O gün el-oba Masallı rayonunun Rüdəkənar kəndində Heydər Əliyev Fondu tərəfindən 1-ci Qarabağ müharibəsi şəhidi Arzuman Mirzəli oğlu Qurbanovun ailəsi üçün tikilən fərdi yaşayış evinin açılış mərasiminə toplaşmışdı. Bu, şəhidin ailə üzvləri, xüsusilə də anası – 8 oğul və 1 qız böyütmüş Nabat ana üçün böyük təsəlli idi. Oğul dərdinə dözə bilməyən atası dünyasını dəyişsə də, Arzumanın digər ailə üzvləri hamılıqla burada idilər və şəhid rununun şad edilməsinə sevinirdilər.
Əvvəlcə kənd qəbiristanında şəhidin və atasının məzarları ziyarət olundu, ruhlarına dualar oxundu.
Layihəyə əsasən birmərtəbəli və kürsülü olan təzə evin həyətində keçirilən mərasimdə qeyd olundu ki, şəhid ailələri və qazilər istər dövlət və hökumətimiz, istərsə də Heydər Əliyev Fondu tərəfindən hərtərəfli qayğı ilə əhatə ediliblər. Masallıda da onlara daim həssas münasibət göstərilir, müşkülləri yerindəcə həll olunur. Elə bu yaxınlarda Çaxırlı kəndindən olan Vətən müharibəsi qazisi Nurlan Abbasov üçün də ayrıca ev tikilərək təhvil verilib.
Açılışda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağın erməni işğalçılarından təmizlənməsi ordu–xalq birliyi və Vətən yolunda canlarından keçmiş şəhidlərin xatirəsinin daim əziz tutulmasından danışdı. İki şəhid anası Ziba Əsgərova, Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov, şəhid atası Tofiq Şahbazov və başqaları çıxış edərək ailəyə xeyir-dua verdilər, yeni evdə xoş günlər arzuladılar.
Təzə evin sənədləri Vətən üçün 9 övlad böyütmüş Nabat anaya təqdim olundu. Geniş, işıqlı evə baxış keçirildi.
Şəhidin anası Nabat Qurbanova, onun ad və soyadını daşıyan qardaşı oğlu – 44 günlük Vətən müharibəsinin iştirakçısı, 4 medallı Arzuman Qurbanov göstərilən qayğıya görə razılıqlarını bildirdilər. Onlar Vətən qurbanlarının xatirəsini əziz tutduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.
Xatırladaq ki, Arzuman Qurbanov 1974-cü ildə Rüdəkənar kəndində anadan olub. Kənd məktəbini bitirdikdən sonra Lənkəran şəhərindəki 169 nömrəli orta texniki- peşə məktəbində oxuyub. 1992-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb. Ağdam rayonunun Mərzili, Sırxavənd, Abdal-Gülablı, Fərrux, Qazançı, Güneytəpə kəndlərinin, Xramord yüksəkliyinin düşməndən azad olunmasında iştirak edib. Gülablıda gedən qeyri-bərabər döyüşdə Arzuman ağır yaralanıb, bir müddət Bakıda müalicə olunduqdan sonra cəbhəyə qayıdıb.
Arzumanın son döyüşü Ergi kəndi yaxınlığındakı postda olub. 1993-cü il fevralın 8-də erməni quldurları güclü hərbi texnikanın köməyi ilə qəflətən hücuma keçiblər. Arzumanla yoldaşları döyüşə-döyüşə geri çəkilməyə məcbur olublar. Qəfil açılan düşmən gülləsi ondan yan keçməyib. Yenidən yaralanan Arzuman bir gün sonra dünyasını dəyişib və doğma Rüdəkənar kəndində dəfn edilib. Kənd orta məktəbinə A.Qurbanovun adı verilib.
Çox keçməyəcək ki, yeni tədris ilinə başlayan kənd məktəbliləri bu təzə evin yanından keçərək dərsə gedəcək və qürurla deyəcəklər: “Bu ev məktəbimizin adını daşıdığı şəhid Arzuman Qurbanovun ailəsinindir”.
Ə.ƏLİYEV, “Xalq qəzeti”