Qəhrəmanlar yurdu övladlarını gözləyir

post-img

25 Oktyabr Qubadlı Şəhəri Günüdür

2020-ci ilin 25 oktyabr günü xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, məhz həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Milli Ordumuzun igid əsgər və zabitləri Qubadlı şəhərini və ətraf kəndləri düşməndən azad ediblər. Bu, əlbəttə, son dərəcə qürurverici bir hadisədir. 

Bu gün həmin tarixi hadisədən düz üç il ötür. Qədirbilən xalqımız doğma Qara­bağın hər bir qarış torpağı kimi, Qubad­lının da azad olunmasında qeyri-adi şü­caət, hünər və qəhrəmanlıqlar göstərmiş hərbçilərimizlə sonsuz fəxarət hissi du­yurlar. Şəhidlərimizin ruhuna dualar oxu­yur, qazilərimizə Allahdan şəfa diləyirik. 

Qubadlının azad olunması ilə bağlı hərbi əməliyyat hərb tariximizin ən uğurlu əməliyyatlarından biri sayılır. Məlumdur ki, 2020-ci ilin payızında cəbhənin təmas xəttində davam edən erməni təxribatla­rına cavab olaraq Ali Baş Komandanın əmri ilə II Qarabağ müharibəsi, yəni, Vətən müharibəsi başlamışdır. Mühari­bənin ilk günlərindən sonadək Azərbay­can Ordusu yüksək peşəkarlıq və qələbə əzmi nümayiş etdirib. 

Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Belə ki, Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra, təbii ki, növbəti is­tiqamət Qubadlı rayonu idi. Hərbi eks­pertlər qeyd edirlər ki, dağların qoynun­da yerləşən bu şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düş­mən bu yüksəkliklərdən müntəzəm ola­raq hərbçilərimizə atəş açırdı. Ona görə də Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. 

Azərbaycan Ordusu bu yüksək peşə­karlığı, və misli-bərabəri olmayan fə­dakarlığı göstərə bilibdir. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürü­lüb, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mah­mudlu kəndləri düşməndən təmizlənib. Ondan sonra oktyabrın 25-də Azərbay­can Silahlı Qüvvələri Qubadlı şəhərinə daxil olaraq düşməni qovublar. 

Azərbaycan dövləti cəbhənin Qu­badlı istiqamətində əldə edilən bu uğuru əbədiləşdirmək qərarına gəlib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 25 oktyabr Qubadlı şəhəri günü elan edilib. 

Qubadlı rayonunun nüfuzlu ziya­lılarından olan Razim Əliyev fəxrlə bildirdi ki, dövlət başçımızın bu təşəb­büsü Qubadlı rayonun hər bir sakini­nin qəlbində dərin minnətdarlıq hissi doğurub:

– Qubadlının bugünkü və gələcək nəsilləri bu qələbəni daim böyük sevinc və coşqu ilə qeyd edəcəklər. Bu gün Azərbaycan öz qədim tarixinin ən şanlı günlərini yaşayır. Biz, həqiqətən, qalib və xoşbəxt xalqıq! 

Qeyd etmək lazımdır ki, Qubadlı ölkəmizin olduqca gözəl, əsrarəngiz tə­biəti olan bir bölgəsidir. Uca dağları, sıx meşələri, sərin bulaqları, Həkəri və Bər­güşad kimi bol sulu çayları, bərəkətli tor­paqları var Qubadlının. Amma buranın ən böyük sərvəti rayonun mərd, əməksevər insanlarıdır. Onlar bu yurdun tərəqqisi üçün daim fədakarcasına çalışıblar. 

Yaxşı xatırlayıram, 1980-cı illərin sonunda erməni separatçılara Qaraba­ğı Azərbaycandan ayırmaq niyyətinə düşəndə, Ermənistanla sərhəddə yer­ləşən Qubadlının kəndlərində yaşayan əhali üçün ciddi təhlükə yaranmışdı. O ağır dönəmdə Qubadlının qeyrətli oğul­ları könüllü müdafiə dəstələri yaradaraq doğma yurdun müdafiəsinə qalxmışdılar. 

Birinci Qarabağ müharibəsində düş­mənə qarşı qəhrəmancasına vuruşan igidlərimizdən biri də Kazımağa Kərimov idi. Pəhləvan cüssəli idi, amma çox sakit, həlim xasiyyəti vardı. Onu hələ tələbə­lik illərindən, 1970-ci illərin ortalarından yaxından tanıyırdım. Belə ki, Kazımağa o illərdə mənim də tələbəsi olduğum Bakı Dövlət Universitetinin jurnalistika fakültə­sində təhsil alırdı, yataqxanadakı qonşu otaqda qalırdı. 

