Mingəçevirdə belə dialoqlar nöqsanları aşkara çıxarmağa kömək edir
Təcrübə göstərir ki, yerlərdə səyyar görüşlər əhalini narahat edən problemlərin öyrənilməsi və birbaşa həlli baxımından əhəmiyyətlidir. Mingəçevir şəhər rəhbərliyi bu iş üsulunun tətbiqi ilə sosial-iqtisadi məsələlərin operativ həll olunmasına üstünlük verir.
Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü H.Əliyev prospektindəki 72 nömrəli yaşayış binasının qarşısında oldu. Görüşdə icra aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. H.Əliyev prospektindəki yaşayış binalarının sakinləri ilə yanaşı şəhərin digər ərazilərində yaşayan vətəndaşlar da görüşə qatılmışdılar.
Tədbirdə xüsusi vurğulandı ki, Prezident İlham Əliyev vaxtaşırı bölgələrə gedərək, regional inkişaf üzrə proqramların, göstəriş və tapşırıqlarının icrasına şəxsən nəzarət edir, birbaşa görüşlər zamanı əhalinin fikirlərini öyrənir, bu və ya digər məsələ barədə məhz ilkin mənbədən məlumat alır. Qeyd olundu ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin tədbirlər planına əsasən, tez-tez yerlərdə bu cür görüşlər keçirilir. Qaldırılan məsələlər icra nəzarətinə götürülür və həllinə nail olunur. Məsələn, həmin görüşlərin nəticəsi olaraq hazırda şəhərdəki Dostluq Parkında yeni əyləncə mərkəzi yaradılır, həmçinin Sahil Parkı genişləndirilir, Bayraq Meydanında, giriş qapısının ətrafında quruculuq işləri aparılır. Bu il Kürün sağ və sol sahillərində, Energetiklər yaşayış massivində 55 yaşayış binası əsaslı təmir olunacaq, 5 nümunəvi məhəllə yaradılacaq, işıqlanma sistemi təzələnəcək. Şəhər rəhbəri bildirdi ki, əsas məqsəd vətəndaşların istək və arzularına uyğun olaraq problemləri həll etməkdir.
Görüşdə çıxış edən sakinlərdən Yeganə Mirzəyeva, Elçin Əhmədov, Gülnar Məmmədova, Əliyar Bəndəliyev, Təranə Əsədova, Zahid Mirzəyev, Şərafət İmamverdiyeva və başqaları görülən işlərə görə ölkə və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Problemlər dilə gətirildi. İşlə təmin edilmə, kanalizasiya xətlərinin və istilik sisteminin çəkilməsi, səhiyyə xidmətində qayda yaradılması, keçmiş toxuculuq kombinatına məxsus fəaliyyəti olmayan 2 nömrəli uşaq bağçasının ərazisində yaranmış antisanitar vəziyyətin aradan qaldırılması, qurumuş ağacların budanmaması, uşaqlar üçün əyləncə qurğularının sayının artırılması və digər məsələlərlə bağlı müraciətlər edildi.
ŞİH başçısı İlham İsmayılov səslənən məsələlərin həlli üçün aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verdi. Qeyd etdi ki, bu ilin tədbirlər planına əsasən bu ərazidə, 126-cı məhəllədə quruculuq işləri aparılacaq, bura nümunəvi məhəlləyə çevriləcək. Binaların hamısı əsaslı təmir olunacaq, ümumi istifadə sahələrində səliqə-sahman yaradılacaq.
Səyyar görüşdə iştirak edən hər kəs səmimi və işgüzar münasibətdən razı qaldı.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri