Namiq Natiq oğlu Seyfəddinli 2019-cu ildə Azərbaycan Tibb Universitetini bitirəndə artıq 6 il idi ki, peşəkar idmanla məşğul olurdu. Karate üzrə I dan qara kəmər ustası çox yarışlarda nailiyyətlər qazanıb. Universitetin hərbi tibb fakültəsini əla qiymətlərlə bitirdiyindən Xüsusi Təyinatlı Qüvvələrə göndərilib. Tibb xidməti leytenantı rütbəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayıb və həmin il Xüsusi Təyinatlı Qüvvələrdə məntəqə rəisi olub. Bir il sonra, Vətən müharibəsi başlayanda Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Əliyevin və polkovnik Tehran Mənsimovun rəhbərliyi altında döyüşlərə qoşulub. Cəbrayıldan Şuşayadək qanlı-qadalı döyüş yolu keçib. Noyabrın 6-da Şuşa istiqamətində artileriya atəşi nəticəsində sol çiynindən yaralanıb.
Namiq Qələbəyə aparan qanlı günləri belə xatırlayır:
– Keçdiyimiz 44 günlük şərəfli döyüş yolunda hər birimiz çalışırdıq ki, əməyimizlə müharibəyə köməyimiz olsun. Mən də bir həkim kimi Xüsusi Təyinatlı Qüvvələrin yanında, döyüş meydanında idim və birbaşa onlara müdaxilə edirdim.Təbii ki, onların tibbi bilikləri də normal idi və ilk yardımı hər biri özünə və yoldaşına edə bilirdi. Amma çətin məqamlarda, ağır yaralılarda mənim müdaxiləm lazım gəlirdi.
Təbii ki, döyüş itkisiz, qansız, şəhidsiz yekunlaşmır, torpaqlarımız elə-belə alınmır. Amma sevinirik ki, heç bir şəhidimizin qanı yerdə qalmadı. Döyüş zamanı çəkdiyim çətinlik o olub ki, mən yaralılardan heç birini arxaya təxliyə edə bilmirdim. Bütün döyüşçülərimiz aldığı xəsarətdən asılı olmayaraq döyüşə davam etmək istəyirdilər. Bəzən sağlamlıqları buna imkan verməsə də, dilə tuturdum ki, müalicənizi alın və geri qayıdın. Bəzən isə 2–3 gün əvvəl təxliyə etdiyimiz əsgərlər ilk tibbi yardım alaraq gəlib bizə çatırdılar ki, orada qala bilmərik. Yəni ki, biz belə ruh yüksəkliyi ilə, bu cür döyüşərək qalib gəlmişik.
Həmsöhbətim bir qədər xəyala dalır, köks ötürür. Yəqin, o günlərin ağrı-acısını gözü önünə gətirir. Sonra yenə söhbətə davam edir:
– Şuşa əməliyyatlarında biz düşmən arxasında olduğumuza görə və ətrafımızda təxliyə yolları olmadığına görə yaralıları geri göndərə bilmirdik və hamısına döyüş meydanında yardım edirdik. Dağ relyefi, hava şəraiti, ağır döyüşü nəzərə alsaq, bu, çox çətin idi. Ancaq şükür ki, bu sınaqdan Azərbaycan Ordusu üzüağ çıxdı, Şuşanı işğaldan azad etdi.
Biz ilk dəfə Cəbrayıl istiqamətindən döyüşlərə başlayanda, ayağım o torpağa dəyəndə içimdə bir həyəcan vardı. 30 ildən sonra doğma torpağa ayaq basırdıq. Bunun gətirdiyi həyəcan və qürur bizə o imkanı, gücü verdi ki, tarixi torpaqlarımızda irəliləyək və torpaqlarımızı işğaldan azad edək. Cəbrayıldan Xocavəndədək olan kəndlər, Hadrut, yanaşı olaraq Xocalının bir neçə kəndi və başlıca istiqamətimiz Şuşa idi. Çox qürurverici anlar idi, mən o günlərdə bütün arxa cəbhə ilə ön cəbhənin yumruq kimi birləşdiyini gördüm. Dərmanlar göndərən həkimlərin və məktəblilərin yazdıqları məktublar bizə güc verirdi. Bilirdik ki, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasını səbirsizliklə gözləyir.
Noyabrın əvvəllərində biz Şuşa ətrafında mövqe tutarkən içimdə böyük həyəcan vardı. Bilirdik ki, Ali Baş Komandana və xalqımıza azadlıq xəbərini vermək necə böyük sevincdir. Həmin vaxt çox ağır yaralılarımız vardı. Hətta bəzən elələri olurdu ki, ümidim qalmırdı ki, təxliyə yerinə gedib çata biləcəkmi? Amma sonradan onların həyatda qaldığını görəndə çox sevinirdim.
Həkimlikdə hərbçi kimi müqəddəs peşə olduğundan ikisini birləşdirmişəm. Döyüşdə həkim olmaq daha çətindir. Çünki dostların, doğmaların və bəzən döyüş yoldaşların çətin vəziyyətə düşəndə səndən kömək diləyirlər. Gücün çatmayan vaxtlar olur... Ayın 5-dən 6-na keçən gecə Şuşanın girişində bir yüksəklikdə top atəşi nəticəsində yaralandım. 9 yaralı ilə gün yarıma Xocalının Çanaqçı kəndinə çatdıq. Sol çiynim tamamilə qopmaq üzrə idi. Qanitirmə olsa da, bir-birimizə dəstək olub düşmənin arxasından öz postlarımızadək gəlib çatdıq. Hospitala təxliyə olunduqdan iki gün sonra kapitulyasiya aktı imzalandı.
...Namiqə dövlət tərəfindən 3-cü qrup əlillik təyin olunub və o, təqaüdə çıxıb. İşlə də təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiısi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində həkimdir. Döyüş yoldaşlarının əlillik təyinatında birbaşa iştirak edir. Ehtiyatda olan zabit və həkim olaraq dövlətimizə xidmət etməyə, mənfur düşmən yenə baş qaldırarsa, Vətənimizin müdafiəsinə qalxmağa hazır olduğunu deyir.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”