Payız-qış aylarında təbii əlavələrə tələbat artır
Payız aylarında immunitetin sınağı başlayır. Hava –damcı yolu ilə yayılan viruslar artır. Hava soyuduğu üçün bədənin ehtiyatı azalır, insanlar qapalı yerlərdə çox toplaşır, cəmiyyətdə hazırda olduğu kimi qripli insanlar çoxalır.
Payız-qış mövsümündə xəstəliklərə qarşı təbii immunomodulyator rolu oynayan müalicəvi ədviyyatlar həmişə gərəyimiz olub. Bununla bağlı mütəxəssislə – terapevt, ailə həkimi Aygün Kərimova ilə görüşdük. Həkim söhbətə ədviyyatlar barədə məlumatla başladı:
– Havalar soyuyanda istər xörəklərdə, istər çaylarda ədviyyatdan bol istifadə etmək lazımdır. Ədviyyatlar bitkilərin təzə, qurudulmuş və üyüdülmüş müəyyən hissəsidir. Ədviyyat kimi istifadə edilən bitkilər ədviyyat və ətirli otlar olmaqla istifadə istiqamətinə görə 2 qrupa ayrılır: 1. Ətir və dadı daha da artırmaq üçün təzə və ya qurudulmuş halda şüyüd, reyhan, tərxun, nanə, cəfəri, keşniş, kəvər, turşəng, kərəviz, kəklikotu və digər otlardan istifadə edilir. 2. Qida məhsullarının ləzzətini artıran, təbabətdə və mətbəximizdə geniş istifadə edilən əsas ədviyyatlara mixək, darçın, qara istiot, zəfəran, sumaq, sarıkök, zəncəfil, cirə, razyana və digərləri daxildir.
Ədviyyatların tərkibində olan efir yağları, üzvi turşular, qlükozidlər və bir çox vitaminlər iştahanı artırır, maddәlәr mübadilәsini sürәtlәndirir, həzm sistemini normaya salır və qidanın yaxşı mənimsənilməsini təmin edir. Bitkinin toxumundan (xardal, cövüz), meyvəsindən (qara və qırmızı istiot, hil, cirə, razyana), çiçəyindən (zəfəran, mixək), yarpağından (dəfnə yarpağı və müxtəlif ətirli bitkilərin yarpaqları), qabığından (darçın), kökündən (zəncəfil, sarıkök) alınan ədviyyatlar vardır.
Ədviyyat alarkən istehlakçılar onların qablaşdırılmasına, etiketindəki məlumatlara, saxlanma şəraitinə xüsusilə diqqət etməlidirlər. Etiketdə məhsul haqqında zəruri məlumatlar – istehsalçının adı və ünvanı, malın adı, istehsal tarixi, xalis çəkisi, tərkibi, istehlak xassələri, saxlanma müddəti və s. mütləq əks olunmalıdır. Ədviyyatların quru, sərin, təmiz və yaxşı havalandırılan yerdə saxlanması şərtdir. Bu tip məhsullar daşınarkən, saxlanarkən sanitar-gigiyenik qaydalara, mal qonşuluğu prinsipinə ciddi riayət edilməlidir. Ədviyyat növləri rəflərdə kimyəvi maddələrin, kəskin qoxulu mal və məhsulların yanında saxlanılmamalıdır.
Həmsöhbətim ədviyyatların müalicəvi xüsusiyyətlərinə görə də geniş istifadə edilməsindən söz açdı:
– Ədviyyatların antioksidant və immun sistemini gücləndirmək xüsusiyyəti var. Onların hər biri ayrı-ayrılıqda orqanizmin sağlamlığında mühüm rol oynayır.
Çili bibəri. – Tərkibində kapsoisin, piperin və allisin olduğuna görə, bibərin bu növü burun-udlaq və ağıza daxil olmuş viruslar və zərərli mikroorqanizmlərlə mübarizdə effektiv təsirə malikdir.
İstiot. – Qara istiotun tərkibindəki zəngin mineral maddələr və vitaminlər immun sistemini gücləndirir, soyuqdəyməyə qarşı qoruyucu maneə yaradır. Həmçinin qara istiot orqanizmdə yağların parçalanmasını sürətləndirərək maddələr mübadiləsini yaxşılaşdırır, qanın laxtalanmasını tənzimləyir, xroniki yorğunluq əlamətlərini aradan qaldırmağa kömək edir.
