Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan səhiyyə nazirliklərinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Özbəkistan–Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində səhiyyə forumu keçirilib.
Forumun başlıca məqsədi hər iki ölkənin səhiyyə və tibb elmi sahəsində əldə olunan nailiyyətlər, tətbiq edilən innovasiyalar, səhiyyənin rəqəmsallaşdırılması, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərin müzakirəsi və iki ölkənin həkim mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır.
Forumdan əvvəl iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto sərgi və kitab kolleksiyası ilə tanış olub, filmə tamaşa ediblər.
Forumda çıxış edən Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov səhiyyə sahəsində əməkdaşlıq çərçivəsində iki ölkə arasında sıx tərəfdaşlığın olduğunu vurğulayıb.
Azərbaycanın Səhiyyə naziri Teymur Musayev isə bildirib ki, 2023-cü il ölkəmizdə müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin və görkəmli alim və həkim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin keçirilməsi ilə əlamətdardır.
Ulu öndər Heydər Əliyevin digər sahələrlə yanaşı, ölkəmizdə səhiyyənin də inkişafında misilsiz rolundan danışan nazir qeyd edib ki, böyük rəhbərin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.
Teymur Musayev deyib ki, qardaş ölkənin şirkətlərinin istehsal etdiyi 37 adda dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatından keçib. Bu ilin fevral ayında Daşkənddə birinci Azərbaycan–Özbəkistan Regionlararası Forum keçirilib, Şuşa-Xivə, Gəncə–Səmərqənd, Lənkəran–Buxara, Şəki–Kokand şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, Bakı və Daşkənd şəhərləri arasında əməkdaşlığa dair yol xəritəsi, Azərbaycan – Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş qüvvəyə minib. Heydər Əliyev Fondunun dəstəyi ilə ümummilli liderin 100 illik yubileyi çərçivəsində Azərbaycanın Astara rayonunda keçirilən beynəlxalq konqresdə Özbəkistan nümayəndə heyəti də iştirak edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasında ikitərəfli münasibətlər və əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkə rəhbərinin qarşılıqlı səfərləri bu dostluğun bariz nümunəsidir. Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov qurumun genişmiqyaslı fəaliyyətindən və səhiyyənin inkişafı üçün həyata keçirilən layihələrdən söz açıb.
Azərbaycan həkimlərinin adından çıxış edən Azərbaycan Tibb Universitetinin uşaq cərrahiyyəsi kafedrasının müdiri professor Ramiz Poluxov dekada çərçivəsində birgə icra edilən cərrahiyyə əməliyyatları, aparılan müayinələr və praktiki təlimlərin nəticələrindən danışıb.
Sonda, Özbəkistanda səhiyyənin inkişafında mühüm xidmətlər göstərən, dekada çərçivəsində cərrahiyə əməliyyatları, tibbi müayinə və müalicələr aparan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin və tədbir təşkilatçıları mükafatlandırılıb.
Zərifə HÜSEYNOVA
XQ