Bakının gecəsi gündüzə dönür

post-img

Son 5 ildə belə küçələrin sayı 2 min 466-ya çatdırılıb

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Bakı və ətraf yaşayış sahələrinin sosial-iqtisadi inkişafı daim diqqət mərkəzində saxlanılıb, paytaxt və qəsəbələ­rin abadlaşması, müasirləşməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Nəticədə, Bakı­nın adı daim dünyanın ən gözəl şəhərləri sırasında bir az da möh­kəmlənib.

Görülən işlər sırasında paytaxtın küçə və prospektlərinin, eləcə də Ba­kıətrafı qəsəbələrdə küçələrin işıqlandı­rılması xüsusi yer tutub. Bakı Şəhər İcra Hakimiyyətindən aldığımız məlumata əsasən, əgər 2018-ci ildə şəhər üzrə işıqlandırılan küçələrin sayı 1216 idisə, 5 il ərzində bu rəqəm artaraq 2 min 466 olub. Təkcə keçən ilin sonundan başla­nan küçə işıqlandırılması tədbirləri çər­çivəsində nəzərdə tutulan yeni layihəyə əsasən ilk yarım ildə 548 küçədən 320-də işlər başa çatdırılaraq istisma­ra qəbul edilib. Yeni çəkilən küçə işıq­landırılması ilə paralel şəkildə istismar müddəti başa çatan mövcud 82 küçənin işıqlandırma xətləri və elektrik dirəkləri müasir sistemlərlə əvəzlənib. Görülən işlər mərkəzlə yanaşı, qəsəbələri də əhatə edib.

Yeni quraşdırılan işıq dirəkləri qə­naət baxımından əvvəlkilərdən seçilən led lampalarla təchiz olunub. Bundan əlavə, bu lampaların istifadəsi uzun müddət üçün nəzərdə tutulub. Bununla bərabər, işıq dirəkləri vahid idarəetmə sisteminə qoşulub.

Küçələrin işıqlandırılmasında xüsu­si pay sahibi olan Bakı Şəhər İcra Ha­kimiyyətinin tabeliyindəki “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin fəaliyyət sferasına paytaxtın inziba­ti ərazisində yerləşən bir çox binaların fasadlarının, parkların, xiyabanların, küçə, prospekt, tunel və körpülərin gecə işıqlandırılması, balansında olan işıq­landırma sistemlərinə texniki xidmət göstərilməsi daxildir. Eyni zamanda, müəssisənin əməkdaşları tərəfindən texniki xidmətlə yanaşı, plafon lampala­rının dəyişdirilməsi, kabel xətlərində və enerji paylayıcı qurğularda baş verən nasazlıqların aradan qaldırılması, işıq dirəklərinin yuyulması, rənglənməsi, avtoqəzalar nəticəsində yararsız hala düşmüş işıq dirəklərinin bərpası kimi iş­lər həyata keçirilir. 

Bəs, “Azərbaycan Respublikasın­da yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proq­ramı”nın icrası sahəsində bu müəssisə tərəfindən hansı işlər görülüb? “Bakı Şəhər İşığı”ndan sualımıza cavab ola­raq bildirdilər ki, cari ilin birinci yarısında paytaxtın Yasamal rayonunun Mətbu­at, Mikayıl Müşfiq və Tibilisi prospekt­lərində, Xətai rayonunun Cavanşir və Nərimanov rayonunun Əhməd Rəcəbli küçələrindəki köhnə işıqlandırma siste­mində təmir-bərpa işləri aparılıb. Artıq sözügedən ərazilər ən müasir işıqlan­dırma sistemi ilə təchiz edilib. Bundan əlavə, Yasamal və Nəsimi rayonlarının ərazisindən keçən A.Salamzadə küçə­sindəki işıq sistemi tamamilə yenidən qurulub. İlin ötən dövründə şəhid ailələ­rinin yaşadıqları küçələrin işıqlandırıl­ması istiqamətində də zəruri tədbirlər həyata keçirilib, 10 küçədə işıqlandırma sistemi yaradılıb. 

Nizami rayonu sakinlərinin isti­rahət vaxtını səmərəli keçirmələri üçün R.Rüstəmov küçəsində yerləşən park­da müəssisə yeni dirəklər quraşdıraraq işıqlanma təmin edilib. Bildirildi ki, cari ilin 6 ayı ərzində avtoqəza nəticəsində və küləyin təsirindən aşaraq sıradan çıxmış 72 ədəd işıq dirəyi də yerinə bər­pa olunub.

Yanvar–iyun aylarında, paytaxtın 114 küçəsində işıqlandırma sistemini elektrik enerjisi ilə təchiz edən sıradan çıxmış elektrik kabel xətləri demontaj olunaraq yeniləri ilə əvəzlənib ki, bu da gələcəkdə qəzaların baş verməsinin qarşısını almağa imkan yaradacaq. Eyni zamanda, dirəklərin istismar müddətini artırmaq və korroziyadan mühafizə et­mək məqsədilə 417 ədəd işıq dirəyində əsaslı təmir işləri aparılaraq yeni boya ilə rənglənib. 