Yadımdadır, Kazımağa doğma rayo­nu, anadan olduğu Sarıyataq kəndində yaşayan doğmaları, bu kəndin gözəl tə­biəti barədə böyük həvəslə söz açardı. Valideynləri on bir uşaq böyüdüb tərbiyə etmişdilər. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Deyərdi ki, Sarıyataq dünyanın ən gözəl kəndidir.

Universiteti bitirdikdən sonra Kazı­mağa bir müddət "Azərbaycan məktəbi" jurnalında, sonra isə “Azərbaycan müəlli­mi” qəzetində çalışdı. 1990-cı ilin əvvəllə­rində eşitdim ki, könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb. Əvvəlcə cəbhənin Göranboy, sonralar isə Tərtər istiqamət­lərində gedən ağır döyüşlərdə əsl igidlik göstərdi. 15 iyun1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yuma­raq şəhidlik zirvəsinə ucaldı. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı­na layiq görüldü. Məzarı Fəxri xiyaban­dadır. 

Yeri gəlmişkən, Qaçaq Nəbinin vətə­ni olan Qubadlı rayonunda hər zaman igid, qeyrətli oğullar çox olub. Azərbay­canın Milli Qəhrəmanı Əliyar Əliyevin adı bu gün də dillər əzbəridir. Əliyar doğma yurdun düşməndən qorunması üçün çox igidliklər göstərib. Onun düşmənlə mü­barizədə göstərdiyi qeyri-adi şücaətlər barədə hekayətləri eşidəndə insanın qəl­bi köksünə sığmır. 

Bu gün Qubadlı azaddır, xoşbəxtdir. Qubadlının düşməndən azad edilməsin­dən düz bir il sonra, Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də Qubadlı rayon ictimaiy­yətinin nümayəndələri ilə görüşüblər.

Dövlətimizin başçısı fəxrlə demişdir ki, bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Onlardan biri bizim əzizi­miz Şükür Həmidovdur. Qubadlı rayonu­nun sakini olan Şükür böyük qəhrəman­lıq göstərmiş və doğma rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına hə­lak olmuşdur. 

Prezident sonra bildirmişdir: “Şükür Həmidov bizim ən istedadlı və cəsarətli hərbçilərimizdən biri idi. O, Aprel döyüş­lərində böyük qəhrəmanlıq göstərmişdi. Məhz bu qəhrəmanlığa görə mən ona Milli Qəhrəman adını verdim və özüm də şəxsən onu bu mükafatla təltif etdim. On­dan sonra keçmiş məcburi köçkünlərlə ilk görüş əsnasında onun atası Nəriman kişi ilə tanış oldum və bilmirdim ki, o, Şü­kürün atasıdır. Köçkünlər üçün salınmış bir şəhərciyin açılışında mənə dedi, mən də salamlarımı çatdırdım. ...Eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı”. 

Ali Baş Komandan onu da qeyd et­mişdir ki, Şükür bütün hərbçilərimiz, gənc nəsil üçün nümunədir, öz canını doğma diyar uğrunda fəda edib və şə­hadət zirvəsinə ucalıb. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdirilə­cəkdir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyab­rın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Azərbaycan Respublikasının Qubadlı rayonunun iş­ğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüv­vələrinin 15 min 189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Düşməndən azad edilən Qubadlıda digər bölgələrimizdə olduğu kimi hazır­da böyük tikinti-quruculuq işləri görülür. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022–2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğal­dan azad edilmiş ərazilərinə Böyük Qayı­dış I Dövlət Prqoramı” uğurla icra edilir. 

Hazırda Qubadlı istiqamətində bir-bi­rindən rahat, gözəl yollar çəkilir, müvafiq infrastruktur qurulur. Şübhə yoxdur ki. ən yaxın aylar, illər ərzində Qubadlı sakin­ləri doğma yurd yerlərinə qayıdacaq, bu bərəkətli torpaqlarda qurub-yaradacaq­lar. 

Bu günlərdə 30 il əvvəl taleyinə qaçqınlıq yazılan qubadlılı köhnə ta­nışım, Mahruzlu kəndinin sakini Hacı Azər Qarayev ilə təsadüfən rastlaşdım. O, dərin əminlik hissilə dedi ki, bu dəfə qubadlılılar doğma yurdlarına əbədi qa­yıdacaqlar. Bundan sonra heç bir qüvvə bu elatı doğma yurddan perik sala bil­məz. Azərbaycan kimi güclü və qüdrətli dövlətin vətəndaşı olmaq, həqiqətən, çox qürurvericidir. 

Məsaim ABDULLAYEV
XQ

Sosial həyat