Sarımsaq. – Təzə sarımsaq güclü antibakterial və virusəleyhinə vasitə olmaqla yanaşı, qanda xolesterinin miqdarını normallaşdırır, orqanizmdə maddələr mübadiləsini tənzimləyir. Sarımsaq orqanizmin yoluxucu xəstəliklərə qarşı müqavimətini artırmaq üçün olduqca faydalıdır.
Qara zirə. – Bu ədviyyat qısa zamanda müxtəlif infeksion xəstəliklərin qarşısını alan təbii immungücləndiricidir.
Sarıkök. – İmmun sistemin fəaliyyətini gücləndirməkdə sarıkökün mühüm rolu var. Sarıkök, nəinki orqanizmi toksin və şlaklardan təmizləyir, həm də təbii antibiotik kimi iltihabi prosesləri dayandırmağa kömək edir.
Xardal. – Zəngin tərkibə malik xardal antiseptik, antimikrob, göbələkəleyhinə, iltihabəleyhinə təsirə malikdir. Mədə-bağırsaq sistemi üçün, soyuqdəymə zamanı, oynaq xəstəliklərində olduqca faydalıdır. Həmçinin xardal beyində qan dövranını stimullaşdırır, yaddaşı və zəkanı gücləndirir.
Darçın. – Bu ədviyyatın da bir çox xeyirli xüsusiyyətləri var. Darçın müxtəlif xəstəliklərə qarşı antiseptik, antimikrob və antiparazit vasitə kimi istifadə olunur. Həmçinin bədənin ümumi tonusunu artırır və immun sistemini gücləndirir. Həkim onu da xüsusi olaraq vurğuladı ki, ədviyyatların normadan artıq istifadəsi orqanizm üçün zərərlidir. Tərkibində yüksək təsir qabiliyyətinə malik olan alkaloidlər və qlükozidlər xüsusən də uşaqların və bir çox xəstəlikdən əziyyət çəkənlərdə fəsadlar yarada bilər.
Müsahibimiz əlavə olaraq, ədviyyatların saxlanma qaydasından və immuniteti gücləndirməyin digər fərqli yollarından da danışdı:
– Onu da deməyi lazım bilirəm ki, ədviyyat növlərini bütöv halda saxlayıb, lazım olanda üyüdüb istifadə etmək daha faydalıdır. Onlar hermetik qablarda isti və rütubət olmayan, eyni zamanda, gün düşməyən yerdə saxlanmalıdır.
Bu tip məhsullar isti və rütubətə məruz qaldıqda ətrini, ləzzətini daha tez itirir. Xüsusən də onların heç bir növünü sobanın yaxınlığında saxlamaq məsləhət görülmür. Çünki normadan artıq temperatur ədviyyatların tərkibində olan efir yağlarını azaldır. Ümumiyyətlə, istehsal müddətindən və saxlanma şəraitindən asılı olaraq ədviyyatların istifadə müddəti yalnız bir il qəbul edilir.
Payız aylarında immuniteti başqa vasitələrlə də gücləndirmək mümkündür. Hava isti olmasa da açıq havada 2 saat gəzməyi təxirə salmayın. Soyuq aylarda yaydan fərqli olaraq, axşam daha tez yatın. Hormonları normal saxlamaq üçün ən geci axşam saat 11-dən səhər saat 8-ə kimi fəsiləsiz yatmaq lazımdır.
İsti-soyuq su ilə duş almaq da bədəni möhkəmlədir. Əgər bunu edə bilmirsinizsə, hər gün ayaqlarınızı soyuq su ilə yuyun. Qida rasionuna vitamin və lif tərkibli tərəvəz, meyvə daxil edin. Alkoqol, çay, qəhvə, qazlı suların qəbulunu azaldın. Onlar ürəyi və böyrəkləri yüklədiyi üçün immuniteti aşağı salır. Menyuda zülal tərkibli qidalar – toyuq, hinduşqa, paxla, yumurtanı bol edin və ədviyyatla zənginləşdirin ki, onlar virus və mikrobların inkişafını ləngitsin.
Z.BƏŞİRQIZI
XQ