Qarabağ bütövlükdə ölkənin enerji şəbəkəsi ilə əhatə olunub
Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması, nəqliyyat layihələrinin reallaşdırılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Eyni zamanda, elektrik təchizatının qurulması istiqamətində sistemli tədbirlər reallaşdırılır, ən müasir texnologiyalar tətbiq olunmaqla, elektrik enerjisinə qənaət edən texnologiyalara və “yaşıl enerji”yə əsaslanan enerji layihələrinin icrası gerçəkləşdirilir. Düşməndən təmizlənən yaşayış sahələrinə ölkənin ümumi enerji sistemindən elektrik enerjisi verilməsi məqsədilə infrastruktur formalaşdırılır. Artıq yarımstansiyalar səmərəli fəaliyyət göstərir.
Belə yarımstansiyalardan biri də Şuşada yerləşir. Bu infrastrukturun adı son günlər Qarabağda suverenliyimizin tam bərpa olunması ilə bağlı hadisələr sırasında çəkilir. Bu barədə AMEA İqtisadiyyat İnstitunun şöbə müdiri Mahir Zeynalov deyir:
– 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə görüşü keçirildi. Görüşdə müzakirə edilən məsələlərdən biri də Xankəndinin Azərbaycanın elektrik enerjisi ilə təmin edilməsi idi. Bununla əlaqədar şəhərin Ermənistanın enerji sistemindən ayrılaraq ölkəmizin enerji sisteminə qoşulması reallaşdırıldı. Bunun üçün əvvəlcədən müəyyən işlər görülmüşdü. Hələ 2021-ci ildə “Azərenerji” tərəfindən tikilən və Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Şuşa” yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı.
2023-cü il sentyabrın 19-dan etibarən isə “Azərenerji” tərəfindən “Şuşa” yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılmışdı. Görülən işlər nəticəsində proses yekunlaşmış və buna paralel olaraq “Azərenerji” və “Azərişıq” əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilmişdi.
Artıq Xankəndində bir aydır ki, Azərbaycan işığı yanır. Şəhərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması onun etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsini təmin edib. Ötən müddətdə Xankəndində fəaliyyət göstərən dövlət qurumları, səhiyyə obyektləri “Şuşa” yarımstansiyasından elektirik enerjisi alır.
Xankəndinə elektrik enerjisinin verilməsi istiqamətində digər tədbirlər də görülür. Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib. Belə ki, hazırda uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilməsi işi başa çatıb. 110/35/10 Kv-luq “Ağdam-2” yarımstansiyasından çəkilən elektrik xətti Ağdam–Əsgəran–Xankəndi yolunadək çəkilib. Yaxın vaxtlarda elektrik xətti Xankəndinə çatdırılacaq. Bundan sonra şəhər bir neçə istiqamətdən elektrik enerjisi ilə təmin ediləcək. “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadənin sözlərinə görə, respublikamızda ölkəmizin hər bir yerinin elektrik enerjisi ilə təmin edilməsi imkanı var. Bu, Xankəndinin bundan sonra daim işıqlı olacağından xəbər verir.
Burada sevindirici bir məqamı da xatırlatmaq istərdim. Belə ki, bir neçə gün əvvəl Xankəndində ilk cərrahi əməliyyat uğurla icra olunub. Bəli, öz işığımızda bir həyat xilas edilib. 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı qarın boşluğunda kəskin ağrılar, ürəkbulanma, halsızlıq şikayətləri ilə Xankəndi şəhərindəki tibb müəssisəsinə müraciət etdikdən sonra həkimlər tərəfindən zəruri müayinələr aparılıb, pasiyentə kəskin appendisit diaqnozu qoyularaq əməliyyat uğurla icra olunub. olunmasına qərar verilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən polis əməkdaşı Tağızadə Atatürk Səlim oğlu ambulator müalicə üçün artıq evə buraxılıb.
Qeyd edək ki, sözügedən yarımstansiyadan Şuşanın yaşayış komplekslərinə də elektrik enerjisi verilməsi nəzərdə tutulur. Hazırda cari ilin sonunda tikintisi tamamlanacaq ilk yaşayış kompleksinə elektrik xətlərinin çəkilişi həyata keçirilr.
Beləliklə, “Şuşa” yarımstansiyası Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün böyük əhəmiyyət daşıyır. Bu enerji infrastrukturu istər Xankəndinin, istərsə də Şuşanın elektrik enerjisinə olan tələbatını qarşılayır, qırılmış əlaqənin bərpa olunmasına və elektrik xətlərinin daha səmərəli təşkilinə şərait yaradır.
Pünhan ƏFƏNDİYEV
XQ