Sülh, yoxsa müharibə?

post-img

Fransa regionda birincinin yox, ikincinin toxumlarını səpir

Ötən əsrin 80-ci illərinin sonlarında erməniləri Qarabağda etnik separatizmə, vətəndaşı olduqları dövlətə qarşı çıxmağa, sonra isə silahlı münaqişəyə təhrik edən bəzi ölkələr və onların göstərişi ilə, necə deyərlər, oturub-duran siyasi dairələr bu gün də öz əməllərindən əl çəkmirlər. Belə ölkələrin başında regiondan min kilometrlərlə uzaqda yerləşən Fransa dayanır.

Ermənilərin Qarabağda separatiz­mə başlamasına rəvac verən, onları buna səsləyən ilk hadisə məhz Fran­sada baş verib. Belə ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbay­candan ayrılaraq, Ermənistana verilmə­si məsələsini Sov.İKP MK-nın Baş kati­bi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, SSRİ Elmlər Akademi­yasının akademiki Abel Aqanbekyan ilk dəfə 1987-ci il noyabrın 18-də Fransa Kommunist Partiyasının orqanı olan və erməni diasporuna xüsusi simpa­tiyası ilə seçilən “Humanite” qəzetinə müsahibəsi zamanı qaldırıb. Həmin müsahibə erməni millətçiləri üçün “start düyməsi” rolunu oynayıb. Müsahibənin dərc olunmasından heç üç ay keçmə­miş – 1988-ci il fevralın 13-də Xankəndi şəhərinin mərkəzi meydanında İrəvan­dan gəlmiş millətçilərin iştirakı ilə Qara­bağın Azərbaycandan ayrılaraq Ermə­nistana verilməsi (“miatsum”) tələbi ilə ilk icazəsiz mitinq təşkil olunmuşdur.

Ermənistanla Azərbaycan arasında 30 ildən çox davam edən münaqişənin baş verməsində Fransanın oynadığı məkrli, qızışdırıcı rol Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikası­nın Dövlət Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışı zamanı toxunduğu mühüm məsələlərdən biri oldu: “1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənar­laşdırıldı, Sovet İttifaqı Kommunist Par­tiyası Siyasi Bürosunun üzvlüyündən çıxarıldı. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən də çıxarıl­mışdı. İki həftə keçməmiş erməni mil­lətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan­dan Ermənistana verilsin. Bunu da qal­dıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı? Fran­sanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o ha­disələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb. Əfsus­lar olsun ki, ovaxtkı Azərbaycan rəhbər­liyi faktiki olaraq vəziyyəti nəzarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərdi. Faktiki olaraq o vaxt millətçilər buranı zəbt eləmişdilər. Bax, bu mey­danda nə qədər anti-Azərbaycan şüarı ilə mitinqlər keçirilmişdir və bütün bun­lar millətçiləri daha da ruhlandırırdı. Er­mənistandan buraya durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, bey­nəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdı. Bax, o illərdə bu binada oturanlar erməni və Azərbaycan xalqlarının bütün faciələrinin səbəbkar­larıdır. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hö­kumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik döv­ründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəa­liyyəti nəticəsində bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər”.

İqamətgahı Fransa ərazisində (Strasburq şəhərində) yerləşən Avropa Parlamenti də daha çox rəsmi Parisin təsiri ilə ölkəmizə hücumlar edir. Azər­baycan Ordusunun keçirdiyi lokal xa­rakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonundan erməni əhalinin könüllü gedişi ilə bağlı oktyab­rın 5-də ilk dəfə qərəzli qətnamə qəbul edən də Avropa Parlamenti oldu. Öz növbəsində Avroparlament də Avro­panın bəzi ölkələrinin ali qanunverici orqanlarının birtərəfli və obyektivlikdən uzaq qətnamələr qəbul etməsi üçün bir növ, oryentir rolunu oynadı. Onu da qeyd edək ki, Avropa Parlamenti ilk dəfə hələ Sovet İttifaqının mövcud olduğu dövrdə – 1989-cu ildə Ermənis­tan–Azərbaycan münasibətləri barədə qətnamə qəbul etmişdi. Ötən müddət­də baş verən hadisələr, yeni qərəzli qətnamələrin siyasi dövriyyəyə buraxıl­ması Avroparlamentin zərrə qədər də dəyişmədiyini göstərir.

Fransa hazırda Ermənistanı silah­landırmaq işinə girişib. Oktyabrın 23-də Parisdə iki ölkənin müdafiə nazirləri – Suren Papikyan və Sebastyan Lekornyu “Thales” şirkətinin istehsalı olan üç ədəd “GM 200” radarının alqı-satqısına dair müqavilə və gələcəkdə Fransanın “Mist­ral” yaxınmənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair anlaşma memorandumu imzalayıblar.

İmzalanma mərasimindən sonra nazirlərin birgə keçirdikləri mətbuat konfransında çıxış edən Sebastyan Lekornyu Fransanın üç radar satışı və gələcəkdə “Mistral” zenit-raket komp­lekslərinin tədarükü ilə bağlı imzalana­caq müqavilə vasitəsilə Ermənistana hava hücumundan müdafiə potensi­alını təkmilləşdirməyə kömək etdiyini bildirib. “Səmanın qoruması müstəsna əhəmiyyət daşıyan məqamdır”, – deyə fransız nazir bildirib. Lekornyu qeyd edib ki, Fransa, həmçinin Ermənistana quru qoşunlarını hazırlamağa kömək edəcək, ölkənin silahlı qüvvələrinin is­lahatlarını və modernləşdirilməsi səy­lərini dəstəkləyəcək.

