2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Vətən savaşının ilk günündə–sentyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin saat 6 radələrindən etibarən genişmiqyaslı təxribatlar törədərək ordumuzun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və ağır artilleriya qurğularından intensiv atəşə tutması barədə məlumat yaydı.
Saat 12 radələrində Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlətimizin başçısı müraciətində sentyabrın 27-si səhər Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması, mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananların olması barədə məlumat verdi. Dövlətimizin başçısı Silahlı Qüvvələrimizin düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və bunun nəticəsində düşmənin bir çox hərbi texnikalarının sıradan çıxarıldığını bildirdi.
Günorta saatlarında isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etdi. Qardaş ölkənin dövlət başçısı Türkiyənin həmişə olduğu kimi, bu ağır gündə də Azərbaycanın yanında olduğunu vurğuladı.
Vətən müharibəsinin ilk günündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə bağlı verdiyi göstərişlər əsasında ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını elan etdi. İclasda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xəttinin yarıldığı, altı kəndin– Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd yaşayış məntəqələrinin işğaldan azad edilməsi barədə xalqımıza ilk müjdə verildi.
Sentyabrın 27-si saat 19 radələrində Prezident İlham Əliyev ölkəmizdə hərbi vəziyyətin elan edilməsi haqqında fərman imzaladı. Fransa Respublikasının Prezidenti Emmanuel Makron dövlətimizin başçısına telefonla zəng etdi. Saat 18:30-da isə Müdafiə Nazirliyi cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması barədə məlumat yaydı.
Müharibənin ikinci günündə isə Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edildi, komendant rejimi qüvvəyə mindi. Silahlı Qüvvələrimizin uğurlu əməliyyatı nəticəsində Murovdağ zirvəsi işğaldan azad olundu, mühüm əhəmiyyətə malik Basarkeçər–Ağdərə avtomobil yolu Azərbaycanın nəzarətinə keçdi.
Vətən savaşının ilk günlərindən Ermənistanın bu müharibəyə çoxdan hazırlaşdığı, işğalçı ordusunun tərkibində bir sıra xarici ölkələrdən cəlb etdiyi döyüşçülərin olduğu da üzə çıxdı. Müdafiə Nazirliyi mətbuat xidmətinin sentyabrın 28-də yaydığı məlumatda Ermənistan tərəfinin itkiləri arasında Suriya və Yaxın Şərqdən gətirilən erməni əsilli muzdluların da olması bu faktın təsdiqi idi.
Müharibənin ikinci günündə, eyni zamanda, Tərtər rayonunun Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi, işğalçı ordunun xeyli sayda canlı qüvvəsi məhv edildi. Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirildi, düşmən geri çəkildi. İşğalçının iki tankı, xeyli qüvvəsi , çoxlu sayda digər hərbi texnikası məhv edildi. Bütün bunlarla bərabər, ordumuz tərəfindən işğalçının 3 silah–sursat anbarı, onlarla texnikası və 550-dən çox canlı qüvvəsi sıradan çıxarıldı.
Sentyabrın 28-də, həm də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə Prezident İlham Əliyev arasında videokonfrans formatında görüş keçirildi. Dövlətimizin başçısı Baş katibə Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verdi.
Ölkə rəhbəri söhbət zamanı Antonio Quterreşə sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutduğunu və bunun nəticəsində mülki şəxslərimizin və hərbi qulluqçularımızın həlak olduqlarını diqqətə çatdırdı. Prezident İlham Əliyev yalnız bundan sonra Azərbaycan tərəfinin özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatlarına başladığını vurğuladı.
Dövlətimizin başçısı BMT-nin Baş katibi ilə söhbətində Ermənistan tərəfinin belə hərbi təxribatları davamlı olaraq törətdiyini də xatırladıb. Bildirib ki, işğalçı ölkə 2020-ci ilin iyul ayında Azərbaycan–Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirib ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.
XQ

