Goranboyda ilk dəfə olaraq əkinlərin və əmlakların dayanıqlı sığortası ilə bağlı regional konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, daha sonra Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən fotostendə baxıblar.
Rayon olimpiya-idman kompleksinin akt zalında keçirilən tədbirdə Gəncə-Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən icra kakimiyyəti, bələdiyyə nümayəndələri, fermerlər, sığorta şirkətləri və fermerlərlə birbaşa əməkdaşlıq edən qurumların təmsilçiləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları iştirak ediblər.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev kənd təsərrüfatı işlərinin gedişi barədə məlumat verərək bildirib ki, rayonda aqrar sahənin inkişaf etdirilməsi üçün potensial imkanlar var. Kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən vacib amil kimi qiymətləndirən rayon icra hakimiyyətinin başçısı deyib ki, aprel və iyun aylarında ölkə ərazisində, o cümlədən Goranboyda yağan intensiv yağışlar, dolu, sel-subasma nəticəsində kənd təsərrüfatına ciddi zərər dəymiş, məhsulunu sığortalamayan fermerlər itkilərlə üzləşmişlər.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondu İdarə Heyətinin sədri Fuad Sadıqov qeyd edib ki, kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilərlər. Onun sözlərinə görə, dövlət dəstəkli aqrar sığorta ölkə Prezidentinin fermerlərə xüsusi qayğısının bariz nümunəsidir. “Dövlət fermerləri subsidiyalarla daim dəstəkləyir. Aqrar sığorta da bu dəstəyin davamıdır. Açıq səma altında bir istehsalı təbiət hadisələrindən qorumaq mümkün deyil, ciddi bir hadisə zamanı fermerlər nəinki gözlədikləri gəlirləri, yatırımlarını da itirirlər. Bu hallarda onlara dəstək olmaq, fermerlərin investisiya və qazanclarının etibarlı qorunması məqsədilə dövlət tərəfindən yaradılmış aqrar sığorta fermerlərimizin xidmətindədir”, – deyə o əlavə edib.
“PAŞA Sığorta”nın satış kanalları və nümayəndəliklərin idarə olunması şöbəsinin rəisi Aqil Yaqubov daşınmaz əmlakın icbari sığortlanamasının əhəmiyyətlərindən danışaraq deyib ki, daşınmaz əmlakın icbari sığortasının əsas məqsədi əmlaka dəymiş zərərə görə sığorta təzminatının vaxtında ödənilməsi ilə əhalinin maraqlarını qorumaq və beləliklə də, onların sosial müdafiəsini təmin etməkdir.
Daha sonra əkin sahələrinin və əmlakların sığortalanması mövzusunda müzakirələr aparılıb.
Bütövlükdə isə, yerlərdə fermerlərin aqrar sığorta haqqında maarifləndirilməsi, sığorta ilə bağlı müraciətlərin vaxtında edilməsi istiqamətində birgə fəaliyyətin təşkili konfransın əsas müzakirə mövzusu olub.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri