“Mustafa Kamal Atatürk – 2023” birgə hərbi təlimində
Bakıda, Naxçıvanda və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən Azərbaycan–Türkiyə birgə taktiki təlimi başa çatıb. Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan “Mustafa Kamal Atatürk–2023” birgə taktiki təlimi uğurla icra olunub.
Təlimə 3 minədək şəxsi heyət, 130 zirehli texnika, 100-dək artilleriya qurğusu, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik hava yastıqlı qayıqlar cəlb olunmuşdu. Oktyabrın 24-də “Yüksək səviyyəli müşahidəçi günü” keçirildi.
Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyəni Milli Müdafiə naziri Yaşar Güler, Tacikistanın Müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistanın Müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və təmsilçiləri “Mustafa Kamal Atatürk–2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edirdilər.
Təlimdə təmas xəttində yerləşən mövqelərin düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan və Türkiyə komando bölükləri birgə sızma fəaliyyətlərini icra etdilər.
Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə cəbhəboyu və dərinliklərdə hava və radiokəşfiyyat aparılaraq düşmənin hava hücumundan müdafiə vasitələrinin fəaliyyətinə maneələr yaradıldığı zaman şərti düşmən sahəsinə girmədən radioşüalanma vasitələrini, radiotexniki, radiokəşfiyyat və radiolokasiya vasitələrinin kəşfiyyatının aparılması və dinlənməsi, onların növünün və yerinin təyini, tezlik və digər parametrlərinin aşkar edilməsi, həmçinin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi fəaliyyətləri icra olundu.
Şərti düşmənin pilotsuz uçuş aparatları ilə mübarizə aparan bölmələrimiz xüsusi vasitə ilə radiomaneələr tətbiq edərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməsinə imkan verilməmək, geri qaytarılmaq və ya aldadılmaq tapşırığını icra etdi. Şərti düşmənin HHM vasitələri zərərsizləşdirildikdən sonra açılan hava dəhlizində F-16 qırıcı təyyarələri və digər hücum helikopterləri onun cəmləşmə məntəqələrinə aviasiya zərbələri endirdi.
Tank əleyhinə idarəolunan raket kompleksləri və düzünə tuşlamaya çıxarılmış T-90 tankları şərti düşmənin 1-ci eşelonunda yerləşən zirehli döyüş maşınlarını və mövqeləri məhv etdilər.
Bölmələrimizin mütəşəkkil irəliləməsini, düşmən üzərində atəş üstünlüyünün əldə olunması məqsədilə onun döyüş mövqelərinə, artilleriya və minaatan batareyalarına, KMM-lərinə, canlı qüvvə və atəş vasitələrinə kütləvi atəş zərbələri endirildi. Döyüşçülərimizin mütəşəkkil irəliləməsi təmin edildi, əldə olunmuş atəş üstünlüyü qorunub saxlanıldı, şərti düşmənin itirilmiş idarəetməni bərpa etməsinə imkan verilmədi. Təminat yollarında batareyaların zərbə hücumlarından sonra Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qruplar və xüsusi təyinatlı qruplar hərəkətə keçdi.
Mühəndis bölmələri minalanmış sahələrdən keçidlərin açılmasından sonra birgə taktiki və xüsusi təyinatlı qruplar şərti düşmən mövqelərinə doğru irəliləyərək, onun məhv edilməsi və ön xəttinin ələ keçirilməsi fəaliyyətləri icra etdilər. Sonra 2-ci eşelon bölmələrinin hərəkəti başladı. Düşmənin dayaq məntəqələri ələ keçirildikdən sonra irəliləyən bölmələrimizin effektiv və fasiləsiz atəş dəstəyini təmin etmək məqsədilə minaatan batareyalarının əsas mövqeyindən ehtiyat atəş mövqelərinə tağımlarla yerdəyişmə prosesləri icra olundu. “Bayraktar TB-2” helikopteri vasitəsilə şərti düşmənin “İskəndər” və “Toçka-U” taktiki raket kompleksləri məhv edildi.
Bununla bərabər, düşmən mövqeləri piyada qüvvələr tərəfindən atəş və manevr üsulu ilə ələ keçirildi, onun tank əleyhinə silahlarını təsirsiz hala gətirməklə, tankların çevik və sürətli manevr qabiliyyəti ilə vurucu atəş gücündən, eləcə də tüstü pərdəsinin qoyulmasından faydalanaraq piyada döyüş maşınlarından (PDM) desantın endirilməsi fəaliyyəti icra olundu. Piyada manqaları düşmənin ön xətdə yerləşən canlı qüvvəsini ştat silahları ilə məhv etdi. Minalardan və düşmənin birbaşa atışlarından qorunmaq məqsədilə piyadalar texnikaların arxası ilə hərəkət edərək mövcud vəziyyətə görə irəli və ehtiyatlı şəkildə irəlilədi.
Hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəli şəxsi ələ keçirmək üçün şərti düşmən arxasına endirilməsi fəaliyyəti icra olundu. Qrupların hava yolu ilə düşmən arxasına endirilməsi və onun vəzifəli şəxsinin pusqu yolu ilə ələ keçirilməsi və yaşayış məntəqəsinin təmizlənməsi fəaliyyəti icra edildi. Hədəf bölgəsi ələ keçirildikdən sonra bölmələrimizin sonrakı tapşırıqlarının atəş dəstəyini təmin etmək, üstünlüyü saxlamaq məqsədilə artilleriya batareyalarının əsas atəş mövqeyindən ehtiyat atəş mövqeyinə taqımlarla yerdəyişməsi icra olundu.
Bütün təlim nöqtələrində sanitarların yaralı hərbi qulluqçuları təxliyə etməsi fəaliyyətləri icra olundu. Eləcə də, xüsusi təyinatlı qrupların uçuş məntəqəsində toplanması və hava yolu ilə təxliyə olunması icra edildi.
“Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisinə baxış oldu. Qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, digər hərbi vasitələrlə tanış oldular. “Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin “Roketsan”, “Havelsan”, “Aselsan”, “Baykar” və digər şirkətlərin stendləri də qonaqlara təqdim edildi.
“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin əhəmiyyəti haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz XQ-yə dedi ki, birgə təlim bölgəni qarışdırmaq istəyən ölkələrə güclü mesajdır:
– Keçirilən təlim bölgəni qarışdırmaq istəyənlərin mövcud olduğu çətin geosiyasi şəraitdə Azərbaycanın yaratdığı yeni reallıqla barışmaq istəməyən Ermənistan, Fransa kimi ölkələrə verilən bir mesajdır. Digər tərəfdən təlimə Özbəkistan, Qazaxıstan, Tacikistan kimi ölkələrin yüksək vəzifəli nümayəndələrinin qatılması ona xüsusi bir məna qatırdı. Bununla bərabər, təlimlərin Naxçıvan, Bakı və düşmən işğalından azad edilən ərazilərdə keçirilməsi də xüsusilə diqqətçəkən məqamlardandır. Ordular çox zaman sülhün təmin edilməsi və qorunması üçün öz güclərini nümayiş etdirirlər. Azərbaycan və Türkiyə birgə hərbi təlimi də Cənubi Qafqazda sülhün davamlılığına xidmət edir.
Rizvan FİKRƏTOĞLU
XQ