Ümummilli liderin təhsil islahatları

post-img

Təməli hələ XIX əsrin sonlarında “Realnı” və ”Üsuli –Cədid” məktəbləri ilə qoyulan təhsil sistemi sonrakı illərdə daha da inkişaf etdirilərək müasir səviyyəyə çatdırılıb. Əgər 70-80-ci illərdə yaranan zəngin təhsil ənənələri olmasaydı, bu gün ən qabaqcıl ölkələrdəki təhsil sistemləri ilə rəqabətə girə bilərdikmi? Əsla, yox! Bu uğurlar isə 30 ildən artıq bir müddətdə Azərbaycana rəhbərlik edən mahir siyasətçi Heydər Əliyevin müstəsna xidmətlərinin məhsuludur. Onun Azərbaycana rəhbərlik etdiyi dövr zəngin tariximizin ən parlaq səhifələrindən olmaqla, bütöv bir epoxadır– tariximizin Heydər Əliyev epoxası.

Zaman insanları daim sınağa çəkir, bərkə-boşa salır. Heydər Əliyevin yük­sək dövlət vəzifələrindən müvəqqəti uzaqlaşdırılması onun başladığı və uzun illər boyu həyata keçirdiyi qurucu­luq işlərinin dayanması ilə nəticələndi. Azərbaycan müstəqilliyini bərpa etdik­dən sonra təbii şəkildə meydana çıxan çətinliklər həyatın bütün sahələrində olduğu kimi, təhsilə də öz mənfi təsirini göstərməyə bilməzdi. Səksəninci illərin sonları, 90-cı illərin əvvəllərində res­publikada həyat bir növ donmuşdu. Bu, bir tərəfdən yaranan tarixi situasiya ilə bağlı idisə, digər tərəfdən ölkəni idarə edən insanların mövcud şəraitdən baş çıxara bilməməsi səriştəsizliyi və təcrü­bəsizliyi ilə əlaqədar idi. İllər boyu ağır zəhmət bahasına əldə olunan nailiyyət­lər, milli-mənəvi dəyərlər bir göz qırpı­mında yoxa çıxdı. Cəmiyyətdə elmə, təhsilə maraq azaldı. Mədəniyyətimizi, təhsilimizi ayaq üstə saxlayan ümum­bəşəri, dünyəvi dayaqlar sındırıldı.Nə­ticədə Azərbaycan cəmiyyəti dünyada gedən mütərəqqi proseslərdən təcrid edilərək tənəzzülə yuvarlandı.

Ən dəhşətlisi bu idi ki, həmin dövrün üzdəniraq rəhbərləri dialektik qanunla­rın tam ziddinə olaraq, səriştəsizlikləri ucbatından gələcəyi deyil, keçmişi ide­alizə edir, tarixin təkərini geri fırlatmağa çalışırdılar. Onların bu “donkixotluğu” ona gətirib çıxartdı ki, təhsil sistemi millətini sevən vətənpərvərlər tərbiyə etmək kimi missiyasından məhrum olundu, bunun yerini isə yabancı mə­dəniyyətlər, xalqın əxlaq tərzinə zidd mənəviyyatlar tutdu. 

Yeri gəlmişkən, bu gün ölkəmizin az qala bütün dini konfessiyalar, say­sız-hesabsız təriqətlər və sektalar üçün poliqona çevrilməsi səbəblərini də məhz o illərdə atılan səhv addımların izində axtarmaq lazım gəlir. Nə yaxşı ki, cəmiyyəti getdikcə dərinləşən tənəz­züldən xilas etmək üçün tale dövlətin idarəetmə sükanını yenidən xilaskarlıq missiyası yerinə yetirməyə yeganə qa­dir ola biləcək tarixi şəxsiyyətə – Heydər Əliyevə həvalə etdi. 