Onu da qeyd edək ki, Fransa və Ermənistan bir-biri ilə ziddiyyətdə olan hərbi-siyasi bloklarda təmsil olunurlar. Fransa NATO-nun, Ermənistan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təş­kilatının üzvüdür. Ancaq görünən odur ki, bu məqam da İrəvana fransız silah­larının alınmasına mane olmur. Mət­buat konfransında mövcud xüsusda fikirlərini açıqlayan S.Lekornyu deyib: “Biz Ermənistanla eyni hərbi və siyasi ittifaqların bir hissəsi olmasaq da mü­dafiə sahəsində əlaqələrimizi dəstəklə­yirik. Bu əlaqələr sadə prinsipə əsas­lanır: özünü qorumağı bacarmalısan”.

Burada bir haşiyə çıxaq. Altı-yeddi il öncə ABŞ NATO çərçivəsində müttə­fiqi, alyansın yaranmasından cəmi 3 il sonra (1952-ci ildə) onun üzvü olmuş Türkiyəyə “Patriot” zenit-raket komp­leksi satmaqdan imtina etmişdi. Nəticə­də Ankara ölkənin səmasını qorumaq üçün Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq məcburiyyətində qalmışdı. Beləliklə, Türkiyə Rusiyadan bu kompleksləri alan ilk NATO dövləti olmuşdu. Bundan sonra ABŞ hökuməti bağlanmış müqavilədə nəzərdə tutuldu­ğuna zidd olaraq Türkiyəyə F-35 qırıcı təyyarələrini verməkdən imtina edərək onun əvəzində F-16 təyyarələri təklif etmişdi. Vaşinqton bəyan etmişdi ki, S-400 komplekslərini NATO sistemləri ilə birgə işlətmək mümkün deyil. Bu isə o deməkdir ki, Türkiyə raket əleyhinə vahid müdafiə sisteminin tərkib hissəsi funksiyasını yerinə yetirə bilməyəcək.

Ancaq maraqlıdır ki, Ermənistan–Fransa hərbi əməkdaşlığı zamanı belə məqamlar yada düşmür. Nədənsə, Fransa, onun Şimali Atlantika Alyansı üzrə müttəfiqləri, o cümlədən ABŞ Er­mənistana veriləcək NATO silahlarının rus hərbçilərinin əlinə keçəcəyindən ehtiyat etmirlər. Bunun özü də Fransa başda olmaqla Qərbin ikili standartla­rının, riyakarlığının və ikiüzlülüyünün daha bir göstəricisidir.

Şair RAMALDANOV, 
ehtiyatda olan polkovnik

– Burada böyük həcmdə silah-sursat alqı-satqısından söhbət getmir. Sadəcə, bunu geniş şəkildə təqdim edərək, fon yaratmağa çalışırlar. Dü­şünürəm ki, bu, Emmanuel Makronun auditoriyaya hesab­lanmış gedişidir. Onun məqsə­di Fransada yaşayan 500 minə yaxın erməni mənşəli vətən­daşı seçici elektoratı kimi öz əlində saxlamaqdır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, Ermənistandakı silahların 90-95 faizi Rusiya istehsalıdır. Fransanın verəcəyi silahlar Ru­siyanın silahları ilə adaptasiya olunaraq döyüşü idarəetmə sisteminə uyğun gəlməyəcək. Burada ciddi problemlər ortaya çıxacaq.

Ümumiyyətlə, Fransanın İrəvana silah satması region­da hərbi balansı Ermənistanın xeyrinə dəyişdirə bilməyəcək. Alacağı silahlar Ermənistanın problemlərini həll etməyəcək. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ermənistan bun­dan sonra illərlə silah alsa da, qarşı tərəfin cavabını vermək üçün ordumuzun gücü yetər­lidir.

Yeganə HACIYEVA, 
politoloq

– Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda sülhün əldə edilməsinə ümid­lərin artdığı bir məqamda Fran­sanın keçmiş münaqişəni ye­nidən hansısa formada bərpa etmək cəhdləri müşahidə olu­nur. Rəsmi Parisin Ermənistanı müasir silahlarla təmin etməsi sülh prosesinə zərbə vuran və gərginliyin artmasına səbəb olan amildir.

Fransa həm işğal zamanı, həm 44 günlük Vətən mühari­bə dövründə, həm də ondan sonra Ermənistan ordusunu silah-sursatla təmin edib. Pa­ris 2023-cü ildə İrəvandakı sə­firliyində silah alqı-satqısını əlaqələndirmək üçün xüsusi hərbi attaşe təyin edib. Məlu­matlar var ki, Fransa üçüncü ölkənin, yəni İranın ərazisindən istifadə etməklə döyüş texnika­sını Ermənistana ötürüb. Demə­li, Fransa Avropa İttifaqının silahların və təhlükəli yüklərin daşınmasını qadağan etdiyi İra­na tətbiq olunmuş sanksiyaları pozaraq, bu ölkənin üzərindən Ermənistana silah daşıyıb.

Fransa hakimiyyəti nasist Almaniyası ilə ən sıx əməkdaş­lıq edən ölkə kimi tarixə düşüb. Hazırda Prezident Emmanuel Makron Avropa İttifaqının təh­lükəsizlik maraqlarına zidd ge­dərək, Çinlə əməkdaşlıq edir. Eyni zamanda, Aİ-nin enerji tə­chizatında mühüm rol oynayan Azərbaycan əleyhinə fəaliyyət göstərir. Beləliklə, bu, həm də Aİ-nin maraqlarına qarşı çıx­maqdır.

Səxavət HƏMİD
XQ







Siyasət