Emin PİRİ
Sən azadsan!
Saçımda anamın xınası,
yolların ayaqlarımçün duası,
gözlərimdə hələ bizim olmayan uzaqlıq
deyir:
Sən azadsan!
Sən azadsan!
Ayaqlarım cığırlara yalvarır:
QARABAĞ,
biz sənin övladınıq,
ilk dəfə gördüyün övladlar.
At ayaqlarımızdan uzağa
bətnində gizlətdiyin minaları.
Füzuli, Cəbrayıl, Hadrut cəbhəsi...
Burda ulduzlarla deyil,
hər minamyot mərmisiylə sayırıq
yarım qalan ümidləri,
anaların göz yaşını.
bir döyüşçü sevgilisinin
bətnində ölən arzusunu.
Günlərdir danışmırıq.
bilirəm, narahatsan, ana.
bəlkə gecələri ağlayıb,
şəklimlə ovunursan, ana.
Səni Füzulidən eşidirəm, ana,
Səni Cəbrayıldan görürəm, ana,
Sənə Şuşadan əl yelləyirəm, ana.
Formamda şəhid qardaşlarımın qanı,
gözlərimdə 44 gecənin yuxusuzluğu,
bir az həyəcan, bir az da
sevinc tərinə qarışan geyimim.
Təqvimdəki “8 noyabr”
Qarabağ torpağıyla, palçığıyla
büsbütün vətənləşən bədənimiz
və
bizi gözləyən Azərbaycan
meydanlarda, ürəklərdə, gözləriylə hayqırır:
Sən azadsan!
Sən azadsan!
Xocalı, Sığnax, noyabr, 2020