Kim nə deyirsə-desin, tarixdə şəx­siyyətlərin rolu danılmazdır. Materialist dünyagörüşünün əksinə olaraq tarixi bəzən şəxsiyyətlər yaradırlar. Elə böyük insanlar, şəxsiyyətlər yetişir ki, onlar tarix səhnəsindən çıxaraq nəinki təkcə bir xalqın, bir millətin, bütövlükdə, bəşə­riyyətin aparıcısına, tarixin hərəkətve­rici qüvvəsinə çevrilə bilirlər. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, XX əsrin sonunda öz xilaskarlıq missi­yasını yerinə yetirməsi nəinki ölkəmizi böhran və depressiya girdabına yuvar­lanmaqdan xilas etdi, həm də onun dün­ya birliyinə inteqrasiyasını təmin etdi. Və bu minvalla ölkədə həyat öz məcra­sına düşdü, ictimai-siyasi sabitlik bərqə­rar olundu, elmin, təhsilin, mədəniyyətin inkişafı başlandı. Həmin dövrdə təhsili milli tərəqqinin aparıcı amilinə çevirmək üçün ciddi islahatlara ehtiyac duyulur­du. Bu cahanşümül missiyanı da yerinə yetirməyi Heydər Əliyev böyük cəsarət­lə öz üzərinə götürdü.

Beləliklə, 1993-cü ilin ikinci yarısın­dan başlayaraq, Azərbaycan təhsilinin qarşısında yeni üfüqlər açıldı. Təhsil sistemi həm struktur, həm də məzmun etibarı ilə yeniləşməyə başladı. Yeni pedaqoji təfəkkür özü ilə təzə ab-hava gətirdi. Təhsilə yeniləşmiş münasibətin səciyyəvi xüsusiyyətlərindən biri də in­san amilinin qabardılması, önə çəkilmə­si oldu. Nəticədə isə müstəqil düşüncə qabiliyyətinə malik, milli, mənəvi, əxlaqi dəyərləri özündə təcəssüm etdirən əsl vətənpərvərlər yetişdirilməyə başlan­dı. 1999-cu ildə Heydər Əliyevin mü­vafiq sərəncamı ilə hazırlanan “Təhsil sahəsində islahatın Dövlət Proqramı” həm məzmun, həm də formaca daha mükəmməl, daha mütərəqqi və daha səmərəli təhsil sistemi yaratmaq yolun­da atılan yeni addım oldu. Heydər Əliye­vin imzaladığı “Təhsil sisteminin təkmil­ləşdirilməsi barədə” Fərman da məhz bu reallıqdan irəli gələn və çox vaxtında atılan addım oldu. Həmin fərmanda key­fiyyət məsələsinə xüsusi yer ayrılmış, keyfiyyətə nəzarətin müasir mexanizmi­nin hazırlanması bir vəzifə kimi qarşıya qoyulmuşdu. 2001–2002-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” kimi şərtləndiril­məsi də həmin zərurətdən irəli gəlmişdi.

Heydər Əliyevin ən böyük xidmət­lərindən biri də milli hərbi kadrların ye­tişdirilməsi sahəsində göstərdiyi tarixi səylərdir. Onun şəxsi təşəbbüsü və bi­lavasitə iştirakı ilə respublikamızda ilk orta və ali hərbi təhsil sistemi yaradıldı. Bundan başqa, azərbaycanlı gənclər sistemli şəkildə Sovet İttifaqının başqa respublikalarında təhsil almaq üçün ali hərbi məktəblərə göndərildi. Heydər Əliyevin bu sahədəki siyasətinin ma­hiyyətinə və əhəmiyyətinə zamanın­da yetərincə qiymət verilmirdi. Yalnız müstəqillik əldə olunandan, Qarabağ hadisələri baş verdikdən sonra bu müd­rik dövlət rəhbərinin nə qədər uzaq­görən olduğu dərk edildi. Və qürurverici haldır ki. bu gün Azərbaycanın milli or­dusuna rəhbərlik edən yüksək rütbəli zabit heyətinin əksəriyyəti ulu öndər Heydər Əliyevin yaratdığı həmin mək­təblərin yetirmələridir.

Təhsilimizin bu gününü nəzərdən keçirərkən reallıqlar tam əminliklə deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən köklü isla­hatların məqsədi təkcə hərtərəfli biliyə və savada malik insanlar yetişdirmək deyil, həm də müstəqil, demokratik, açıq cəmiyyət quruculuğu işində fəal iş­tirak edən, Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da dərinləşdirməyə qadir olan şəxsiyyətlər tərbiyə etməkdir. Çünki adi vətəndaşlardan tutmuş prezi­dentlərədək hamı təhsil ocağının məh­suludur.

Valeh MİRZƏ

Sosial həyat