Cənnət Qarabağda, cavan yaşında...

post-img

Yazıldın tarixə, şəhid qardaşım...

 

Mən noyabrın 8-də Şuşanın azad edilməsi ilə əlaqədar xalqıma müjdə verərkən bildirmişdim ki, şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşaya­caq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəh­rəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdı­rıq... Biz bu Qələbəyə görə onlara borcluyuq. 

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa 10 noyabr 2020-ci il tarixli müraciətindən

Bəli, onların xatirəsinə ehtiram olaraq, müasir dünyanın ən qətiyyətli liderlərindən olan Prezident İlham Əliyev baş əydi. Onlar Vətən torpa­ğında uyuyaraq yurdu, torpağı zinətləndirdilər. Onlar üçrəngli bayrağı­mızı sanki həbsdə imiş kimi inildəyən kənd və şəhərlərimizdə qaldı­raraq dövlət rəmzimizi şərəfləndirdilər. Onlar öz rəşadət, mətanət və mərdlikləri ilə dünya hərb tarixini öyrədənlərə və öyrənənlərə “Azər­baycanın şanlı hərb səhifələri”ni bəxş etdilər. Onlar Birinci Qarabağ müharibəsindəki çoxsaylı ağrı-acılarımızın əhəmiyyətli dərəcədə azaldılmasına nail oldular. 

... Yəqin, diqqətli oxucunun yadındadır ki, sərlövhəyə çıxardı­ğımız məşhur ifadə ustad şairimiz Süleyman Rüstəmin “Yadıma düş­dü” rədifli qəzəlindəndir. Həmin misranı bu yazının əvvəlinə gətir­məyimiz də təsadüfi deyil. Çünki Anım Günü ərəfəsində – bəlkə də bir həftədir kütləvi informasiya vasitələrimiz və sosial şəbəkənin bütün seqmentləri təkrar-təkrar yazırlar ki, Vətən uğrunda şəhid olanların hamısı cənnətlikdir. Yəni Cənnət Qarabağda, cavan yaşın­da şəhid olanlarımız təkcə tarixə düşməyiblər, həm də dinimizin bu­yurduğu kimi, cənnətməkan olub­lar.

Yeri gəlmişkən, dünən bir axunddan belə bir fikir eşitdim: “Siz valideynlərinizə, qəzavü-qədər üzündən həlak olanlarınıza, yaşla­şıb və ya xəstələnib dünyasını də­yişənlərinizə rəhmət oxuyun, şə­hidlərə yox! Çünki şəhidlər Allahın qarşısında o dərəcədə günahsız, tər-təmizdirlər ki, onların rəhmətə ehtiyacı yoxdur. Allah onlara rəhm edib, bütün günahları artıq bağış­lanıb”. Şəhidlər bir də ona görə xoşbəxtdirlər ki, sağlıqlarında on­ların 35-40, bəlkə də 50-60 ürəkdə yerləri var idisə, indi 50 milyonluq soydaşlarımızın hər birinin qəlbin­də daimi məskən salıblar.

... Yadımdadır, 20 Yanvar faciə­sindən sonrakı günlərdə Şəhidlər xiyabanına yaxın getmək olmurdu. Çünki orada səsləndirilən qəmli musiqilər, instrumental muğamlar adamın ürəyini dağlayırdı. Mən o zaman yazmışdım ki, “Nə qədər belə gün olubmuş, Allah, bu dərdli muğamlar yarana bilib?” O faciədə verdiyimiz şəhidlərin sayı heç 150-yə çatmırdı. Amma üzülürdük, ölür­dük, sınırdıq. Çünki təklənmişdik, haqqımız tapdalanmışdı, heysiy­yatımız təhqir olunmuşdu, torpaq­larımızın işğalına zəmin yaranmış­dı. On minlərlə şəhid verəcəyimiz ağır günlər başlanmışdı. Xocalı soyqırımı və digər faciələrimizdə də belə idi: üzülürdük, ölürdük. 

2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində isə yenə də çox sayda şəhidlər ver­dik, amma sınmadıq, əyilmədik, əksinə, bədxahlarımızın gözünün içinə baxa-baxa dedik ki, bizimlə hədə dilində danışmaq, ordumuza qarşı çıxmaq, dövlətimizlə zarafat eləmək heç kəsə xeyir gətirməz və gətirməyəcək. 

Biz həmin 44 gündə torpaqla­rımızın düşmən tapdağından azad edilməsinə nail olduq, işğalçı or­duya diz çökdürdük, “yeni ərazilər üçün yeni müharibələr”ə hazırla­şanlar kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldılar, dünyanın hər yerindəki havadarla­rı onların harayına çata bilmədilər. Düşmənin iki əsr müddətində qur­duğu fitnə-fəsad torlarını darmada­ğın etdik, bütün azərbaycanlıların üstündən “məğlub xalq” damğa­sını sildik, milli ruhumuz dirçəldi, mənəvi üzağlığımız bərpa olundu. Bütün bunlara görə isə Prezidenti­miz şəhidlərin qarşısında baş əydi. Təəssüf ki, 20 Yanvar faciəsi kimi ağır günlərimiz tarixdə çox olsa da, 8 Noyabr kimi günlərimiz az olub. Belə günlərin şəninə isə hansı­sa kədərli muğam yox, bütün türk dünyasını dolaşan qəhrəmanlıq mahnılarımız yaranıb. 

Bilmirəm, yerinə düşər, ya yox, mən bu tarixi Anım Günündə ordu­muzun, xalqımızın və təbii ki, Ali Baş Komandanımızın qazandığı Zəfər haqqında danışarkən bir bənzətmə aparmaq istəyirəm: İndi artıq uşaq da bilir ki, əgər 1993-cü ildə ulu öndər Heydər Əliyev ölkə­də siyasi hakimiyyətə qayıtmasay­dı, Azərbaycanın dövlət müstəqilli­yinin qorunması, əbədiləşdirilməsi nəinki çətin olacaqdı, heç mümkün olmayacaqdı. Yəni Heydər Əliyev mümkün olmayanı mümkün etmiş­di. 

Son illərdə şahidi olduğumuz tarixi faktlar isə sübut edir ki, hər­gah Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevə səs verməsəydi, nəinki torpaqlarımız işğaldan azad edilməyəcəkdi, üstəlik, yeni əra­zilər də itirəcəkdik. Hətta 44 gün­lük müharibənin olub-olmayacağı­nı da deyə bilmirik. Bildiyimiz odur ki, Azərbaycanın bütün uğurlarının təməlini Heydər Əliyev qoymuş, həmin işləri Prezident İlham Əliyev yekunlaşdırmışdır. Məhz cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük müharibədə torpaq­larımız işğaldan azad edildi, Laçın sərhəd-nəzarət-buraxılış məntəqə­sinin yaradılması ilə ərazi bütövlü­yümüz bərpa edildi. Sentyabrın 19-dakı lokal antiterror tədbirləri ilə isə bütün ərazilərimizdə suveren­liyimiz təmin olundu. Üstəlik, bey­nəlxalq aləmdəki dostlarımız bizi daha böyük uğurların gözlədiyini də deyirlər. 

Elə bu qeydlərimi də cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə tamamla­maq istəyirik: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstər­di... Fəxr edirik xalqımızla, ordu­muzla! Əminəm, hər bir Azərbay­can vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”

İttifaq MİRZƏBƏYLİ
XQ



Sosial həyat