Hesabat dövründə Heydər məscidi­nin, Xarici İşlər Nazirliyinin inzibati bina­sının, Ali Məhkəmənin, Heydər Əliyev və Atatürk prospekti boyunca yerləşən binaların üzərində quraşdırılmış köhnə fasad işıqları yeniləri ilə əvəzlənərək işıqlanma təmin edilib. İdarədən onu da bildirdilər ki, hazırda paytaxtın 28 işıqlandırılmayan küçəsində yeni işıq­landırma sisteminin quraşdırılması işləri davam etdirilir.

Göründüyü kimi, paytaxt və ətraf yaşayış məntəqələrində işıqlandırılma məsələsi ilə əlaqədar davamlı tədbir­lər həyata keçirilir. Lakin bu, Bakının mərkəzindən kənar ərazilərdə o qədər də diqqət çəkmir, bəzi küçə və magist­ralların axşam və gecə saatlarında zül­mətə qərq olması müşahidə olunur. 

Bu məsələ ilə bağlı mətbuatda tez-tez yazılar verilir, əsasən, paytaxtətrafı yaşayış sahələrinin bir sıra küçələrinin işıqlandırılmasında problemin olduğu gündəmə gətirilir. Bildirilir ki, bəzi pay­taxtətrafı yollarda işıqlandırma ya zəif­dir, ya da, ümumiyyətlə, yoxdur. Belə hallar isə istər təhlükəsizliyin, istərsə də əhalinin rahatlığının təmin olunmaması baxımından ciddi narahatlıq yaradır. 

Yeri gəlmişkən, 2018-ci il dekabrın 28-də yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı qəbul olunub. 2019-2023-cü illəri əhatə edən bu proq­ramın 7 – 7.2 bəndində avtomobil yol­larının işıqlandırılması məsələsinə toxu­nulub. Orada konkret olaraq göstərilib ki, avtomobil yolları müasir standartlara cavab verən süni işıqlandırma sistemlə­ri, qurğuları ilə təmin olunmalı, habelə yolların işıqlandırılmasında alternativ enerji mənbələrindən istifadə edilməli və onların yararlı vəziyyətdə saxlanma­sı üçün mütəmadi şəkildə tədbirlər gö­rülməlidir. 

Ümumiyyətlə, işıqlandırma problemi həm sürücülərin işini çətinləşdirir, həm də piyadaların həyatını böyük risk altı­na atır. Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisindəki yolda ilk dəfə olaraq quraş­dırılan işıqlandırma sistemi bəzi gün­lərdə məlum olmayan səbəblərdən iş­ləmir. Yaxud Xırdalan dairəsi–Binəqədi magistralının son illər işıqlandırma sis­teminə qoşulmasına baxmayaraq, işıq dirəklərindəki lampalar bir neçə aylıq fəaliyyətdən sonra bəzən günlərlə yan­mır. Sürücülərin və piyadaların söh­bətlərində də bu narahatlıq dilə gətirilir.

Yeri gəlmişkən, yol-nəqliyyat qəza­ları əsasən, günün qaranlıq vaxtlarında baş verir. Adətən, belə qəzalara sürü­cünün sürət həddinə əməl etməməsi, təhlükəli manevrlərdən çəkinməməsi səbəb olsa da, küçələrin işıqlandırılma­ması da təhlükəni reallaşdırır. İşıqlandı­rılan küçə və yollarda isə ən azı piyada yaxınlaşmaqda olan nəqliyyat vasitəsi­ni, öz növbəsində, sürücü də yola çıxan maneəni, piyadanı görə bilir…

Ölkə Prezidenti çıxışlarının birində aidiyyəti qurumların rəhbərlərinə Bakı və paytaxtətrafı qəsəbələrin işıqlandırıl­ması ilə bağlı konkret tapşırıqlar verib. Dövlət başçısı bütün yol və küçələrin işıqlandırılmasının zəruriliyini diqqətə çatdıraraq bu məsələnin yol hərəkəti­nin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. 

Yolların işıqlandırılması qəzala­rın müəyyən qədər azalmasını şərt­ləndirməklə bərabər, həm də cinayət hadisələrinin aradan qaldırılmasına əhəmiyyətli təsir göstərir. Başqa sözlə, işıqlandırma amili oğurluq və digər ci­nayət hallarının qarşısının alınmasına əsaslə zəmin yaradır. 

Ərşad HÜSEYNOV,
nəqliyyat üzrə ekspert

Küçə və prospektlərin işıqlandı­rılması yol hərəkətinin təhlükəsizli­yində son dərəcə aktual və önəmli məsələdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda cinayət sayılan, yəni insanların dünyasını dəyişməsi, ağır və ya az ağır xə­sarət almaları ilə bağlı yol-nəqliyyat hadisələrinin statistikasına nəzər salanda görürük ki, belə halların 60 faizindən çoxu məhz sutkanın qa­ranlıq və toranlıq vaxtlarında baş ve­rir. Bu da, həmin vaxtlarda yaranan görünmə məhdudiyyəti ilə bağlıdır. Özü də nə qədər qəribə olsa, bu ha­disələrin 85 faizi yaşayış məntəqələ­rinin: şəhər, qəsəbə və kəndlərimizin küçələrində baş verir. Belə faciəli hadisələr isə ən çox iri şəhərlərin küçələrində qeydə alınır. Bu da bir­başa küçələrin işıqlandırılmaması ilə bağlıdır. 

