Araq “yaraq” deyil

post-img

Soyuqdəymə və qripi evdə özbaşına araq, sirkə və antibiotiklə müalicə etməyin fəsadları barədə rusiyalı həkimlər xəbərdarlıq ediblər. 

Terapevt Yuliya Valeyeva deyib ki, xalq arasında qripi müalicə zamanı ge­niş yayılmış türkəçarələr bitki çayları, araq içmək, buruna soğan, spirt, sirkə çəkmək, antibiotik qəbul etməkdir. La­kin bunların 90 faizi xəstəliyi müalicə etmir. O bildirib ki, çox vaxt xəstələr arağa istiot töküb içməklə bədəni, qanı isidib, mikrobları öldürdüyünü düşünür. Əksinə, bununla orqanizmə əlavə stres verib, selikli qişaları yandırır, daha çox iltihab yaradırlar. O ki qaldı arağa, bu spirtli içki virusa qarşı “yaraq” deyil.

Ağciyərlərdə boğucu öskürək, bəlğəm gələndə isə nəfəs yollarına müxtəlif müdaxilələr edib, antibiotik və bəlğəmgətiricilər içib, vəziyyəti daha da pisləşdirirlər.

Soyuqdəymə və qripdə antibiotik qəbulu rol oynamır, çünki bu dərman­lar virusu yox, bakteriyaları məhv edir. Xəstələnən kimi ailə həkiminə müraciət edib, yataq rejimində olmaq, bol maye içmək lazımdır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat