Olimpiya çəki dərəcələri üzrə və gənclər arasında Avropa çempionatlarında iştirak edən millimiz Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları federasiya rəsmiləri, məşqçi-müəllimlər və idmançılar, ailə üzvləri qarşılayıblar.
Yarışlarda uğurla çıxış edərək mükafat qazanmış idmançılar və onların məşqçiləri çempionatla bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüblər.
Taekvondo üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev yığmamızın Avropa çempionatında uğurla çıxış etdiyini və ilk dəfə Olimpiya çəki dərəsində qızıl medal qazanıldığını bildirib: “İdmançılarımız yaxşı formadadırlar. Qitə çempionatına yüksək nəticələr üçün yollanmışdıq. Yarışda böyüklərdən 7 nəfər, gənclərdən isə 13 idmançımız iştirak edib. Hər iki yığma yaxşı nəticə göstərib. Nailiyyətlərin davamlı olması üçün səylərimizi bundan sonra da davam etdirəcəyik”.
Avropa çempionatının qalibi Qaşım Maqomedov jurnalistlərə müsahibəsində yarışa yaxşı hazırlaşdıqlarını qeyd edib. Bildirib ki, potensialından maksimum istifadə etdiyi üçün məmnundur: “Bu, hamımızın uğurudur. Çox sevinirəm ki, bu şərəfli işin öhdəsindən gəldim”.
Gümüş mükafatçı Cavad Ağayev həlledici mərhələdə qızıl medalın bir addımlığında büdrədiyini deyib: “Bəzi kiçik səhvlərə görə qızıl medal qazana bilmədim. İnşallah gələn dəfə baş mükafatı əldə etməyə çalışacağam”.
Gənclər arasında ikinci yeri tutan Səlimə Quliyeva da bəzi xırda səhvlərə görə qızıl medaldan məhrum olduğunu bildirib: “Qızıl medal qazanmaq üçün bütün şanslarım var idi. Amma bəzi məqamlarda kiçik səhvlərə yol verdim. Bütün görüşlərimi qalibiyyətlə başa vursam da, final görüşündə türkiyəli idmançıya məğlub oldum. Buna görə bir az təəssüfləndim. Lakin Vətənə medalla qayıtdığım üçün çox sevinirəm”.
Qeyd edək ki, Estoniyanın paytaxtı Tallində Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatında uğurla çıxış edərək 1 qızıl və 2 gümüş medal qazanan komandamız medal əyarına görə ikinci yeri tutub. Millimiz ümumi komanda hesabında da Avropanın ən güclüləri sırasına düşərək 3-cü nəticə göstərib.
Xatırladaq ki, Olimpiya çəki dərəcələri üzrə Qaşım Maqomedov (58 kq) qızıl, Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medal qazanıblar.
Gənclər arasında Avropa çempionatında isə Azərbaycan yığması 2 medal qazanıb. Taekvondoçularımızdan Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafata sahib olublar.
L.QURBANOVA, “Xalq qəzeti”