Biz 10-15 ildir bunu xüsusi qa­bardırıq ki, ölkə ərazisindəki bütün avtomobil yolları, xüsusən də pay­taxtın, rayon mərkəzlərinin, qəsəbə və kəndlərimizin küçələrinin normal şəkildə işıqlandırılması təmin edil­məlidir. Yalnız belə olan təqdirdə cinayət sayılan ağır yol-nəqliyyat ha­disələrinin, bəlkə də, 50 faizi baş ver­məyə bilər. Çünki işıqlandırma təmin edildikdə hərəkət iştirakçıları: sürü­cü, piyada, velosipedçi və yaxud da yol kənarında dayanan şəxs bir-bi­rini qarşılıqlı olaraq görürlər. Bax, küçələrin işıqlandırılması bu baxım­dan vacibdir. Məsələn, piyada yolla hərəkət edəndə qarşıdan bir cüt fa­ranın ona tərəf hərəkət etdiyini gö­rür. Özü də bu zaman onun üst-başı işıqlanır. Həmin anda elə düşünür ki, sürücü onu görür. Əslində belə deyil. Çünki bu zaman əks istiqamət­dən həmin sürücü ilə üzbəüz digər bir nəqliyyat vasitəsi də hərəkətdə olur. Onun da bir cüt farası var. Arxa­dan gələn digər nəqliyyat vasitəsi də onun kimi. Belə olan təqdirdə çox qəribə bir işıq effekti, işıqlanma fonu yaranır. Öndəki gur işıqlar göz bə­bəklərinin daralmasına səbəb olur. Buna uyğun olaraq piyada da çox qısa bir məsafəni görür. Sürücü isə qəflətən onun yoluna çıxan piyadanı yalnız 5-10 metrlik məsafədən hiss edə bilir. Belə məsafədə isə avtomo­bili saxlamaq mümkün olmadığın­dan qəzalar baş verir.

Amma işıqlandırılmış küçə və prospektlərdə 200-300 metr uzaqda hərəkət edən adamı görmək müm­kün olur. Bu zaman sürücü sürəti azaldır, piyadanın hərəkətini izləyə bilir. Göründüyü kimi, küçə işıqla­rının çov böyük faydası var. Əfsus­lar olsun ki, son zamanlar bizdə küçələrin işıqlandırılmasına, sanki, bir bəzək kimi baxırlar. Çoxları elə düşünür ki, bu, küçənin yaxşı gö­rünməsi üçündür. Bu qətiyyən belə deyil. Küçələrin işıqlandırılması yol hərəkəti təhlükəsizliyinin bir nömrəli vacib məsələlərindəndir. 

Düzdür, işıqlandırılmış küçələr estetik cəhətdən daha gözəl, daha cazibədar görünür. Amma bu, ilk növ­bədə, insanların həyat və sağlam­lıqlarının qorunması üçün lazımdır. Yeri gəlmişkən, 2018-ci ilin dekabr ayında qəbul olunmuş yol hərəkə­tinin təhlükəsizliyinə dair Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupun tərkibində mən də təmsil olunmuşam. Həmin sənəddə xüsusi vurğulanır ki, yaşayış məntəqələrinin bütün küçə və prospektləri işıqlandı­rılmalıdır. Özü də şəhər, qəsəbə və kənd fərqi qoyulmadan. 

Dünyada küçələrin işıqlandı­rılması ilə bağlı qəbul olunmuş beynəlxalq standartlar var. Həmin standartlara əsasən, ilk növbədə, avtomagistrallar işıqlandırılmalıdır. Ölkəmizdə də magistral avtomobil yollarının işıqlandırılmasana çox böyük ehtiyac var. Bu baxımdan Bakı-Qazax, Ələt-Astara, Bakı-Şa­maxı, Bakı-Rusiya sərhədi, eləcə də hərəkətin nisbətən az olduğu Yevlax-Zaqatala-Balakən magistral avtomagistrallarının, hətta yolayrı­cılarının işıqlandırılması təmin edil­məlidir. 

Bir sözlə, işıqlandırma ona görə lazımdır ki, piyadalar, sürücülər və digər hərəkət iştirakçıları qarşılıqlı olaraq bir-birini görsünlər. Bundan ötrü də büdcədən vəsait ayrılmalı­dır. Həmin vəsaitdən qənaətlə istifa­də olunmalıdır. Bütün yolların daimi işıqlandırılması təmin olunmalıdır. Özü də bu iş təhlükəsiz şəraitdə, yol­ların işıqlandırması ilə bağlı mövcud beynəlxalq standartların tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. 

Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti” 







Sosial həyat