“482” yüksəkliyi necə alındı?
Vətən müharibəsinin ilk günlərində “N” saylı briqadanın ən ağır döyüş-lərindən biri Talış kəndinin sol səmtindəki 482 yüksəkliyi uğrunda getdi. Bu istiqamətdə saat 07:30-da düşmən mövqelərinə artilleriya zərbələri endirildi, sonra 482 yüksəkliyinin azad edilməsi ilə bağlı “İrəli!” əmri verildi. Kəşfiyyat bölüyü tank bölüyünün dəstəyi ilə düşmənin möhkəmləndirilmiş iki mövqeyinə hücum etdi.
Əməliyyatın rəhbəri polkovnik-leytenant Bayram İbişov deyir: “Düşmənin ciddi müqavimətinə baxmayaraq saat 09:00-da ermənilərin birinci mövqeyi ələ keçirildi. Döyüşdə dörd şəhid verdik. Baş leytenant İsmət Hacıyev və gizir İsaxan Qəniyev qəhrəmancasına həlak oldular. Onlar Aprel döyüşlərində böyük şücaətlər göstərən qəhrəmanlardan idilər.
Düşmən mövqeyinin ələ keçirilməsi döyüşçülərimiz arasında böyük ruh yüksəkliyi yaratdı. Qarşıda “482” yüksəkliyi dururdu. Canlı qüvvəmiz düşmənin 27 ildə tikib möhkəmləndirdiyi istehkamı – səngəri azad etməli idi. Ermənilər möhkəm tikdikləri dotlardan, səngərlərdən əsgərlərimizə pulemyotlardan atəş açır, minaatanları isə susmurdu. Həm texnikaya, həm də şəxsi heyətə “Kornet”, “Faqot”dan (tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi) durmadan atəş açırdılar.
Onlar əmin idilər ki, illərdi möhkəmləndirdikləri müdafiə səddini yara bilməyəcəyik. Üstəlik də, əsgərlərimizin hücum etdiyi ərazi – düşmən mövqelərinin qarşısı minalanmış sahələr idi. Amma onlar döyüşə atılanların Vətən sevdalı şərəfli Azərbaycan əsgərləri, kəşfiyyatçılar olduğunu unudurdular. Azərbaycan əsgərləri ölümün gözünə dik baxaraq “482” yüksəkliyinə hücuma keçdilər.
Həmin istiqamətdə çox güclü döyüş gedirdi. Bölüklərimiz yüksəkliyə doğru iki istiqamətdən – yan cinahlardan hücuma keçmişdilər. Vəziyyət çox gərgin idi. Lakin yüksəkliyin düşməndən təmizlənməsi əməliyyatı davam edirdi. Bu döyüşdə xüsusi şücaət göstərənlərdən biri kapitan Tamerlan Rəşidli idi. O, hücum əməliyyatı zamanı erməni snayperi tərəfindən ayağından vuruldu, morfi vurulsa da, qanı dayanmırdı. Yaralı zabit döyüş mövqeyini tərk etmədi, arxasınca gələn təxliyə qrupuna qoşulmadı, döyüşü əsgərləri ilə birlikdə davam etdirdi. “QP-25” (qumbaraatan) ilə erməni “Faqot”unu vuraraq onu heyəti ilə birlikdə məhv etdi.
Kəşfiyyatçı-snayper İnqilab Qayıbov isə qrupun hərəkətinə mane olan, onu atəş altında saxlayan 2 erməni snayperini zərərsizləşdirdi və irəliyə yolu təmin etdi. O, “482” yüksəkliyinə hücum zamanı erməni əsgərinin atdığı qumbara nəticəsində yaralandı. Qumbara onun 2-3 metr yaxınlığına düşərək partlamışdı. Qəlpələr İnqilabın bədəninə dolsa da, o özünü itirmədi və düşmənin başından vurdu. Həmçinin kəşfiyyatçı-snayper Rüstəm Rəşidov “OSV-96” snayper silahı ilə düşmənin köməyinə gələn təxminən 10-12 nəfərlik canlı qüvvəni daşıyan texnikanın sürücüsünü məhv etdi, dəstəyin qarşısını aldı.
Döyüşdə xüsusi şücaət göstərənlərdən biri də çavuş Elvin Kərimov idi. Həmin vaxt düşmənin 60 mm-lik minaatanın mərmisi qabaqda gedən dörd nəfərin yanına düşdü. Əjdər Dadaşov, Cahangir Qurbanov və Ayşad Əzizov şəhid oldular. İnqilab Qayıbov isə yenidən ağır qəlpə yaraları aldı. Çox kritik vəziyyət yaranmışdı. Yaralıların köməyinə ilk gələnlərdən Cavidan Abbaslı və Tərlan Qəzənfərovun özləri də yaralı idilər, lakin buna baxmayaraq, digər yaralılara köməklik edir-dilər. Məsələn, Tərlan Qəzənfərovun vəziyyəti ağır olsa da, döyüşə-döyüşə İnqilab Qayıbovu döyüş meydanından çıxararaq “Düşərgə” postuna gətirdi. Dərhal yaralılara həkimlərimiz ilkin tibbi yardım göstərdilər və İnqilab hospitala göndərildi”.
Bu barədə İnqilab Qayıbov deyir: “Avtomatın darağını dəyişdiyim zaman minaatanla olduğumuz yeri vurdular. Özüm heç nə xatırlamıram, yoldaşlarımın dediyinə görə, taqımın aşağıda olan hissəsi toz çəkiləndən sonra yanımıza gəlib. Üç döyüş yoldaşım şəhid olmuşdu. Mənim də öldüyümü zənn ediblər. Bizi qırağa qoyublar ki, tank vala girib irəliləsin. Əli Abbasov deyirdi ki, səni yoxladım, nəbzin vurmurdu. Bədənimdə 50-yə yaxın qəlpə var idi. Yarım saat belə qalmış, sonra ayılmışam. Sağ tərəfimin su olduğunu zənn edirdim. Gördüm ilıqdır, baxdım ki, qandır. Sol çiynimə söykənərək qalxmağa çalışdım, o zaman aşmış və huşumu itirmişəm. Cavidan Abbaslı adlı xidmət yoldaşım məni çiynində aparıb. Düşmən yenidən atəş açanda məni yerə qoyub üstümə çöküb ki, heç nə olmasın. İlkin tibbi yardım göstərildikdən sonra Tərlan Qəzənfərov məni 1500 metr çiynində öz mövqelərimizə aparıb. Oradan isə helikopterlə hərbi hospitala göndərilmişəm”.
Bu zaman ayaq nahiyəsindən bir neçə qəlpə yarası alan Tərlan Qəzənfərov geriyə – döyüş yoldaşlarının yanına döndü. Həmin döyüşdə tank bölüyü də yüksək peşəkarlıq göstərdi. Mayor Ziya Novruzov, tank komandiri, leytenant Murad Məmmədli və tuşlayıcı MAHHXHQ (MAXE) Aqil Hüseynov qüllədəki erməni kamerasını məhv etdilər. Bir neçə saat sonra düşmənin müdafiə xətti yarıldı, texnikalarımız qarşı tərəfin qazdığı xəndəklərdə mövqe tutdu. Polkovnik-leytenant Bayram İbişov bildirir: “Saat 11:00-da yüksəklik ermənilərdən təmizlənərək götürüldü. Döyüşün birinci günü kəşfiyyat bölüyündən on şəhid verdik, on üç nəfər isə yaralımız oldu.
Ermənilər ağır itkilər versələr də, bir neçə dəfə əks-hücuma keçərək yüksəkliyi geri almağa çalışdılar. Qrupda olan kəşfiyyatçı-pulemyotçu Rəşad Tarverdiyev və kəşfiyyatçı-pulemyotçu Vüqar Sarıyev öz “RPK” silahları ilə, kəşfiyyatçı Fərid Məmmədli “QP-25” qumbaraatanı ilə, Azər Süleymanov snayper silahı ilə əks-hücumun qarşısını aldılar, düşmənə ciddi itki verdirərək geri oturtdular".
Ermənilər “482” yüksəkliyini itirmək istəmirdilər. Çünki bu yüksəkliyin alınması bizim Talış və Suqovuşan istiqamətində irəliləməyimizə imkan verirdi. Amma onların səyləri heç bir nəticə vermədi və bizim igidlərimiz sonradan buradan “457” yüksəkliyinin azad edilməsi əməliyyatına başladılar.
Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”