şeyxlərin hamısı kənddən çıxır.

O zaman, həqiqətən, şeyxlərin, çox vaxt kəndlərdən çıxdığını, təriqətçili­yin, əsasən, kəndlərdə yayıldığını bilən M.Hadi buna işarə edərək, ona ikibaşlı cavab verir:

– Düz deyirsən, şeyx dediyin kəs kəndlərdən çıxır, onun şəhərlərdə nə işi var?

“Qadınlar bizi anlamaz”

Şeirlərində qadın azadlığını həmişə müdafiə edən M.Hadi ömür boyu ev­lənməyə etinasızlıq göstərmişdir. Şair ilk gəncliyində qohumlardan birinin qı­zını sevmiş, qızı başqasına verdiklərinə görə, o çox sarsılmışdır. 

İlk eşqi onun qəlbində sağalmaz iz buraxdığından o, ailə qurmur. Dostla­rı arasında evlənməkdən söz düşəndə şair deyirmiş:

– Allah bunların bəlalarını versin. Bu qadınlarda bizi anlayacaq baş, duya biləcək ürəkmi var?

“Bədbəxtdən nə gözləyirsən?”

Məhəmməd Hadinin yaxın dostların­dan biri də A.Şaiq imiş. O, dostu Hadi­nin içkiyə aludə olduğunu söyləyib, onu dostcasına tənqid etdikdə, şair çox mə­yus olur və mütəəssir halda deyir: 

– Eh, Şaiq, həyatı başdan-başa faciələrlə dolu olan bir bədbəxtdən nə gözləyirsən?

Sonra o, əlləri ilə üzünü qapayıb hönkür-hönkür ağlayır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat