İtin də it sədaqəti var imiş...

post-img

Ağdamı Hirosima ilə müqayisə ediriksə, Baffini nə üçün Haçikoya bənzətməyək? 

Ernest Heminqueyin qəhrəmanlarından biri deyirdi ki, müharibənin dəhşətləri təkcə in­sanları zərərdidə eləmir, planetimizin flora və faunası da tarix boyu çoxsaylı hərbi qar­şıdurmaların fəsadları ilə üz-üzə qalmışdır. Mən həmin sətirləri oxuyanda Hirosimanı, Naqasakini, Amerika qitəsində törədilmiş yanğınları düşündüm. Üstəlik, bizimkilərin Kəlbəcərdən qovulduğu günlərdə qoca anasını, həyat yoldaşını və körpə uşaqlarını ermə­ni vəhşiliyindən qoruya bilən soydaşımız sonralar elə hey ağlayırdı ki, günah qazandım, həyətin o başındakı itimizi zəncirdən açmağa macal tapa bilmədim: “İt açıq olsaydı, er­mənilər onu öldürə bilməzdilər”. 

Bu günlərdə məlum oldu ki, erməni vəhşiliyi bizim başqa bir ev heyvanımıza da sitəm edib. Bu dəfə paytaxtdakı bir it zərərdidə olub. Kütləvi informasiya va­sitələri xəbər verirlər ki, Qarabağda ke­çirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Ramil Rzayevin Baffi adlı itinin onun məzarı üzərində yatması görənlərin heyrətinə səbəb olur.

İndi kimsə deyə bilər ki, ermənilər son otuz ildə bizim on minlərlə insanımızı şəhid və ya itkin edib, yüz minlərlə soy­daşımızı qaçqın və məcburi köçkün kimi yurd-yuvasından didərgin salıb və iqtisa­dçıların hesablamalarına görə 100 mil­yardlarla dollar maddi ziyan vurublarsa, bir itin depressiyasının qabardılmasına nə ehtiyac var?

Bəli, buna ehtiyac var. Əvvəla, bizim son iki əsr boyu öz torpaqlarımızda sığı­nacaq verdiyimiz, çörəyimizi yeyib, suyu­muzu içib, havamızla yaşayan ermənilər nə zamansa torpaqlarımızın 20 faizini yandırdılarsa, çörəkitirənlik etdilərsə, Baffi cəmi iki-üç il dostluq etdiyi Ramilin ona verdiyi çörəyi unuda bilmir. Sonra da Avropa və Amerikadakı bəzi ağzıgöy­çəklər bizə deyirlər ki, ermənilərin xətrinə dəyməyin. 

Bundan başqa, Baffi Ramilin harasa getdiyini bilsə də, onun vəfat etdiyini bil­mirdi. İnsanların söhbətini də başa düş­mürdü. Amma, durmadan ulayırdı. O, dostunun faciəsini necə anlamışdı? Dü­şündürücü sualdır. Mətbuat yazır ki, şə­hidin qohumu Sabina Rzayeva itin Ramil Rzayevin məzarına necə gəlməsindən danışıb: “Baffini mən saxlayır və yemlə­yirdim. Ramil yuxuma girdi, dedi ki, iti gə­tir, mən onunla sağollaşmalıyam. Amma mənə dedilər ki, olmaz. Ramilin anası Lena xanıma dedim ki, bunu etməliyəm. Çünki it ulayırdı. Hələ 10 ay əvvəl Baffi Ramilin köynəyini götürüb öz yuvasına qoyubmuş”.

Hər halda bilmədiyimiz məqamlar, səbəbini anlamadığımız faktlar çoxdur. Amma o da faktdır ki, həyat bizə hər gün nələrisə öyrədir. Son zamanlar öyrəndik ki, ermənilərdə bir itin sədaqəti qədər etibar yoxdur. Ona görə də Baffi insan­ların itlərə verdiyi ən yüksək mükafatlara layiqdir. 

Söhbət itə verilən mükafatdan düş­müşkən xatırladaq ki, cəsədi 1935-ci ildən bəri Yaponiyanın milli elm muze­yində saxlanılan və xatirəsinə Aoyama məzarlığında abidə ucaldılan bir it də var. 

Bu barədə söz açan mənbələr yazır­lar ki, Tokio Universitetinin professoru Hi­desaburo Ueno 1924-cü ildə Haçiko adlı bir itə baxmağa başlayıb. Akita cinsindən olan bu itlə sahibi arasında yaxın müna­sibət yaranır. Haçiko hər gün işə gedən sahibinə yaxınlıqdakı Şibuya qatar stan­siyasına qədər yoldaşlıq edir. Bir gün də Ueno qatardan düşəndə Haçikonu orda görür. Demə, ağıllı it sahibinin gələcəyi vaxtı hesablamış və orda onun gəlişini gözləyirmiş. O gündən onlar evə bir qa­yıdırlarmış. 

Günlərin bir günü, Haçiko yenə həmin yerdə sahibini gözləyir, ancaq Ueno gəlib çıxmır. Həmin gün professor universitet­də beyin qanaması keçirərək vəfat edir. İt tam 9 il yorulmadan sahibinin gəlişini eyni yerdə gözləyir. İlk günlər stansiya işçiləri ona yaxşı yanaşmırdılar. Ancaq mərhum professorun Haçiko haqqında vaxtilə yazdığı məqaləsinin ictimailəşdiril­məsindən sonra it artıq məşhurlaşmışdı. Sonradan hər gün itə yemək gətirməyə başladılar. 1934-cü ilin aprel ayında Şi­buya stansiyasının girişində itin heykəli qoyuldu. 8 may 1935-ci ildə isə Haçiko öldü. Cəsədi Yaponiya milli elm muzeyin­də saxlanır və xatirəsinə Aoyama məzar­lığında abidə ucaldılıb.

İttifaq MİRZƏBƏYLİ
XQ

Sosial həyat